“Fransa hökuməti "Cənub qaz dəhlizi" layihəsini dəstəkləyir” — Fransanın Azərbaycandakı səfiri
– “Ölkə.Az” saytının əməkdaşı Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə müsahibə ilə müsahibə edib.
Həmin müsahibəni təqdim edirik:
– Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Rəsmi Parisin 1991-ci ilin dekabrında belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyıb. Xanım səfir, ötən dövrdə bu münasibətlərin inkişaf dinamikasınu necə dəyərləndirərdiniz?
– Fransa ilə Azərbaycan arasındakı əlaqələr möhkəmdir və son illərdə əhəmiyyətli dərəcədə güclənərək və şaxələnərək inkişaf edib. Siyasi dialoq ən yüksək səviyyədədir. Ölkələrimizin başçıları və nazirləri arasında müntəzəm görüşləri və Minsk qrupunun həmsədri kimi Fransanın rolunu nəzərə alaraq səfir Stefan Viskontinin Qafqaza daimi səfərlərini qeyd etmək olar. Bütün mövzulara xüsusilə, terror riski də daxil olmaqla, regional və beynəlxalq əhəmiyyətli məsələlərə dair inamlı və açıq siyasi dialoq, yüksək texnologiyalara geniş şəkildə yönəlmiş iqtisadi əlaqələrimizlə yanaşı, mədəni və universitetarası əməkdaşlıq, eləcə də prioritet olan Fransa və Azərbaycan regionlarararası əməkdaşlığı inkişaf etdirdik. Dəstəklərini yüksək qiymətləndirərək biz Azərbaycan tərəfdaşları ilə təhsil sahəsində əməkdaşlığın üzərində fəal şəkildə işləyirik, beləcə, ölkənin gənc nəsilinin gələcəyi üçün birgə çalışırıq. Bizim məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır.
– Qarşılıqlı rəsmi səfərlərdən danışardınız.
– Mən əminəm ki, Prezident Əliyevin iradəsi ilə başlayan iqtisadi islahatların davam etdirilməsi ilə bağlı qərarları qeyri-neft sektoruna investisiyaların yatırılmasını və xarici kapitalın iştirakını, xüsusilə də nəqliyyat, ətraf mühit və qida sənayesi sahələrini yalnız təşviq edə bilər. Fransız şirkətləri bu sahələrdə artıq əhəmiyyətli müqavilələr qazanıb.
Mən həm də sevinirəm ki, bu il, bizə, III Fransız Respublikasına yaxın olan və bu baxımdan Azərbaycana dəyərli bir miras qoymuş ilk Azərbaycan Respublikasının 100 illik yubileyini qeyd etmək imkanı verir.
Parlament səviyyəsində ikitərəfli dialoqun yaxşı gələcəyi var. Azərbaycan hakimiyyətinin dəvəti ilə «République en marche» partiyasının Essondan seçilmiş deputatı və Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun yeni sədri, cənab Pyer Alen Rafan noyabrın 2-dən 4-dək Bakıda rəsmi səfərdə olub. Azərbaycanın Fransadakı səfiri Rahman Mustafayev tərəfindən müşayiət olunan cənab Rafan, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, Milli Məclisin sədri və Xarici İşlər Naziri tərəfindən qəbul edilib. O, həmçinin Bakı Fransız Liseyini və Fransız-Azərbaycan Universitetini ziyarət edərək təhsil sahəsində əməkdaşlığımızın mükəmməlliyini vurğulayıb. Mədəniyyət və idman ilə bağlı inkişaf məsələləri ilə çox yaxından məşğul olan cənab Pyer Alen Rafan həmçinin Gənclər və İdman naziri Azad Rəhimovla da görüşüb.
– ElmarMəmmədyarovun cari ilin yanvar ayında Paris səfərində daha çox nələr müzakirə olundu?
