“The Washington Post” və “The Guardian” razılaşdırılmış “atəşkəs” mühitini pozurlar

“The Washington Post” və “The Guardian” razılaşdırılmış “atəşkəs” mühitini pozurlar


“Həqiqətən də faktlar göstərir ki, “The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozmaqda davam edirlər. 2015-ci il iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Azərbaycana səfərindən sonra belə bir təəssürat yarandı ki, Vaşinqton Bakıya barışıq əlini uzadaraq ikitərəfli münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq istəyir. Cənab Hokstaynın ABŞ-ın Azərbaycana dəstək verəcəyi barədə fikirləri də bu nikbinliyə əsas yaratmışdı. İyulun 14-də isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun ABŞ-ın Azərbaycandakı hərbi attaşesi ilə görüşü və Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığın davam etdirilməsinə hazır olduğu barədə bəyanatı bu nikbinliyi əsaslandıran vacib amillərdən biri kimi xarakterizə edilmişdi”.

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan” qəzetində yer alan məqalədə bildirilir.

“Həmin vaxt mətbuat xüsusi olaraq vurğulamışdı ki, cənab Hokstaynın ABŞ təmsilçilərinin ənənəvi “diktat” və “şərtqoyma” ritorikasını təkrarlamaması Amerikanın Azərbaycanla münasibətlərdə bərabərhüquqluluq prinsipini qəbul etməsi kimi başa düşülməlidir. Bundan bir müddət əvvəl Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ikitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər ölkəmizlə yaxın dost ola bilərlər. Buradan isə belə bir qənaət hasil olunurdu ki, əgər ABŞ və Qərb dairələri bu reallığı qəbul edirlərsə, Azərbaycanın milli və suveren hüquqlarına hörmətlə yanaşacaqlarsa, tərəfdaşlıq əlaqələrinin bərpa edilməsi və inkişafı haqda danışılacaq gün o qədər də uzaqda olmayacaq. Bütün bunları nəzərə alan rəsmi Bakı bəzi Qərb dairələrinin uzun müddət Azərbaycana qarşı apardığı ikili siyasətin, hətta l Avropa Oyunları dövründə həm ABŞ Dövlət katibi Con Kerrinin ofisindən, həm də Londondan idarə olunan qərəzli kampaniyaların üzərindən keçməyə hazır olduğunu nümayiş etdirdi”, - deyə yazıda vurğulanıb.

Müəllifin sözlərinə görə, eynilə iyulun 21-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərindən sonra da oxşar mənzərə yarandı. Rəsmi Bakı heç bir şərt irəli sürülmədən Avropa İttifaqı ilə ikitərəfli bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu göstərib. “Bu halda da Azərbaycan hesab etdi ki, bir müddət öncə Böyük Britaniya və Almaniyanın bəzi dairələrinin dirijorluğu ilə beynəlxalq QHT-lər və media tərəfindən Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyası qarşılıqlı əlaqələrin inkişafını əngəlləyən faktora çevrilməməlidir. Qeyd edək ki, hər iki halda qarşı tərəf “böyük-kiçik” ritorikasını dayandırmağı, Qərbin vətəndaş cəmiyyəti institutlarını Azərbaycana qarşı yönəltməməyə hazır olduğunu ifadə edib. Ancaq həmişə olduğu kimi, bu dəfə də “siyasi maraqlar” centlmen razılaşmasına üstün gəldi. Avqustun 1-dən 12-nə kimi rəsmi Vaşinqtonun ruporlarından biri olan “The Washington Post” Azərbaycana qarşı üst-üstə 6 material verdi. Azərbaycanda idarəçilik sistemini bayağı tənqiddən tutmuş Bakıya səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara zidd ittihamlarla dolu belə materialları anti-Azərbaycan kampaniyasının növbəti dalğası kimi qəbul etməmək mümkün deyil. Üstəlik, “The Washington Post” ətrafı media da Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etmək fürsətindən yetərincə yararlanır. Digər tərəfdən də ABŞ- Böyük Britaniya “müştərək” QHT-ləri və mediası da yavaş-yavaş “əzələ nümayişini” intensivləşdirirlər.

