Ayətullah Xamenei: “Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır”

Ayətullah Xamenei: “Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır”

“İslam İnqilabının əvvəlindən bu günə kimi ABŞ İslam Respublikasına zərbə vurmaq üçün müxtəlif düşmənçilik edib”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İranın rəhbər şəxsləri və dövlət işçiləri ilə görüşdə deyib.

“Bu düşmənçilik siyasi, iqtisadi, hərbi və təbliğat xarakterli olub. Bu işlərin hamısının məqsədi çevriliş olub. Bu yeni bir şey deyil. İran İslam Respublikası 40 il bundan öncəki illərlə müqayisədə çox geniş potensiala malikdir və öz hərəkətini davam etdirir. Onların bütün planları uğursuz olub. Bizim düşmənin məğlub olacağına heç şübhəmiz yoxdur”, deyə Ayətullah Xamenei qeyd edib.

Ayətullah Xamenei nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb: “Üç Avropa ölkəsi 2004-2005-ci illərdə nüvə müzakirələrində öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi. Bu gün onlar boyun qaçırmanı və sədaqətsizliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər. Ötən iki il ərzində ABŞ dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir. ABŞ 2231 nömrəli qətnaməni pozub. Avropa ABŞ-ın bu qanunsuzluğuna qarşı bir qətnamə qəbul etməlidir. Avropa öhdəlik götürməlidir ki, İslam Respublikasının regiondakı fəaliyyətlərini və raket məsələsini gündəmə gətirməyəcək. Avropa İslam Respublikasına qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır və ABŞ-ın sanksiyası qarşısında açıq aşkar durmalıdır. Avropa İranın neft satışına zəmanət verməlidir. Avropa bankları İslam Respublikası ilə ticarətə zəmanət verməlidirlər”.

Ayətullah Xamenei həmçinin qeyd edib ki, avropalılar bizim bu istəklərimiz qarşısında səhlənkarlıq etsələr İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır: “Hərtərəfli Birgə Fəaliyyət Planının işləmədiyini görsək, dondurulmuş fəaliyyətlərin yenidən bərpası çıxış yollarından biridir”.

Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...