“Birləşmiş Ştatlar Azərbaycanı güclü ölkə kimi görmək istəyir“ - Sekuta
“Azərbaycan hər zaman Birləşmiş Ştatların vacib tərəfdaşı olub və bu gün də belədir”
APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ADA Universitetində "ABŞ-ın xarici siyasəti və ABŞ-Azərbaycan əlaqələri” mövzusunda məruzəsi zamanı deyib.
O bildirib ki, bu gün iki ölkə arasında əlaqələrin əsas tərəfini məhz azadlıq, bərabərlik və demokratiya ilə bağlı ortaq dəyərlər təşkil edir:
“Bəziləri Azərbaycanın “çətin qonşuluq” məkanında yerləşdiyini qeyd edirlər, lakin bu qonşuluq Avrasiyanın kəsişməsidir. Mən bu yerləşməyə bir imkan kimi baxmağa üstünlük verirəm: təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, demokratiya və insan haqları kimi həlledici və bərabər səviyyədə əhəmiyyətli sahələrdə əməkdaşlıq imkanı kimi. Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq təhlükəsizliyə öz töhfəsini verən bir tərəfdaş kimi tanıyıb. 2001-ci ilin 11 sentyabr hücumlarından sonra prezident Heydər Əliyevin öz kömək əlini uzatmasını və terrorizmə qarşı mübarizədə ölkəsinin sıx əməkdaşlığını təklif etməsini amerikalılar xatırlayırlar. Terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə bu əhəmiyyətli və yüksək qiymətləndirilən əməkdaşlıq indi də davam edir. Bundan əlavə, ABŞ və Azərbaycan silahlı qüvvələri Əfqanıstan, İraq və Kosovada birlikdə xidmət göstəriblər. Azərbaycanın hava məkanından keçməklə Əfqanıstana minlərlə uçuş həyata keçirilib və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək məqsədilə Bakıdan minlərlə yük konteyneri yola salınıb. Bütün bunlarla bərabər, təhlükəsizlik sahəsində - sərhəd təhlükəsizliyinin gücləndirilməsində, nüvə silahının yayılmasının qarşısının alınmasında və insan alverinə qarşı mübarizədə böyük fayda verəcək hələ çox işlər görülə bilər”.
Səfir qeyd edib ki, Birləşmiş Ştatlar və Azərbaycan enerji təhlükəsizliyi sahəsində 20 ildən çoxdur əməkdaşlıq edir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və qaz nəqli üzrə Cənub Dəhlizində əldə olunan tərəqqi, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə dəstəyinin güclü rəmzləridir və Avropa ölkələri üçün enerji marşrutlarının və mənbələrinin diversifikasiyası istiqamətindəki beynəlxalq səylərin əsas elementidir: “Biz eyni zamanda Azərbaycan iqtisadiyyatının diversifikasiyasını, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və digər sektorların inkişafını dəstəkləyirik və Böyük İpək Yolu layihəsinin bir hissəsi olaraq daşınma və digər infrastrukturun inkişaf etdirilməsində Azərbaycana köməklik göstəririk. Təhlükəsizlik və iqtisadi əməkdaşlığımızı davam etdirməklə bərabər, biz eyni zamanda demokratik institutların və proseslərin inkişaf etdirilməsində, qanunun aliliyinin gücləndirilməsində və əsas insan hüquqlarının təmin olunmasında Azərbaycan və azərbaycanlılarla birgə çalışmalıyıq, çünki bu üç sahə bir-biri ilə sıx bağlıdır. Mən hesab edirəm ki, əgər hər hansı bir ölkədə insanlar hökumətin onların qarşısında cavabdeh olduğunu bilsələr və düşüncələrini, istəklərini ifadə edə biləcəklərini dərk etsələr, orada sabitlik və iqtisadi inkişaf olacaq”.
R. Sekuta bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanı güclü, çiçəklənən, sabit və demokratik ölkə kimi görmək istəyir. Onun sözlərinə görə, bu, hər zaman iki ölkənin diplomatik əlaqələrinin hədəfi olub və gələcəkdə də davam edəcək.
1053 dəfə oxundu