Musavatçı gənclərə xəbərdarlıq
“Tural Abbaslının namizədliyini irəli sürdüyü dairədə Müsavat Partiyasının da namizədi də var idi, ancaq təəssüflər olsun ki, onun namizədliyi qeydə alınmadı”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova deyib.
S. Hüseynova bildirib ki, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı və partiyada təmsil olunan bəzi gənclərin təşəbbüsü ilə yaradılan “Ağ blok”un fəaliyyəti barədə məsələ Divanın iclasında müzakirə olunub: “Hesab olunub ki, partiyanın daxilində gənclərə münasibət çox yaxşı olub və belə olan halda hər hansı blokun yaradılmasına və seçkilərdə ayrılıqda iştiraka heç bir zərurət yox idi. Yəni, partiya tərəfindən həmin gənclərə lazımi dəstək veriləcəkdi. Bu baxımdan Tural Abbaslının blok yaradaraq namizədliyini oradan irəli sürməsi Müsavatın nüfuzuna xələl gətirən bir addımdır. Ona görə də Tural Abbaslı və digər gənclərin fəaliyyətinə MNTK-nın iclasında baxılacaq və müvafiq tədbir görüləcək”.
Xatırladaq ki, T. Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Həmin dairədən Müsavat Partiyasının üzvü Məzahir Məmmədlinin namizədliyi isə Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmayıb.
1011 dəfə oxundu