Hesab etmək olar ki, ABŞ və Britaniyada baş verən bəzi biabırçılıqları xatırlatmaqla anti-Azərbaycan kampaniyası həvəskarlarının yaddaşlarını təzələməyin vaxtı artıq çatıb. Elə Qərb mediasının yazdığına əsasən, Barak Obamanın prezident seçilməsindən sonra ABŞ-da xüsusi xidmət orqanlarının “daxildə düşmən axtarışı” daha da artıb. 2011-ci ilin noyabrında Nyu-Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı “Uoll striti zəbt et” adlı hərəkata qoşulan yüzlərlə insan həbs olunub. Bu ad altında Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilən aksiyalarda öz peşə borcunu yerinə yetirən jurnalistlər də ABŞ polisi tərəfindən həbs edilib, zorakılıqlara məruz qalıblar. BMT-nin üç hesabatında ABŞ hüquq-mühafizə orqanlarının irqi ayrı-seçkiliyə getdikcə daha çox yol verdiyi xüsusi vurğulanıb. Media da ABŞ polisinin qaradərililərə, Latın Amerikasından olan şəxslərə qarşı kobud hərəkətləri haqqında tez-tez məlumat verməkdədir.

Deyilənlərə nümunə kimi 2014-cü ilin iyununda Nyu-Yorkun Staten İsland yaşayış məntəqəsində Deniel Pantaleo adlı polisin 6 uşaq atası olan 43 yaşlı Erik Harneri öldürməsini və həmin polis məhkəmə tərəfindən azadlığa buraxıldıqdan sonra keçirilən etiraz aksiyalarının qəddar şəkildə dağıdılmasını göstərmək olar. ABŞ-da insan hüquqlarının pozulması hallarının adiləşməsinə dair daha bir nümunə 2014-cü ilin avqustunda Missuri ştatının Ferqyuson şəhərində afroamerikalı 18 yaşlı gənc Maykl Braunun polis əməkdaşı Darren Uilson tərəfindən güllələnərək öldürülməsidir. Məhkəmənin bu dəfə də polisi azadlığa buraxması Ferqyusonda həftələrlə davam edən etiraz aksiyalarına və iğtişaşlara səbəb oldu. Həmin hadisələr zamanı yüzlərlə etirazçı həbs olundu, çoxsaylı işgəncələrə və zorakılıqlara məruz qaldı.

Ferqyuson hadisələrini işıqlandıran jurnalistlər də polisin özbaşınalığından və zorakılığından əziyyət çəkiblər. Ferqyuson polisi iğtişaşları yatırarkən “The Washington Post” və “The Huffington Post” qəzetlərinin jurnalistlərini heç bir səbəb olmadan saxlamış və polis məntəqəsinə aparmış, “Əl-Cəzirə”nin jurnalistinin qarşısına isə qaz bombası atmışdı.

2015-ci il aprelin 19-da ABŞ-ın Merilend ştatının Baltimor şəhərində isə 25 yaşlı Freddi Gray adlı qaradərili gəncin polislər tərəfindən qətlə yetirilməsindən sonra kütləvi etirazlar yenidən vüsət almış və Baltimorda fövqəladə vəziyyətin elan edilməsinə, Milli Qvardiyanın şəhərə yeridilməsinə səbəb olmuşdu. Baltimordakı iğtişaşlar zamanı 210 nəfər həbs edilmiş, çoxsaylı insan təzyiqlərə və zorakılığa məruz qalmışdı. 2014-cü ildə ABŞ-da 458 nəfər polisin açdığı atəşlə həlak olub ki, bu hallar da təkcə ABŞ-da deyil, bütün dünyada ciddi rezonans doğurmuşdu. ABŞ-da polisin qaradərili insanlara qarşı qəddarlığı ağdərili insanlara da sirayət etməkdə, onlar üçün “nümunəyə” çevrilməkdədir. Belə ki, 2015-ci il iyunun 17-də ABŞ-ın Çarlston şəhərində 21 yaşlı ağdərili Dilan Ruf kilsəyə daxil olaraq 9 nəfər qaradərilini güllələmişdi. İsveçin Stokholm Universitetinin professoru Kristian Kristensen insan haqlarının pozulması ilə bağlı “Əl-Cəzirə”yə müsahibəsində bildirib ki, “Ferqüson və Baltimorda yaşanan hadisələr, ölkəni bürüyən etiraz aksiyaları, sadəcə, iki qaradərilinin ölümünə deyil, on illərdir davam edən polis zülmünə və şiddətinə, zorakılığına, irqi ayrı-seçkiliyə qarşı idi”.

