Ölkələrin Azərbaycan uğrunda mübarizəsi başladı ANALİZ
Rusiya ilə Türkiyə arasındakı siyasi gərginlik hər iki ölkənin Azərbaycanla əməkdaşlığa meylini artırıb. Rusiya ilə Türkiyə arasında siyasi gərginlik özünü enerji məsələlərində də büruzə verib. ANS-in məlumatına görə, Rusiyanın "Qazprom" şirkəti "Türk axını" qaz kəmərinin istifadəsini gecikdirəcəyini bildirib. Kəmərin istifadəsi ən az bir il müddətinə təxirə salınıb. Bu da Azərbaycanın "Cənub qaz dəhlizi"nə (CQD) əlavə imkanlar yaradır. Enerji sahəsi üzrə mütəxəssislərin fikrincə, məhz CQD rus qazının Avropaya çatıdırılmasında əsas alternativdir.
"Qazprom"un sədr müavini Aleksandr Medvedyev buna münasibət bildirərkən qeyd edib ki, "Türk axını"nın reallaşdırılması Rusiya ilə Türkiyə arasında hakimiyyətlər arası razılığın nə dərəcədə tez imzalanmasından asılıdır. "Əgər bu, 1 il geri çəkilərsə, dəhşətli heç nə baş verməz", - deyən Medvedyev gecikmənin bir il olacağına işarə edib. O, Türkiyədəki siyasi vəziyyətin də layihənin reallaşdırılması müddətinə təsir etdiyini qeyd edib. "Türk axını"nın reallaşdırılmasına Türkiyədəki siyasi vəziyyət də təsir edir. Noyabrın 1-də keçirilən seçkilərdən sonra yeni hökumət formalaşacaq. Seçkilərin nə ilə nəticələnəcəyini təxmin etmək çox çətindir", - deyən dövlət şirkətinin nümayəndəsi hakimiyyətlər arası razılaşmanın da məhz seçkilərdən sonra formalaşan yeni hökumətlə imzalanacağını bildirib.
Qeyd edək ki, 2014-cü ilin sonunda Türkiyə ilə Rusiya arasında əldə edilən razılığa əsasən, "Türk axını"nın gücü 63 milyard kub metr təşkil etməli idi. Bunun 50 milyard kub metrinin Türkiyə-Yunanıstan sərhədindəki mərkəzə çatıdırılması planlaşdırılmışdı. Qazın qalan hissəsi isə Türkiyənin daxili ehtiyacını ödəmək üçün nəzərdə tutulmuşdu. Lakin layihənin reallaşması elə ilk vaxtlardan maneələrlə üzləşib. Bu maneələrdən biri Türkiyənin Rusiyada qaz qiymətinə endirim istəməsi olub. Rusiya bu təklifə mənfi cavab verəndən sonra tərəflər "Türk axını"nın ixtisar edilmiş versiyasını müzakirə etməyə başladılar. Bu zaman 4 boru xəttindən birinin tikintisi gündəmə gəldi. 16 milyard kub metrlik bu boru xətti ilə yalnız Türkiyənin qaza olan daxili tələbatı ödəniləcəkdi. Lakin indiyədək hətta bu məsələdə də qazın alış-satışı, tikinti üçün icazə məsələləri tam razılaşdırılmayıb.
İki ölkə arasında "Blue Stream" ("Mavi axın") boru xətti ilə Türkiyəyə qaz ixracında da problemlər yaranıb. Belə ki, "Qazprom" əvvəlcə bu xətt ilə Türkiyəyə ötürəcəyi qazın həcmini 3 milyard kub metrə çatdıracağını desə də, sonradan bu artımın 1 milyard kub metr olacağını bildirmişdi. Ümumiyyətlə, Rusiya ilə Türkiyə arasındakı yalnız iqtisadi əməkdaşlıq sahəsində deyil, həm də siyasi gərginlik yaşanır. Bu isə hər iki tərəfin Suriya məsələsində fərqli mövqe tutmalarıdır; Rusiya Bəşər Əsəd hakimiyyətini dəstəklədiyi halda, Türkiyə Əsədin hakimiyyətdən getməsinin tərəfdarıdır.
Bununla bağlı Rusiya Suriyaya ordu göndərib. Sentyabrın 30-da qəbul edilən qərardan sonra isə Rusiya Suriyada hərbi əməliyyatlar keçirməyə başlayıb. Hakimiyyət əsas hədəfin İŞİD terror qruplaşması olduğunu desə də, Qərb və Türkiyə Putinin Bəşər Əsədə müxalif qüvvələrə qarşı mübarizə apardığını bildirib. Bundan sonra Rusiya qırıcıları iki dəfə Türkiyənin hava sərhədini pozub. Hər iki halda Türkiyə Rusiyanın ölkəsindəki səfirliyindən izahat tələb edib. Rusiya ilk dəfə oktyabrın 3-də baş verən hadisəni naviqasiya səhvi olduğunu bildirib. Baş verənlərə Qərb də biganə qalmayıb və Türkiyəni dəstəkləyəcəyini vurğulayıb. Türkiyə də öz növbəsində hava sərhədini pozan rus qırıcılarını vuracağını bildirib.
Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda hər iki ölkə Azərbaycanla enerji sahəsində əməkdaşlıq haqqında müzakirələr aparır. Hətta bu yaxınlarda Azərbaycan Rusiyadan qaz idxalına başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə TANAP-ın tezliklə reallaşdırılmasının vacibliyindən danışıb və bildirib ki, Türkiyə ilə Azərbaycan bu boru xəttinin tikintisini sürətləndirmək niyyətindədir. Bu, "Cənub Qaz Dəhlizi"nin (CQD) əsas hissəsini təşkil edir.
CQD fəaliyyət göstərən və hazırda inşa edilən qaz boru kəmərlərini bir şəbəkədə birləşdirəcək. Eyni zamanda "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının qaz bazarını Azərbaycanın "Şahdəniz" yatağı ilə birləşdirəcək. "Cənubi Qafqaz" (açıq yaşıl zolaq), TANAP (qırmızı zolaq), TAP (göy zolaq) və Nabucco (tünd yaşıl zolaq) boru xətlərinin marşrutu
983 dəfə oxundu