Avropa Parlamenti - demokratiya carçısı, yoxsa saxtakar?
Ötən gün Avropa Parlamenti gözlənilən “addım” atdı. Yenə də Azərbaycan haqqında saxta ittihamlarla dolu, qərəzli qətnamə qəbul etdi. Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu cür qətnamənin qəbulu heç də təəccüb doğurmur. Çünki Azərbaycanda mühüm tədbirlər ərəfəsində kənardan idarə olunan Avropa Parlamentində ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması qurumda bir ənənəyə çevrilib. Məqsəd isə eynidir. Azərbaycan diqqət mərkəzində olduğu bir vaxtda fürsətdən istifadə edərək ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq və parlament seçkiləri üzərinə indidən kölgə salmaq.
Qətnaməyə nəzər yetirdikdə orada qeyd olunan ittihamların qurama olduğu tamamilə aydın olur. Ənənəsinə sadiq qalaraq Avropa Parlamenti insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı mülahizələr səsləndirir. Bundan başqa, Avropa Parlamenti Azərbaycanda onlarla siyasi partiyanın, yüzlərlə QHT-nin və mətbuat orqanlarının sərbəst fəaliyyət göstərməsini, internet azadlığının tam təmin edilməsini göz ardına vuraraq, məsələlərə yenə də öz “prinsip”lərindən yanaşır.
Avropa Parlamenti qətnaməsində jurnalist Rasim Əliyevin məişət zəminində baş verən qətlini siyasiləşdirməyə çalışır. Bu qətl hadisəsində hamımız kədərləndik və cinayəti törədənləri pislədik. Hadisənin hansısa siyasi səbəbdən deyil, mərhum Rasim Əliyevlə bir qrup insan arasında yaranmış mübahisə nəticəsində baş verdiyi isə artıq hər kəsə məlumdur. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə, azad sözə olan dəstəyini bir daha nümayiş etdirərək hadisəni şəxsən nəzarətə götürdü, cinayətkarların dərhal müəyyən edilərək həbs edilməsi tapşırığını verdi. Belə də oldu. Cinayətkarlar qısa zaman ərzində müəyyən edilərək həbs olundu və hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Ancaq Avropa Parlamenti cinayətkarların sanki cəzasız qaldığı görüntüsü yaratmağa cəhd edərək hadisə ilə bağlı istintaq aparılmasına çağırır.
Özünü demokratiya çarçısı kimi qələmə verən Avropa Parlamenti ABŞ-da canlı efirdə jurnalistlərin qətlə yetirilməsi ilə bağlı səsini çıxarmadı, jurnalistlərə qarşı olan bu qətliamı pisləmədi və bu cinayətə göz yumdular.
Qətnamədə Azərbaycanda korrupsiya hallarının araşdırılmasını tələb edən Avropa Parlamenti yaxşı olardı ki, əvvəlcə öz daxillərində baş verən hadisələrə nəzər yetirsinlər. Avropa İttifaqı ölkələrində stadion, hava limanı tikintisi adı altında milyardlarla avro vəsaitin mənimsənilməsi halları araşdırılmalı və bu özbaşınalıqlara qarşı etiraz edən vətəndaşların səslərinin qəddar şəkildə susdurulmasının qarşısı alınmalıdır.
Yaxşı olardı ki, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Avropa Parlamenti Qərbin yürütdüyü neomüstəmləkəçi siyasət nəticəsində yaranmış, dünyanı xaosa sürükləyən problemlərin qarşısını almağa çalışsın. Avropanın, Qərbin həyata keçirdiyi siyasət Şimali Afrikada, Yaxın Şərqdə və digər ölkələrdə nələrə gətirib çıxardı? Həmin ölkələr tamamilə çökdülər, onların bütün idarəetmə sistemi tamamilə məhv oldu, milyonlarla insan ölümdən, aclıqdan, fəlakətdən canlarını qurtarmaq üçün öz ölkələrini tərk etmək məcburiyyətində qaldı, insanlar yollarda, dənizlərdə həyatlarını itirdilər.
Bu gün Avropa sərhədlərində cəmləşmiş yüz minlərlə insan qeyri-insani davranışla qarşılaşıb. İnsan haqlarının qorunmasından danışan həmin o Avropa ölkələri miqrantları güllələməyə, boğmağa, öldürməyə qərar veriblər.
Yaxşı olardı ki, Avropa Parlamenti bu məsələlərlə də məşğul olsun. İnkişaf edən, sabitliyini qoruyub saxlayan, insanlarının təhlükəsizliyini tam təmin edən Azərbaycandan əl çəksinlər. Azərbaycana Avropa “demokratiya”sı lazım deyil, çünki bu demokratiyanın arxası ilə hansı fəlakətlər gətirdiyini yaxşı görürük.
/Azərbaycan xəbərlər xidməti/
1075 dəfə oxundu