Məqalədə qeyd olunur ki, ABŞ-da insan haqlarının vəziyyəti barədə hazırlanan bir sıra hesabatlar da bu ölkədəki gerçəkliyi tam çılpaqlığı ilə ortaya qoyur: “BMT-nin insan hüquqları üzrə komitəsi ABŞ-ı Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarına əməl etməməkdə günahlandırıb. Britaniyalı professor Naycel Rodlinin başçılıq etdiyi komitə Vaşinqtonu sosial şəbəkələrə qanunsuz nəzarət etməkdə ittiham edib, bunu insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib. BMT komitəsinin ittihamı onu göstərir ki, Amerika nəinki öz ərazisində, hətta dünyanın müxtəlif regionlarında belə insanların fəaliyyətinə nəzarət edir. Bu əsasda onları müəyyən ideoloji istiqamətə yönəldir, təzyiqlər göstərir, qanunsuz əməllərə təhrik edir. Bunların nəticəsində minlərlə insanın şəxsi həyatı pozulur, onlar təhlükələrə məruz qalırlar. O cümlədən “rəngli inqilablar” adı altında ayrı-ayrı xarici dövlətlər xarabalığa çevrilir. Təcrübə göstərir ki, həmin proseslərdə çoxlu sayda insan həyatını itirir, ölkələr uzunmüddətli daxili ixtilaflardan əziyyət çəkirlər. Buna misal olaraq İraq, Suriya, Ukrayna, Liviya və başqa ölkələrdə cərəyan edən prosesləri göstərmək olar.

Qeyd edək ki, l Avropa Oyunları dövründə Azərbaycanı hədəfə götürən Britaniya KİV-ləri arasında “The Guardian” nəşri xüsusi canfəşanlıqla seçilmişdi. Bu ilin may-iyun ayları ərzində Azərbaycan haqqında 40 tənqidi məqalə verən qəzet onların 23-nü 4 gün ərzində dərc edərək “kampaniyaçılıqda” az qala Ginnes rekorduna imza atmışdı. Əslində, Azərbaycanın ən qatı reket nəşrləri belə bu “fövqəladə bacarığa” qibtə edə bilərlər. Düzdür, Britaniyada “The Guardian” idarəolunmaz nəşr kimi tanınır. Amma Wikileaks materiallarını yaydıqdan, xüsusilə 2010-cu ildə kraliçanın şəxsi həyatına müdaxilə etdikdən sonra qısa zamanda bu qəzet də ram edildi. Həmin vaxt təzyiqlərlə barışmayan “News of the World” nəşrinin isə həm fəaliyyəti dayandırıldı, həm də rəhbərləri həbs olundu. Üstəlik, elə həmin il Kral Xartiyasının qəbul olunması ilə Britaniyada media üzərində dövlət nəzarəti quruldu, “Guardian” kimi nəşrlər isə 1 milyon funta qədər cərimə olunmaq təhlükəsi ilə üzləşdilər. Medianı susdurmaq və yeri gələndə idarə etmək üçün bundan yaxşı metod düşünüb tapmaq çətindir.

“Guardian” və onun kimilərinin idarə edilməsi həm də onu deməyə əsas verir ki, son günlər Britaniya nəşrlərinin Azərbaycana qarşı fəallaşmasının arxasında bəzi rəsmi izləri axtarmaq lazımdır. Eləcə də “Amnistey İnternational”, “Transparency İnternational” və digər bu kimi qurumların canfəşanlığı da Londondan istiqamətləndirilən anti-Azərbaycan demarşının işartılarıdır. Görünür, Azərbaycan KİV-ləri də bundan sonra Böyük Britaniyada insan haqları, media azadlığı, korrupsiya halları, məmur özbaşınalığı və s. haqqında məlumatlarla yerli ictimaiyyəti ətraflı tanış etməlidir.

Məsələn, bu ilin iyulunda Britaniya Lordlar Palatasının vitse-spikeri Con Süel ciddi qalmaqala görə istefa vermək məcburiyyətində qaldı. “The Sun” qəzetinin dərc etdiyi materialda 69 yaşlı siyasətçinin evində baş vermiş və lentə alınmış seksual orgiyadan və Süelin pozğun həyatından geniş bəhs olunmuşdu. 45 dəqiqəlik videoda qadın alt paltarı və dəri gödəkcə, yəni əxlaqsız qadın paltarı geyinmiş Lordlar Palatasının vitse-spikerinin yüngül təbiətli gənc qızlarla əyləndiyi, hətta kokain iylədiyi əks olunub. Bildirilmişdi ki, Süel bu qızları Britaniya parlamentinin yeməkxanasına belə aparıb. Videoda Süel daha 13 yüngül təbiətli qadınla, hətta Leyboristlər partiyasının bir üzvü ilə seksual əlaqələrindən danışmışdı. Ən maraqlısı isə budur ki, Britaniya Lordlar Palatasının spikeri baronessa D,Soza C.Süelin seksual cinayətlər, fahişəxanalar və fahişəliklə bağlı qanunların işlənib hazırlanmasında yaxından iştirak etdiyini bildirmişdi.

