“Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir” - Fəttah Heydərov
Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətindədir və ən qısa müddətə doğma torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.
F.Heydərov bildirib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən böyük ordusuna çevrilib: “Ermənistan ordusu isə Cənubi Qafqazın ən kiçik ordusudur. Bu artıq dünyaya bir mesajdır ki, biz hər an doğma torpaqlarımızı işğaldan azad etməyə qadirik. Çox təəssüf ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ədalət prinsipini kənara qoyaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumurlar. Lakin həmin qurumlar unudurlar ki, bu gün Azərbaycanda öz doğma yurd-yuvalarına qayıtmaq istəyən, ürəyi vətən həsrəti ilə döyünən, ata-babalarının məzarlarını görmək istəyən insanlar var və onların hüquqlarına bu şəkildə etinasız yanaşmaq olmaz”.
Millət vəkili qeyd edib ki, erməni iqtidarı ölkəni düşdüyü böhrandan xilas etmək yolları barədə düşünə bilmədiyindən, siyasi ritorika ilə məşğuldur: “Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu ölkə rəhbərinin dünyaya, münaqişəyə yanaşmada qərəzli mövqedən çıxış edən beynəlxalq dairələrə layiqli mesajı idi”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm mesajlar verib: “Ordu quruculuğu daim diqqət mərkəzindədir. Azərbaycan ordusu tam üstünlük əldə edib, düşmənə sarsıdıcı zərbələr vurub. Azərbaycan Silahlı Qüvvələri ermənilərin böyük təxribatlarının qarşısını aldı, preventiv zərbələr vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
1027 dəfə oxundu