– Qeyd edim ki, xarici işlər naziri E.Məmmədyarov yanvarın 16-da Parisdə Avropa və Xarici İşlər Naziri Jan Iv Lö Dryan (Jean Yves Le Drian) tərəfindən qəbul olundu. Azərbaycan nazirinin Fransa hakimiyyəti ilə bu ilk təmasları çox vacib idi. Bu müvəffəqiyyətli səfər, ikitərəfli əlaqələrin yüksək keyfiyyəti və müxtəlifliyini çox yaxşı təsvir etdi. Lö Dryan ilə son dövrdə Azərbaycanın xarici siyasəti, o cümlədən, Avropa İttifaqı ilə əlaqələr, regional təhlükəsizlik, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı müzakirələr aparılıb. Bu görüşdə Fransa şirkətlərinin Azərbaycandakı perspektivləri və universitet əməkdaşlığımız da qeyd olunub.
Nazir Elmar Məmmədyarov ali təhsil, tədqiqat və innovasiya naziri xanım Vidal ilə görüşüb, təhsil və ali təhsil sahələrində ikitərəfli əlaqələrin keyfiyyəti vurğulanıb. Nazirlər bir sıra görkəmli nailiyyətləri - azərbaycan dilinin Şərq Dilləri İnstitutunda (İnalco) tədrisini, Bakı Fransız Liseyinin, Fransız-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyətlərini və Strasburq Universiteti və Azərbaycan Dillər Universitet arasında əməkdaşlığı alqışlayıblar. E. Məmmədyarov fransız tələbələrini Azərbaycanda təhsil almağa dəvət edib.
Avropa və Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lömuən (Jan-Baptiste Lemoyne) Xarici işlər naziri Elmar Məmmədyarovu yanvarın 17-də Parisdə qəbul edib. Görüş zamanı regional kontekst və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Cənab Lemuən və Cənab Məmmədyarov həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Monpölye (Montpellier) Universitetinin vitse-prezidenti tərəfindən bu iki nüfuzlu qurum arasında əməkdaşlıq konvensiyasının imzalanması mərasiminə qatılıb.
– Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Bu istiqamətdə Fransa ilə əməkdaşlıq qane edicidirmi?
– Fransız şirkətləri enerji (TOTAL), nəqliyyat (ALSTOM, THALES, IVECO, SYSTRA), ətraf mühit (SUEZ, CNIM), kənd təsərrüfatı və qida sənayəsi (LACTALIS, DANONE), otel sənayesi (ACCOR), aeronavtika və kosmik (AIRBUS, THALES) və ya investisiya bankı (SOCIETE GENERALE) Azərbaycanın gələcək sektorlarında yaxşı yer tuturlar.
Bu yaxınlarda bizim şirkətlər müqavilələr qazanıblar. THALES-in Bakı hava limanında hava nəqliyyatının idarə olunması mərkəzinin yaradılması müqaviləsi buna misaldır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ticarət əlaqələrimizdən ən çox bəhrələnən Azərbaycan tərəfidir, Fransa tərəfində 0,5 milyard avro kəsir qeydə alınmışdır.
Vurğulamaq istərdim ki, bizim əməkdaşlığımız xüsusilə nəqliyyat sahəsində güclüdür : IVECO paytaxt üçün avtobus təmin edib və ALSTOM Bakı-Tiflis-Qars dəmiryol xəttinin Azərbaycan seqmentləri üçün 50 lokomotiv çatdıracaq. Ilk catdırılma keçən ilin sonunda həyata keçirildi.
Fransa Azərbaycan üçün tək mühüm ticarət tərəfdaşı deyil, həm də ölkədə ilk on xarici investorlardan biridir : bizim investisiyalarımız əsasən karbohidrogenlər və daha az dərəcədə tullantıların təmizlənməsi sahələrində cəmləşiblər (Bakı məişət tullantıları emalı zavodu).
– Azərbaycanla Fransa arasında investisiyalar və qaz ixracı barədə nə deyə bilərsiniz?
