Əsas Azərbaycan ictimaiyyətinin seçkilərdən razı qalmasıdır - Məzahir Pənahov
Noyabrın 1-də Azərbaycanın təqribən 5,2 milyon seçicisi Konstitusiya haqqını həyata keçirmək - həmvətəndaşların fikrincə, ən layiqlilərini Milli Məclisə seçmək üçün seçki məntəqələrinə gələcəklər. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.
MSK sədri bildirib ki, artıq böyük iş görülüb, bu işə milyonlarla seçici, seçkilərdə iştirak etmək üçün minlərlə namizədlər, onların səlahiyyətli nümayəndələri və müvəkkil şəxsləri, eləcə də on minlərlə müşahidəçi cəlb edilib.
M.Pənahov qeyd edib ki, Milli Məclisə namizədlər qismində 15 siyasi partiyanın və 7 partiyanın təmsil olunduğu 1 partiya blokunun nümayəndələri qeydiyyata alınıb: “Onlar öz hüquqları və vəzifələri barədə məlumatlandırılmalıdırlar. Təşviqat aparmaq üçün onlara yerlər təqdim olunur. Bundan başqa, Konstitusiya və Seçki Məcəlləsinin bütün namizədlərə verdiyi bütün imkanların bərabərhüquqlu icrasını təmin etmək lazımdır. Sayı 35 min nəfərdən çox olan aşağı seçki komissiyalarının üzvlərinə xüsusi qayğı lazımdır. Onların tərkibi mütəmadi yenilənir, bununla əlaqədar onların peşəkar səviyyəsinin artırılması zərurəti yaranır”.
MSK sədri əlavə edib ki, ölkədə müstəqillik illərində seçkilər və referendumlar keçirmək üzrə əhəmiyyətli təcrübə qazanılıb, lakin bu, yenidən maarifləndirici işin aparılması zərurətini istisna etmir: “Maairfləndirici fəaliyyətin aparılması üçün kifayət qədər böyük geniş sahə var və ötən illərin təcrübəsinə əsaslanaraq ümid edirəm ki, görülən səylər öz bəhrələrini verəcək”.
Onun sözlərinə görə, əvvəlki seçkilərə hazılıqla müqayisədə olduqca aşkar dəyişiklik var: “Birincisi, qazandığımız təcrübə sayəsində, bütün bölmələri ilə MSK-nı nəzərdə tuturam, yerlərdə işdə çatışmazlıqlar daha az olub, müvafiq olaraq seçicilər tərəfindən narazılıqlar da azalıb. İllər ötdükcə məsələn, “seçkilər ideal keçirilməlidir” kimi keçmiş sovetdən qalan dəyişməz göstərişlərdən xilas oluruq”.
M.Pənahov bildirib ki, Milli Məclisdə deputat yerlərinə namizədlərin çox olması seçicilərə geniş seçim imkanı verir: “Belə vəziyyət siyasi partiyalara onların fikrincə, ən layiqli namizədləri ictimaiyyətə təqdim etmək imkanı verir. Biz isə qanunun hər nöqtəsinə sadiqik, namizədin və ya onun təmsil etdiyi partiyanın hansı siyasi xəttin tərəfdarı olmasından asılı olmayaraq, sənədlər Seçki Məcəlləsinin tələblərinə cavab verirsə, bütün toplanmış imzalar düzgündürsə, MSK-da qeydiyyat zamanı heç bir problem yaranmır. MSK-nın vəzifəsi hər bir namizəd üçün demokratik prinsiplərə müvafiq olaraq bərabər şərait yaratmaqdır - seçicilərlə görüşmək üçün yerin və əyani təşviqatın, televiziya və radioda, eləcə də yazılı mətbuat səhifələrində seçkiqabağı təşviqatın aparılması üçün efir vaxtının ayrılması”.
MSK sədri diqqətə çatdırıb ki, MSK-nin etdiyi və edəcəyi hər şey əsas prinsipə - şəffaflıq prinispinə cavab verir: “Bunun üçün biz - təkcə MSK deyil, həm də Milli Məclis və Xarici İşlər Nazirliyi – müxtəlif ölkədən olan müşahidəçiləri və beynəlxalq strukturların nümayəndələrini dəvət etmişik. Biz hamı üçün açığıq. Bizim üçün əsas olan Azərbaycan ictimaiyyətinin keçirilmiş seçkilərdən razı qalmasıdır. Nəticəni isə səsvermə günü göstərəcək”.
1023 dəfə oxundu