Bu yerdə qısa bir xatırlatmaya ehtiyac duyulur. Bəzi Qərb dairələri, beynəlxalq QHT-lər və media hər hansı ölkədə baş vermiş hadisəni maksimal şəkildə ümumiləşdirməyə çalışır. Onda C.Süelin bu macəralarını əsas götürərək demək olar ki, Britaniyada anti-korrupsiya qanunlarını korrupsionerlər, uşaq hüquqlarının qorunması ilə bağlı qanunları pedofillər, cinayətkarlıqla bağlı qanunları isə cinayətkarlar işləyib hazırlayırlar. 2015-ci ilin martında Devid Uaytın “Britaniya nə dərəcədə korrupsiyalaşıb?” kitabını oxumaqla bu ölkədə əsl həqiqətdə baş verənlər barədə ətraflı məlumat almaq olar”.

Müəllif faktlar əsasında göstərir ki, Böyük Britaniyada pensiya fondları ilə manipulyasiyalar, ipoteka və sığorta sahəsində fırıldaqçılıq, saxtalaşdırmalar, insayder razılaşmaları baş alıb gedir. Müəllif haqlı olaraq soruşur: “Xalqın pulunu əlindən almaq hüquq pozuntusudur, yoxsa özünəməxsus biznes aparmaq forması?”. Qeyd edilir ki, iqtisadi böhrana səbəb olan fəaliyyətə görə heç bir yüksək vəzifəli məmur vəzifəsindən azad olunmadı və hüquqi məsuliyyətə cəlb edilmədi. Çünki bu məmurları durduracaq qanunlar bir-birini əvəz edən hökumətlər tərəfindən ləğv edilib. Hazırkı hökumətin nazirlərindən biri vaxtilə HSBC maliyyə konqlomeratına rəhbərlik edərək vergilərdən yayınma, narkotrafikdən daxil olan çirkli pulların yuyulması, terroristləri maliyyələşdirən bəzi Səudiyyə Ərəbistanı və Banqladeş banklarına yardım göstərilməsinin sxemlərini hazırlayıb. Britaniyanın vergilər naziri isə bankı məsuliyyətə cəlb etmək əvəzinə, pensiyaya çıxaraq orada işə düzəlib. London Sitisi ofşor zonalarda maliyyə əməliyyatlarının 24 faizinə nəzarət edərək bu fəaliyyəti ciddi məxfilik şəraitində həyata keçirir və maliyyə fırıldaqçılarına, qaçaqmalçılara, çirkli pul yuyanlara, sanksiyalara məruz qalmış subyektlərə hərtərəfli yardım göstərir. Beynəlxalq Tax Justice Network təşkilatı bildirir ki, Böyük Britaniya maksimal maliyyə məxfiliyi olan ölkələr sırasına daxildir və əsl “vergi limanıdır”. Devid Uayt qeyd edir ki, hakimiyyət öz agentləri vasitəsilə insanları kütləvi şəkildə izləməklə məşğuldur. Polislər isə dinc fəalların sıralarına daxil olaraq onları neytrallaşdırır və hakimiyyətə qarşı etirazların qarşısını alırlar. Məlumatların oğurlanması və lazımi yerlərə ötürülməsi, yüksək vəzifəli pedofil məmurların müdafiəsi və digər bu tipli cinayətlər Britaniyanın hüquq-mühafizə orqanlarına xas olan xüsusiyyətlərdir.

Bütün bunlar ABŞ və Böyük Britaniyada insan haqlarının pozulması, korrupsiya, polis özbaşınalığı və digər qeyri-qanuni əməllərin geniş vüsət aldığını göstərən faktların çox az bir qismidir. Bu mövzunu davam etdirmək də olar və lazım gəlsə, davam etdiriləcək. Bu halda anlaşılmaz bir məqama dair sual yaranır: Amos Hokstayn və Donald Tusk Azərbaycana nəyə gəlmişdilər?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...