Seçkidə maliyyə: kampaniya neçəyə başa gəlir, fond necə qurulur?
Bu il noyabrın 1-də Azərbaycanda parlament seçkisi keçiriləcək. Ölkə konstitusiyasına əsasən, qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər.
Yaşı 25-dən aşağı olmayan hər bir vətəndaş (ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər çıxılmaqla) Milli Məclisin deputatı seçilə bilər.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.
Namizədin xərci
Bəs namizədin seçkidə iştirakı orta hesabla neçəyə başa gəlir? Transparency.az-ın sualını cavablandıran Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, konkret rəqəm söyləmək çətindir: “Bu, namizədin maliyyə imkanından, onun seçki kampaniyasını necə qurmasından asılıdır. Əgər namizəd televiziyada ödənişli çıxış etmək istəyirsə, seçki kampaniyasının xərci 10 min manata, hətta 20 min manata çata bilər. Minimum götürsək, 5 min manatla da seçki kampaniyası aparmaq mümkündür. Namizədin, tutalım, 100 nəfər könüllüsü olarsa, o, seçki kampaniyasını qapı-qapı gəzməklə qura bilər. Könüllü çox olsa, namizədin qeydə alınmasına qədər olan xərci 200 manatı aşmır”.
Gülağa Aslanlı əlavə edib ki, namizədin xərcləri baxımından Bakıdakı dairələrlə regiondakı dairələr arşında fərq var: “Bakıda dairələr kompaktdır. Bir də var, məsələn, Lerik dairəsindən namizəd olasan. 100 kəndin hər birinə getmək lazımdır ki, bu da kifayət qədər xərc deməkdir”.
Seçki Məcəlləsinə görə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər istisna olmaqla) ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Qeydə alınmış namizəd namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə, yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir. Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.
Seçki fondu necə yaradılır?
Seçki prosesində önəmli məsələlərdən biri də seçki fondlarının fəaliyyətinin necə tənzimlənməsidir. Transparency.az qeyd edir ki, Seçki Məcəlləsinə görə, namizədlərin, namizəd irəli sürmüş partiyaların, blokların fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondu yaradılmalıdır.
Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi müvafiq bankda açılır. Həmin hesab namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku yalnız bir xüsusi hesab aça bilər.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna 3 gün müddətində xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla köçürülür.
Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bütün maliyyə əməliyyatları səsvermə günündən sonra 3 gün müddətində dayandırılır.
Hər qəpiyin hesabatı verilməlidir
Xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi qaydasını Mərkəzi Bankla razılaşdırmaqla Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 55 gün qalmış müəyyənləşdirir.
Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz seçki vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur.
Birinci ilkin maliyyə hesabatı müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir. Hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.
İkinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar salınır.
Yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir. Hesabata seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir.
Müvafiq bank həftədə bir dəfədən az olmamaq şərti ilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günündə bir dəfədən az olmamaq şərti ilə Mərkəzi Seçki Komissiyasına namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyalar, siyasi partiyalar bloklarının seçki fondlarına daxil olan və xərclənən vəsaitlər barədə Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada məlumatlar verir. Bu halda avtomatlaşdırılmış dövlət informasiya sistemindən istifadə edilə bilər və bu cür məlumatların yayılmasına yol verilmir.
Müvafiq olaraq dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası səsvermə gününədək iki həftədə bir dəfədən az olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları dərc edilmək üçün kütləvi informasiya vasitələrinə təqdim edir. Müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiyaların bloklarını onların rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.
Kimlər ianə verə bilməz?
Seçki fonduna könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- nizamnamə kapitalında xarici dövlətlər və xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olan hüquqi şəxslərə;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
bu məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə: vətəndaş üçün — soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün — vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını.
Seçki fondunda olan vəsaitə dair sərəncam vermək hüququ həmin fondu yaradan namizədə, partiyaya, bloka məxsusdur. Vəsaitdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
- namizədlərin irəli sürülməsinin müdafiəsi, imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;
- seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi;
- seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.
Namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fonduna könüllü ianələr rabitə şöbələri və ya bank-kredit təşkilatları vasitəsi ilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında yalnız Azərbaycan Respublikasının vətəndaşlarından qəbul edilir.
Hüquqi şəxslərin könüllü ianələri müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə nağdsız köçürülməsi yolu ilə qəbul edilir.
1236 dəfə oxundu