Türkiyədə müvəqqəti hökumətin tərkibi müəyyənləşdi SİYAHI
AKP-nin 11, HDP-nin 3 naziri olacaq, hökumətdə 12 müstəqil nazir yer alacaq
Növbədənkənar parlament seçkisinədək Türkiyəni idarə edəcək hökumətin tərkibi müəyyənləşib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumətdə Ədalət və İnkişaf Partiyası (AKP) 11, Xalqların Demokratik Partiyası (HDP) 3 nazirlə təmsil olunacaq. Bundan başqa hökumətdə 12 müstəqil nazir yer alacaq. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) ardınca Cümhuriyyət Xalq Partiyasının da seçkiyə qədərki hökumətdə təmsil olunmaqdan imtina edib. Avqustun 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğluna müvəqqəti hökuməti qurmaq üçün mandat verəcəyi gözlənilir.
Bu hökumətdə baş nazir və onun 4 müavini, səhiyyə, təhsil, müdafiə, maliyyə, iqtisadi inkişaf,energetika, xarici işlər, gömrük və ticarət, ailə və sosial siyasət nazirlərinin AKP-dən, qida, kənd təsərrüfatı və heyvandarlıq, mədəniyyət və turizm, meşə və su təsərrüfatı işləri nazirləri HDP-dən olacağı ehtimal edilir. İyunun 7-də parlament seçkisindən öncə hökumətdə tərəfsiz nazir kimi təmsil olunan ədliyyə naziri Kənan İpək, daxili işlər nazir Səbahəddin Öztürk, nəqliyyat naziri Feridun Bilginin isə müvəqqəti hökumətdə vəzifələrini qoruyacaqları gözlənilir.
Qeyd edək ki, AKP 2002-ci ildən başlayaraq keçirilən bütün parlament seçkilərində qalib gəlib və təkbaşına hökumət qurub. İyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır.
İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Ötən gün Ə.Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı mandatı ölkə prezidenti Rəcəb Tayib Ərdoğana təhvil verib.
Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır.
1078 dəfə oxundu