“YAP-ın siyahısından parlamentə 40-45 nəfər keçəcək”

“YAP-ın siyahısından parlamentə 40-45 nəfər keçəcək”


Əli Əlirzayev: “Vaxt vardı bizim İqtisad Universitetində 3 nəfər YAP-çı var idi, biri də mən idim”

YAP-ın seçki siyahısından narazı olan şəxslər də var. Hakim partiyanın qurucularından biri, “91-lər”in nümayəndəsi Əli Əlirzayev “Yeni Müsavat”a müsahibəsində adının siyahıya salınmamasından incikliyini ifadə etdi. İqtisadçı alimlə müsahibəni təqdim edirik:


- Əli müəllim, YAP-ın deputatlığa namizədlər siyahısı barədə fikriniz nədir?

- Mənim adım olmayandan sonra fikrim necə ola bilər? Mən köhnələri tanıyıram, cavanları tanımıram. Yəqin ki, YAP onları yaxşı tanıyır, ona görə namizəd irəli sürüblər. Mən onsuz da proqnoz vermişəm ki, köhnə tərkibin 80 faizi qalacaq, köhnə deputatların əksəriyyəti dəyişməyəcək. Ona görə də burda sensasiyalı məsələ yoxdur. Ancaq irəli sürülən namizədlərin hamısı keçməyəcək, siyahı verilir də, verilməlidir. Amma elə seçki dairələri var ki, qurban olanlar olacaq. Vaxtilə biz də qurban olmuşuq. Bu dəfə də kimlərsə qurban olacaq. Qurbanlıq olana ömrü boyu deyiləcək ki, sənin adını verdik, amma xalq seçmədi, səndən deputat olmaz. Necə ki, mənə dedilər. Belələri seçkiyə nahaq gedirlər, gərək vəziyyəti analiz edəydilər.

- Siz əvvəlcədən kimlərəsə bu kimi məsləhətlər vermisinizmi?

- Onların öz işidir, mən qarışa bilmərəm. Amma deputatların siyahısı dəyişməyəcək ki... 18 dairədə yeni namizədlər irəli sürülüb, onların da bəziləri vəzifəyə gedib, digərləri də çıxdaş olub. Qalanların hamısı deputat olmaq arzusundadır. Ancaq məncə, onların hamısı seçilməyəcək. Burda müxalifət var, fərdi qaydada namizəd olanlar var, digər partiyalar var. O mənada həmin siyahıdan 40-45 nəfəri keçəcək. Ancaq yəqin ki, YAP-da xidmətləri olduğu üçün onları namizəd göstəriblər.

- Elə adamlar tanıyırsınızmı ki, siyahıda adı olmalı idi, amma yoxdur?

- Vallah, başqalarını deyə bilmərəm. Mən özümdən danışa bilərəm. Elə mənim özümün adım yoxdur. Əvvəlcədən də bəyanat verdim ki, adım siyahıda olmasa, müstəqil qaydada seçkiyə qatılmayacağam. Deyə bilmərəm ki, niyə filankəsləri namizəd veriblər, başqalarını yox. Yəqin kimlərinsə xidməti olmayıb ki, verməyiblər. Mənim nəyimə lazımdır gedib başqalarının işinə qarışım. Amma siyahıda köhnə YAP-çılardan heç kəs yoxdur. Qəbul edirəm ki, YAP-ın rayon təşkilatının sədri namizəd olmalıdır. Əli Əhmədovu vermədilər ki, o, vəzifədədir. Amma digər təşkilat sədrləri namizəd olmalıydı. Özləri istəməsə, bu, başqa məsələdir. Prinsipcə, YAP-ın sədri deputat olmalıdır. Ancaq öz tərəfimdən deyə bilərəm ki, mən narazıyam. Düzdür, Siyavuş Novruzov dedi ki, xalq keçən seçkidə məni seçmədiyi üçün namizədliyim verilməyib. Mən də razılaşıram ki, yəqin doğrudan da xalq məni istəmir, gedib öz yerimdə oturum, çörəyimi qazanım. Çünki bundan əvvəl 35 saylı seçki dairəsindən namizədliyimi verdim, İqbal Ağazadə seçildi, hansı ki, YAP-ın siyahısında olduğum halda axır günlərdə mənə qayğı azaldı və İqbal Ağazadə keçdi. Yəqin ki, İqbal Ağazadə yenə seçiləcək və ordan irəli sürülən YAP-çı qurban olacaq. Növbəti seçkidə 34 saylı dairədən namizəd oldum, Gülər Əhmədovanı dəstəklədilər, mənə ən az səs yazdılar. Xalq mənə cəmi 200 səs verdi. İndi yenə də namizəd olmağım düzgün olmaz.

- Siz özünüz hansı dairənin seçicisisiniz?

- Mən özün Suraxanıda yaşayıram, amma qeydiyyatım Xətaidə, 34 saylı dairədədir.

- Ordan seçkiyə Fuad Muradov qatılıb, yəqin ki, gedib ona səs verəcəksiniz...

- Mən seçkiyə gedəcəyəm, baxaq, görək dairədə başqa kimlər var, tək Fuad deyil ki.

- Eldar Sabiroğlunun sərt ittihamları oldu və YAP-dan da ona cavab verildi.

