“Siyasi fəaliyyətimə bir müddət ara vermək fikrindəyəm” Yusif Bağırzadə
“Siyasətdən getməmişəm. Lakin siyasi fəaliyyətə bir müddət ara vermək fikrindəyəm. Bundan sonra partiya ilə əlaqə saxlamaq niyyətim də yoxdur". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri Yusif Bağırzadə deyib. O bildirib ki, istefasının səbəbi hər hansı inciklik yox, məhz səhhətində yaranmış problemlərdir.
Y. Bağırzadə sədri olduğu partiyadan istefa verəndən sonra bir müddət cəmiyyətlə təmasda olmamasının səbəblərini açıqlayıb: “Dediyim kimi, səhhətimdə yaranan problemlərlə əlaqədar partiyadan istefa vermişəm. İstefadan sonra müalicə üçün xaricə getmişdim”. O, AMİP-in qurultayında iştirak etməyəcəyini də söyləyib.
Sabiq AMİP sədri Azərbaycanda parlament seçkilərinin şəffaf keçirilməsi üçün hüquqi əsaslar olduğunu da qeyd edib: "Mərkəzi Seçki Komissiyasının fəaliyyəti göz önündədir. Bu qurum verilən şikayətlərə, müraciətlərə vaxtında və ətraflı cavab verir. Buna görə də hesab edirəm ki, seçkilər şəffaf keçiriləcək”.
O, son günlər Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlərə də münasibət bildirib: ““Gəncə qiyamı”nın qarşısını alan Azərbaycanın milli qəhrəmanı Mədət Quliyevin nazirliyə birinci müavin təyin olunması çox uğurlu seçimdir. Çünki Mədət Quliyevin çox böyük təcrübəsi var. Mədət Quliyev prezidentin bacarıqlı və etimadı doğruldan kadrlarından biridir”.
1017 dəfə oxundu