Montoneqro hava limanı Azərbaycandan üzr istədi
Montoneqro Tivat hava limanında baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfindən üzr istəyib. Bu barədə oxu.az-a Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bir qrup Azərbaycan Respublikası vətəndaşı Xarici İşlər Nazirliyinə müraciət edərək Monteneqronun Tivat hava limanından çarter reysi ilə Bakıya uçuş edən zaman YM6184 saylı reys barəsində hava limanının mərkəzi məlumat lövhəsində Bakı şəhərinin əvəzinə İrəvan yazılmasından ciddi narahat olduqlarını bildiriblər.
“Əsasən ailə üzvləri ilə birlikdə turist səfərində olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən təhlükəsizlik məsələlərini nəzərə alaraq, hava limanının nümayəndələrinə bu narahatlıq ifadə olunsa da, məlumat lövhəsində lazımı düzəlişlər edilməyib.
Azərbaycan Respublikası vətəndaşlarının narahatlığını nəzərə alaraq, Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi məsələ ilə əlaqədar Tivat hava limanının rəhbərliyinə müraciət edib. Tivat hava limanının direktoru Damir Pinjatic tərəfindən diplomatik nümayəndəliyimizə göndərilmiş məktubda Tivat hava limanının rəhbərliyi adından Azərbaycan vətəndaşlarının haqlı narahatlığı və narazılığına səbəb olan bu məsələyə görə rəsmi qaydada üzrxahlıq ifadə olunub.
Bunun heç bir halda məqsədyönlü xarakter daşımadığı, gərgin uçuş dövründə əməkdaşlardan birinin mexaniki səhvi əsasında baş verdiyi və həmin əməkdaş barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü bildirilib. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə olan zaman qanuni əsasda hüquqlarının qorunması və lazımı konsulluq dəstəyinin göstərilməsi Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin prioritet vəzifələrindən biridir”, - deyə o bildirib.
1090 dəfə oxundu