- Mən Eldarın pis adam olduğunu heç təsəvvür də etmirəm. Eldar xidməti olan adamdır. YAP-ın ağır günlərində Eldar orda işləyib, savadlı oğlandır, yaxşı qələmi var. Ona görə də deputat olub. YAP-ın 1-ci siyahısında Eldar deputat olub. Partiya siyahısında 19-cu o idi, 20-ci mən. O keçdi, mən qaldım. Mən rəhmətlik Ziya Bünyadovun ölümündən sonra qanuni yerimə keçdim. Amma Eldarın xidmətləri olub, dövlətə sadiq, Heydər Əliyevi istəyən adamdır. İndi kimlər ondan narazıdır, şəxsi işləridir, istənilən halda xidmətlərinə kölgə salmaq lazım deyil.

- Siyavuş Novruzov onu xəyanətdə ittiham etdi.

- Belə demək olmaz. Bu sözə görə onu məhkəməyə də vermək olar. Kimə xəyanət edib? Dövlətə, xalqa xəyanət etməyib, bu, düzgün deyil. Hər kəs öz danışığına fikir verməlidir. Hansısa fikirlə razılaşmamaq olar, ancaq faktlar əsasında danışmaq lazımdır.

- Adınız YAP-ın siyahısına salınmadıqdan sonra partiyada fəaliyyətinizi davam etdirəcəksiniz?

- Mən YAP-ı yaradanlardanam. YAP-ı yaratdığım günləri yadıma salanda gözlərim yaşarır. Mən fəxr edirəm ki, YAP-ı yaratmışam. Nə olsun ki, bəzi adamlar YAP-ı zəbt edib. Elə adamlar var idi ki, heç YAP-a yaxın da düşmürdülər. Vaxt vardı bizim İqtisad Universitetində 3 nəfər YAP-çı var idi, biri də mən idim. YAP-ın yaradılması zamanı Heydər Əliyevin yanında 10 nəfər var idisə, biri də mən idim. İndi mən bütün bunları qoyum, gedim kimə qulluq edim? Ona görə mən ömrümün axırına qədər YAP-da qalacağam, dövlətimə və xalqıma qulluq edəcəyəm. Elə adamlar var ki, nələrsə deyirlər, Allah göydən baxır. Heç kəsi ittiham etmək lazım deyil. Kiminsə narazılığı ola bilər, hamı istəyir yaxşı yaşasın. O demək deyil ki, onu “xəyanətkar” adlandırasan. Azad, sərbəst ölkədir, hərə öz fikrini deyir. Eldar Sabiroğlunu da vəzifəyə qoymaq, səfir yollamaq olar. Çağırıb söhbət etmək lazımdır ki, o, nə istəyir. Heydər Əliyev rəhmətliyin yaxşı sözü vardı, həmişə mənə deyərdi ki, Əli, filankəs nə istəyir, niyə narazıdır, bəlkə vəzifə, pul istəyir? Narazısansa, onun səbəbləri olmalıdır da. Onsuz da dünya ağır vəziyyətdədir, ölkəmizə də bunun təsiri var. Gördünüz Avropa Parlamentinin qətnaməsi hansı vəziyyət yaratdı?

- Siz də Avroparlamentin qətnaməsinə münasibətdə deputatlar kimi düşünürsünüz?

- Yox, mənim münasibətim fərqlidir. Avropa Parlamenti niyə belə bir sənəd qəbul etməlidir, oturub səbəblərini araşdırmalıyıq. Bunların qarşısını almaq üçün işləmək, səhvləri düzəltmək lazımdır. Gəlin görək kimdir siyasi dustaqlar? Bunları müzakirə etmək üçün Avropa Parlamentinə gedək. Yaxud demokratiya, insan hüquqları ilə bağlı məsələləri araşdıraq, müzakirələr aparaq. İndiki deputatlar bunları bilməlidir. Gələcəkdə nələr baş verəcək, bunların qarşısı qabaqcadan alınmalıdır. Avropa da bizə dost deyil ki. Həmişə təzyiq edəcək.

Ancaq məsələləri sakit şəkildə araşdırmaq lazımdır. Məsələn, mən inanmıram ki, Azərbaycanda Vətənə xəyanət edən adamlar var. Odur ki, adını “vətənə xəyanət” qoyub bəzi adamları həbs etmək düzgün deyil. Azərbaycan xalqı heç zaman öz vətənini başqasına dəyişməz. Elə, obaya, qohuma, torpağa sevgi var bizim xalqımızda. Elə cinayətlər var ki, onları araşdırıb adamları bağışlamaq olar. Deyək ki, ciddi bir cinayət etməyən, 5-6 uşağı olanlar var ki, onun 8 il həbsdə yatmasına ehtiyac yoxdur. Azərbaycan qonşuları ilə də, Avropa ilə də normal münasibətdə olmalıdır. Əks təqdirdə, özümüz əziyyət çəkə bilərik. Avropa ölkələrinin də diktəsi var, reallıqları nəzərə almalıyıq. Mənim az yaşım yoxdur, təcrübəm var. İndiki zamanda xırda hissləri bir kənara qoyub məsələlərə soyuqqanlı şəkildə yanaşmaq lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...