Boykot, yoxsa seçkidə iştirak?

Boykot, yoxsa seçkidə iştirak?

Azər Rəşidoğlu yazır
Boykot, yoxsa seçkidə iştirak?

Seçkini boykot edəkmi? Hər seçkidə olduğu kimi, bu dəfə də əsas müzakirə mövzusu budur. Boykot tərəfdarları hesab edirlər ki, yaranmış situasiyada seçkidə iştirak hakimiyyətə demokratik seçki imitasiyası yaratmağa imkan verəcək. Digər tərəf isə hər şəraitdən istifadə etmək və daralmaqda olan protest elektoratını mobilizə etmək üçün seçkiyə getməyin üstünlüyünü bəyan edir. Bir sözlə, hər seçki ərəfəsində aparılan diskussiyalar yenidən aktuallıq kəsb edib. Hər iki arqumentin özlüyündə yaşamağa haqqı var.

Qeyd edək ki, boykota adətən seçki qanunlarının hakim partiyaların xeyrinə işlədiyi, ədalətli seçki mühitinin olmadığı ölkələrdə əl atırlar. Bundan bir məqsəd də beynəlxalq ictimaiyyətin diqqətini bu adalətsizliklərə, geniş mənada hakimiyyətin legitimliyi məsələsinə çəkməkdir. Bu baxımdan, boykot tərəfdarları haqlıdırlar. Lakin tarix göstərir ki, çox nadir hallar nəzərə alınmamaqla, bu manevr real həyatda işləmir. Ötən seçkilərin təcrübəsi də sübut edir ki, boykotun nəticəsində hakim partiya istədiyini sərbəst şəkildə edir, çoxluq qazanır və hakimiyyət daha da gücləndirir. Seçkinin legitimliyini şübhə altında qoymaq da mümkün olmur. Müxalifətin ümid etdiyi beynəlxalq təzyiq ya olmur, ya da zəif olur və heç nəyi dəyişmir.

Azərbaycanda boykot taktikasından dəfələrlə istifadə edilib. 1998-ci ildə Azərbaycan müxalifətinin önəmli qismi prezident seçkisini boykot etsə də bu, böyük dövlətlərin seçkidə Heydər Əliyevi qalib kimi tanımalarına mane olmadı. Boykot tərəfdarları unutmamalıdırlar ki, Azərbaycan elə də mühüm ölkə deyillər ki, keçirilən seçkilər beynəlxalq diqqətə səbəb olsun. Əksinə daha böyük geostrateji əhəmiyyətə malik ölkələrdə boykot güclü danışıq aləti ola bilər. Azərbaycanda isə beynəlxalq dəstək iqtidarın yanında olub və neft maraqları demokratiyanı üstələyib.

Daha bir nüansa diqqət yetirmək lazım gəlir. Həftələrlə davam edən seçki sonrası etirazlara baxmayaraq, 2003-cü ildə Birləşmiş Ştatlar prezident seçkinin nəticələrini tanıdı. İlk dəfə idi ki, seçkidə müxalifətin qələbə qazanacağı aşkar gözlənilirdi. İqtidar istər daxildən, istərsə də xaricdən təzyiq altında idi. Lakin proseslər müxalifət üçün uğurlu olmadı.

2005-ci ildə seçkidə iştirak edən müxalifət bu seçkini rəsmi nəticələrə görə uduzsa da, ölkənin müəyyən rayonlarında açıq uğur qazandı və hakimiyyət öz opponentləri ilə hesablaşmağa hazırlaşırdı, lakin taktiki səhvlər bunun qarşısını aldı.

Hazırda Azərbaycanda dünya birliyi üçün az-çox əhəmiyyəti olan seçkilər keçiriləcək, odur ki, boykot ona çağıranın məğlubiyyəti ilə bitə bilər.

Ümumiyyətlə, boykot bir çox hallarda müxalifət üçün məğlubiyyətdən də ağır nəticələrə səbəb olur. Belə ki, hakimiyyət möhkəmlənir, elektoratın müxalifətə etimadı sarsılır, o parçalanaraq zəifləyir. Boykotun ən ağır nəticələrindən biri də hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının güclənməsi və sərbəstləşməsi olur. Parlamentlərdəki əksəriyyət çoxluğa malik olmaq “yeni azərbaycanlı”lara istədikləri dəyişikliyini həyata keçirmək imkanı verir. Bu dəyişikliklərdən hakimiyyət öz yerini daha da gücləndirmək üçün faydalanır.
Digər tərəfdən, sərt idarəçiliyi olan iqtidarların olduqları ölkələrdə iştirak və boykot nəticə etibarilə elə də fərq etmir. Belə seçkilərdə kobud qanun pozuntuları, kütləvi saxtalaşdırmalar baş verir.

Üstəlik müxalifətin iştirakı seçkilərə bir növ legitimlik vermiş olur. İştirak etməmək isə hakim partiyanı möhkəmləndirir. Bu mənada iştirak etməmək seçkinin legitimlikdən məhrum edə bilər, lakin nəticəni dəyişə bilməz.

Sərt idarəçilikdə müxalifətin faydalanacağı çox az məqamlar var, lakin qətiyyətlə demək olar ki, boykot bunlardan biri deyil. Belə ki, boykot iqtidara seçkilərdə daha inamlı qələbə qazandırır. Digər tərəfdən, bəzən boykotun yaratdığı pat vəziyyətindəki boşluğu oliqarxiya doldurur.

Ümumiyyətlə, boykotun effektli olması üçün iki amilin olması mühümdür: müxalifətin geniş xalq dəstəyinə malik olması və beynəlxalq ictimai rəyin təzyiqləri. Azərbaycanda bu amilin heç biri yetərincə deyil... (musavat.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...