Azərbaycanlı deputat Avropa İttifaqının üzvlərinə etiraz məktubu göndərib
Milli Məclisin üzvü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvü Rövşən Rzayev bəyanat verib.
APA-nın məlumatına görə, R. Rzayev Brüsseldə fəaliyyət göstərən “Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyan tərəfindən Avropa Parlamentində 25-26 fevral 2018-ci ildə keçirilmiş, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin əsl həqiqətlərini təhrif edən birtərəfli və qərəzli tədbirlərlə əlaqədar qəti etirazını məktub formasında Avropa İttifaqının üzvlərinə çatdırdığını bildirib:
“Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində təşkil edilən bu tədbirlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünü, işğalçılıq və qanlı etnik təmizləmə siyasətini pərdələmək məqsədi daşıdığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması dəvət edilmədən keçirilən tədbirlərin obyektiv müzakirədən tamamilə kənar olduğunu və yalnız erməni təbliğatına xidmət etdiyini bildirmişəm. Həmçinin, Avropa Parlamentində olan sağlam qüvvələri aqressiv separatizmə, işğal və təcavüzə bəraət qazandıran bu tədbirlərdən kənar durmağa və ona qarşı öz etirazlarını bildirməyə dəvət etmişəm. Anti-Azərbaycan fəaliyyətinin ifşası və Azərbaycana qarşı cinayətkar əməllər törətməsi səbəbindən Baş Prokurorluq tərəfindən açılan cinayət işinə görə qorxuya düşən “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyan vəkili “Alter/Egaux” şirkətinin nümayəndəsi vasitəsilə mənə müraciət edərək müştərisinin şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir və onun barəsində deyilənlərin geri götürülməsinə çağırır. Vəkil öz işi ilə məşğul olmaq əvəzinə Azərbaycan Respublikası haqqında siyasi bəyanatlarla çıxış edir”.
Bəyanatda qeyd olunub ki, Ermənistan Respublikasının diktəsi ilə Kaspar Karampetyan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması yönəlmiş fəaliyyətinə, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozduğuna görə Azərbaycan xalqı və dövlətindən üzr istəməli, Azərbaycan əleyhinə çirkin əməllərini dayandırmalı və onun barəsində açılmış cinayət işi çərçivəsində istintaqla əməkdaşlıq etməlidir: “Kaspar Karampetyanın üzv olduğu Erməni İnqilabi Federasiyası - Daşnaksütun Partiyası yarandığı gündən terroru siyasi məqsədlərə nail olmaq vasitələrindən biri kimi müəyyən edib və azərbaycanlılara qarşı çoxsaylı terror əməlləri törədib. Avropa Parlamentinin Etik komitəsi Kaspar Karampetyanla sıx əməkdaşlıq edən bəzi deputatların fəaliyyətini, onların hansı pullar hesabına Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər etdiyini ciddi surətdə araşdırmalıdır. Avropa Parlamentində olan sağlam qüvvələri bu şəxsdən kənar durmağa çağırıram. Azərbaycan Respublikası vətəndaşı, millət vəkili və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvü kimi azərbaycanlı qaçqın və məcburi köçkünlər adından Belçika məhkəməsində və ya digər hüquqi müstəvilərdə Kaspar Karampetyan və erməni lobbi dairələrinin Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətləri faktlar və sübutlarla təqdim etməyə hazıram”.
836 dəfə oxundu