Əli Həsənov: "Xədicə İsmayılovanın günahı tam sübuta yetirilib"
GUNDEMİNFO.AZ Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun azərtac-a açıqlamasını təqdim edir:
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb. Buna görə də bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, həmçinin bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının məhkəmənin X.İsmayılova ilə bağlı qərarını siyasiləşdirmək cəhdləri yolverilməzdir.
Azərbaycan dövləti söz və məlumat azadlığını, kütləvi informasiya vasitələrinin müstəqilliyini daha da inkişaf etdirmək istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu gün ölkədə yüzlərlə KİV tam sərbəst şəkildə və təhlükəsiz şəraitdə fəaliyyət göstərir, jurnalistlər heç bir maneə olmadan öz vəzifə borcunu yerinə yetirirlər. İnkişaf etmiş Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistlər peşə fəaliyyətinə görə məsuliyyətə cəlb olunmurlar. Bu səbəbdən bəzi xarici dairələrin Azərbaycandakı reallığı təhrif etmək, ayrı-ayrı halları əsassız şəkildə ümumiləşdirərək ölkənin demokratik imicinə xələl gətirmək cəhdlərini qəbuledilməz hesab edirik və onları bu yanaşmadan çəkinməyə çağırırıq.
1099 dəfə oxundu