– Qaz sektorunda Abşeron qazının istismarı üçün ARDNŞ və TOTAL arasında böyük tərəfdaşlıq olduğunu bilirsiniz. 2017-ci ilin may ayında sonuncu "Xəzər Neft və Qaz" sərgisində elan edildiyi kimi, bu sahəyə əhəmiyyətli investisiyalar yatırılacaq. ARDNŞ ilə TOTAL birgə müəssisəsi 2017-ci ildə yaradılıb və qazma işləri davam etdirilir. TOTAL şirkətinin ölkədəki fəaliyyətini inkişaf etdirməyə hazır olduğunu vurğulamaq istərdim və şirkət xüsusilə də yeni qaz yataqlarının gələcəkdə istismarı ilə maraqlanır.
Gələcəkdə Azərbaycanın qaz hasilatına qatılmaqdan məmnunuq və biz həm də "Cənub qaz dəhlizi" layihəsini dəstəkləyirik.
Fransız şirkətlərinin investisiyaları üçün çox perspektivli digər bir sahə - nəqliyyatdır. 2017-ci ilin may ayında Azərbaycan - Fransa Ticarət Palatası tərəfindən təşkil edilmiş nəqliyyat və logistika üzrə seminarda bir çox fransız şirkətləri öz təcrübələrini təqdim edə bildi, bəziləri isə Azərbaycana sərmayə qoyuluşu səmərəliyini araşdırdıqlarını bildirdilər.
Ölkənin əsas nəqliyyat layihələri (Ələt limanı, dəmir yolu dəhlizləri) şirkətlərimiz tərəfindən diqqətlə izlənir. Dəmir yol təmir işlərinə 110 milyon avrodan artıq maliyyə yardımı ilə Fransa İnkişaf Agentliyi (AFD) Şərq-Qərb dəmir yolunun inkişafına yardım edir. Biz Şimal-Cənub dəhlizi və Ələt limanı layihələrini böyük maraqla izləyirik.
Azərbaycanın məqsədi - regional və nəqliyyat mərkəzi olmaqdır, bu isə fransız şirkətləri ilə əməkdaşlıq üçün böyük potensial təşkil edir və biz bunu həm də regionun iqtisadi inkişaf vasitəsi kimi görürük.
– Fransanın 40-a yaxın şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsi də artmaqdadır. Ümumiyyətlə, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hansı addımlar atılmalıdır?
– Əlbəttə ki, fransız şirkətləri Azərbaycan hakimiyyətinin arzu etdiyi iqtisadi diversifikasiya fəaliyyətini dəstəkləməyə hazırdır.
Həmçinin qeyd etmək istərdim ki, Prezident Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafına yönəlmiş iqtisadi islahatların başlanmasından sonra, daha çox kiçik və orta fransız şirkətləri Azərbaycan bazarının inkişaf imkanları ilə maraqlanırlar.
Müvafiq xidmətlərdən əlavə, bu şirkətlər keyfiyyətli avadanlıq, şərab zirzəmisi, ticarət mərkəzləri üçün daxili dizayn elementləri təklif edə bilərlər. Biznes mühitinin yaxşılaşdırılması daha çox KOM-un cəlb edə bilər.
Fransa kənd təsərrüfatı və qida sənayesi kimi bir çox sahələrdə beynəlxalq tanınmış təcrübəyə malikdir.
2017-ci ilin may ayında Prezident Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın açılış mərasimində iştirak etdikləri "CaspianAgro" sərgisi çərçivəsində fransız şirkətlərinin təcrübələrinin və beynəlxalq bazarlarda mükəmməlliyinin təşviqilə məşqul olan “Business France” operatorunun himayəsi altında üzümçülük və bağçılıq sahəsində ixtisaslaşan çoxsaylı fransız şirkətləri Bakıya səfər etmişdi.
