Hökumətləri `vurmaq` üçün yeni vasitə: İfşaedicilər – TƏHLİL
Malayziyanın Putrajaya inzibati mərkəzində bu yaxınlada keçirilən 16-ci Beynəlxalq Antikorrupsiya Konfransında panellərdən biri də “İfşaedicilər”ə həsr olunmuşdu. Plenar sessiyanın adı təxminən belə tərcümə olunurdu: “Onlara aradan çıxmağa imkan verməyin. Araşdıraraq və ifşa edərək həqiqəti deyin”.
Qısaca onu deyim ki, təssüf, indi qlobal dünyada vətəndaş cəmiyyətini və tədqiqat mediasını “ifşaedicilər təsisatı” sürətlə əvəz etməkdədir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının, Avropa Şurasının müxtəlif tədbirlərində əsas məruzəçilər indi QHT və ya media nümayəndələri deyil, onların adı altında maskalanmış ifşaedicilərdir.
“İfşaedicilər” bəzən elə informasiyalar, video və ya audio məlumatlar yayır ki, onları ən yaxşı halda bir neçə nəhəng ölkənin xüsusi xidmət orqanları əldə edə bilər. Məsələ də bundadır. Belə “ifşaedicilər” bir qayda olaraq xüsusi xidmət orqanları ilə və ya digər güc mərkəzlərilə bağlı olurlar. Amma “insan hüquqları müdafiəçiləri” və ya “tədqiqatçı jurnalist” adı altında fəaliyyət göstərirlər. Onlar adətən dünya güclərinin, transmilli şirkətlərin, onların vasitəçilərinin və maraqlarını müdafiə edən qurumlarının əlində alət rolunda çıxış edirlər. Onların əsas hədəfi üçüncü ölkələrdir. Müstəqil siyasət yeridən, ölkəsinin maraqlarını bu güclərə qurban verməyən dövlətlər və hakimiyyətlər məhz belə “ifşaedicilər”in vasitəsilə “vurulur”lar.
Malayziyada keçirilən 16-cı Beynəlxalq Antikorrupsiya Konfransında təşkil olunan bu panel sessiyanın əsas məruzəçilərindən biri də nə qədər təccüblü olsa da, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunya Miyatoviç idi. Xanım utanıb-çəkinmədən danışıdı ki, onun xüsusi şəbəkəsi var və hadisə barədə xəbəri dünyanın ən aparıcı media qurumlarından əvvəl alır. Xanım mandatını unudub və özlüyündə ATƏT üzvü olub “ipə-sapa” yatmayan dövlətlərin və onların hakimiyyətlərinin “ifşası” ilə məşğuldur. Amma çox uğursuz. Görünür, “ifşaediciləri” çox zəifdir. Hansısa ölkələrin xüsusi xidmət orqanlarının yaratdığı “vətəndaş cəmiyyəti” qurumlarının hazırladığı matrialların altına imza atmaq hələ ifşaedici olmaq demək deyil.
Əsl ifşaedicilər kimdir və onları niyə müdafiə edən yoxdur?
Dunya xanımın saxta “ifşaedicilərindən” fərqli olaraq dünyada əsl ifşaedicilər var. Amma onları müdafiə edən yoxdur. Mən onlardan ikisinin adını çəkəcəyəm: Edvard Snouden və Culian Assanc. Bu şəxslər həyatlarını faktik olaraq fəda etməklə bəşəri cinayətləri açıb ortaya qoydular. Onlar insan hüquqlarına qlobal qəsdin qarşısını almaq üçün misli görünməmiş fədakarlıq etdilər. Bəs onda Snoudeni və Assancı niyə müdafiə edən yoxdur? Niyə onların təqibi söz azadlığıa basqı kimi qiymətləndirilmir? Niyə Avropa Parlamenti ABŞ-la bağlı qətnamə qəbul etmir?
Axı onlar ABŞ tərəfindən yüz milyonlarla insanın fundamental hüquqlarına qəsdi ifşa ediblər. Onlar faktik olaraq həyatlarını qurban veriblər - bütün sonrakı ömrünü gizli şəraitdə və ya təqib altında keçirmək, həyatı fəda etməyə bərabər bir əməldir.
Əslində cavab aydındır: ABŞ-a olar. ABŞ-dan hamı qorxmalıdır. ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bu barədə susur. Danışsa, mandatını itirəcək, həm də özünü ifşa edəcəklər. Bəzi QHT-lərlə gizli sövdələşmələrini faş edib göstərəcəklər. Azərbaycanı isə “yıxıb-sürümək” olar. Bu zaman hətta qazancın da olacaq.
“Bizim” “İfşaedicilərimiz”
Bəzi xüsusi xidmət orqanları ilə bağlı olan “jurnalist təşkilatları”nın Azərbaycanla bağlı hazırladığı və özlərinin becərib yetişdirdiyi bisavad “ifşaedicilərə” imzaladıb yaydıqları “matreallar” nə məqsədlə hazırlanıb? Təzyiq üçün. Bu təzyiqin arxasında duran məqsədlər isə o qədər cılız və iyrəcdir ki, onu insan hüquqlarına calamaq sadəcə, həyasızlıqdır.
Azərbaycana təzyiq etmək üçün muzdla tutduqları təsir agentlərindən ötrü dəridən-qabıqdan çıxanlar niyə Snoudeni və Assancı müdafiə etmir, bu barədə yuxarıda yazdıq.
Nə baş verir?
Qeyd etdiyim kimi, ifşaedicilər sürətlə vətəndaş cəmiyyətini və tədqiqat mediasını əvəz etməyə başlayıblar. İndi onları “istehsal” edən “kəşfiyyat fabrikləri” beynəlxalq təşkilatlarda muzdlu himayəçilərə malikdirlər. Beləliklə: Onilliklər ərzində formalaşmış və insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar marionetkalara çevrilirlər. Ölkələrdə əsl vətəndaş cəmiyyətləri süqut edir və onları “ifşaedicilər” əvəzləyirlər. Bu isə yaxşı heç nə vəd etmir.
Sahib Məmmədov / Bakı-Putrajaya-Bakı
Xüsusi olaraq AzVision.az üçün
1017 dəfə oxundu