AKP ilə CHP-nin koalisiya görüşməsi avqustun 10-da baş tutacaq
Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) koalisiya hökumətinin qurulması ilə bağlı Cümhuriyyət Xalq Partiyasında (CHP) görüş keçirmiş nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Nazirlər Kabinetində Keçirilən görüşə mətbuat nümayəndələri buraxılmayıb. Görüşə mədəniyyət və turizm naziri nazir Ömər Çəlik, baş nazirin müavini Numan Qurtulmuş, Avropa İttifaqı naziri Vulkan Bozkır, inkişaf naziri Cövdət Yılmaz, sabiq nazir Lütfi Əlvan, millət vəkilləri Əli Ehsan Arslan, Osman Can və Taha Özhan qatılıb.
2 saat davam edən görüşdən sonra Ömər Çəlik mətbuata açıqlama verib. O, baş nazirə görülən işlər, aparılan müzakirələrlə bağlı ətraflı məlumat verdiyini deyib: “Razılaşdığımız və razılaşmadığımız məqamlar barədə məlumat verdim. Bunlara partiya sədrləri görüşərək qərar verə bilərlər. Hazırlanan hesabat partiyada müzakirə olunacaq. Bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra CHP sədri Kamal Kılıcdaroğlu və onun müavini Haluk Koçu gözləyirik. Baş nazir Kamal Kılıcdaroğlu ilə görüşəcək. Biz bütün variantları müzakirə etməyə hazırıq”.
1191 dəfə oxundu