Tural Abbaslı boykot qərarına məhəl qoymadı

Tural Abbaslı boykot qərarına məhəl qoymadı


Müsavat başqanlığına sabiq namizəd, təsisçisi olduğu “Ağ blok”un təşəbbüsü ilə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd Tural Abbaslı namizədliyini geri götürməyəcəyini bəyan edib. Bunu virtualaz.org saytına açıqlamasında Tural Abbaslı özü deyib. O, hesab edir ki, partiyanın seçkidə iştirakdan imtina etmək barədə verdiyi qərar yalnışdır.

T.Abbaslı onu da vurğuladı ki, partiyanın qərarı namizədliyi partiya tərəfindən irəli sürülən şəxslərə aiddir: “Mən seçkilərə şəxsi təşəbbüsümlə qatıldığıma görə bu məsələdə partiya qarşısında heç bir öhdəliyim yoxdur. Ona görə də namizədliyimi geri götürməyəcək və sona qədər davam edəcəyəm. Həm də biz seçkiyə qatılmaqla bağlı qərar verməzdən öncə bütün nüansları nəzərə almışdıq. Odur ki, bizim üçün dəyişən bir şey yoxdur”.

T.Abbaslının fikrincə, bu günə kimi Azərbaycanda boykot heç bir qüvvəyə siyasi dividend gətirməyib: “Hüquqi baxımdan nəzərə alsaq, parlament seçkilərində yetərsay anlayışı olmadığı üçün boykotun heç bir mənası qalmır. Yəni hətta bu boykot olsa belə seçici iştirakının aşağı olacağı halda belə seçki baş tutmuş sayılacaq. Siyasi baxımdan bu addım seçkilərin legitimlik məsələsinə hesablanıbsa, təəssüflə qeyd etməliyik ki, istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə hökumətin belə bir problemi olmayıb. Ən azından belə bir nümunə yoxdur. Həm də bir ay əvvəl eyni vəziyyətdə qatılmaqla bağlı qərar verib, sonra eyni vəziyyətdə boykot qərarı vermək siyasi uzaqgörənlik çatışmazlığının göstəricisidir. Nəzərə alsaq ki Müsavat adından namizəd olan şəxslər insanlarla görüşüb, onlardan imzalar toplayıb, dəstək alıblar və vədlər veriblər, bu prossesdə bir çox imza toplayan, imza verən kəslər müxtəlif növ təzyiqlərə məruz qalıblar, o zaman partiya namizədləri seçici qarşısında pis vəziyyətdə qoymuş olur. Partiyamızın belə yalnış qərarlarla zəif duruma salınmasını ürək ağrısı ilə izləyirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1065 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...