Putin qoşunları xaricə çıxarmaq üçün icazə istədi
Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenko bildirib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər.
Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış edəcəklər.
V. Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb. Qeyd edək ki, məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudiyyəti barədə xəbərlərin artdığı dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər. Xatırladaq ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin edib.
1037 dəfə oxundu