Bu münasibətlə kənd təsərrüfatı nazirinin müavini Cənab Seyfəddin Talıbovun iştirakı ilə seminar təşkil edilmişdi. Fransız şirkətlərinin bu səfəri bizim kənd təsərrüfatı sahəsində əlaqələrimizi gücləndirməyə imkan verdi. Bu sahə, Azərbaycanın iqtisadi diversifikasiyasını gücləndirmək məqsədilə, hökümət tərəfindən prioritet kimi təyin edilib.
– Azərbaycan və Fransa arasında çoxsaylı humanitar tədbirlər həyata keçirilir. Mümükünsə bu barədə danışardınız.
– Digər aparıcı sahə, yeni informasiya və rəqəmsal texnologiyalar orta müddətlidir.
START-UP və böyük fransız şirkətləri son "Bakutel" sərgisində iştirak etdilər və prezident Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva onlarla görüşmək üçün Fransa pavilyonuna baş çəkdilər.
Azərbaycan "elektron hökumət" sahəsində beynəlxalq səviyyədə tanınmış təcrübəyə malikdir. Ölkə bu təcrübəni bölüşməyə hazırdır və təhlükəsizlik və məlumatların qorunması üçün yüksək gözləntilərə malikdir. İKT-nin gələcək perspektivli ekosistemi var və bölgədə istinad olacaq rəqəmsal infrastrukturlara sərmayə qoyur.
– AZAL ilə Fransız aviaşirkətlərinin əməkdaşlığı hansı səviyyədədir?
– AZAL-ın prezidentinin Cahangir Əsgərovun iştirakı ilə Heydər Əliyev Beynəlxalq Hava limanında hava nəqliyyatının idarə olunması mərkəzinin açılışı münasibətilə THALES şirkətinin beynəlxalq icraçı direktoru Rafael Eskinazinin fevralın 8-də Bakıya səfərini qeyd etmək istərdim.
Cənab Eskinazi, Prezident İlham Əliyev tərəfindən qəbul edildi. ASEC Uçuşları İdarəetmə Mərkəzi, THALES tərəfindən hazırlanmış və ən qabaqcıl texnologiyaları təklif edən, regionda istinad hava mərkəzi olmaq istəyən Bakı hava limanında uçuşların əhəmiyyətli artımının öhdəsindən gəlməyə imkan verəcək.
– İki ölkə arasında təhsil və mədəni əlaqələr qane edicidirmi?
– Təhsil və mədəniyyət sahəsində mövcud olan ikitərəfli tərəfdaşlıqımız vacibdir və keyfiyyətlidir. Bizim tərəfdaşlıqımız yüksək səviyyəli, çoxdilli azərbaycanlı məzunların bir nəslinin yaranmasına və ölkənin diversifikasiyasının və ya iqtisadiyyatının uğurlu olmasına töhvə verəcək. Bildiyiniz kimi, Avropa və Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist Lömuən (Jan-Baptiste Lemoyne) keçmiş təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Fransa-Azərbaycan universitetinin açılış mərasimi ilə əlaqədar 2017-ci il sentyabrın 15-dən 16-dək Bakıya rəsmi səfər etmişdi.
Azərbaycan və Fransa prezidentləri tərəfindən 2014-cü ilin may ayında rəsmən elan edilmiş UFAZ (Fransa -Azərbaycan universiteti), UNISTRA ilə Bakı Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlığından yaranıb. Beləliklə, 2017-ci ilin sentyabrı Fransa-Azərbaycan Universiteti (UFAZ) üçün yeni bir mərhələ oldu, gözəl təmir edilmiş binada yüksək hazırlıqlı tələbələri qəbul etdi. Kimya, geofizika, informatika və neft fənləri, Strasburq Universiteti, Renn Universiteti və Neft və Sənaye Universiteti arasındakı parlaq əməkdaşlıq sayəsində tədris olunur.
Mən bunu da qeyd etmək istərdim ki, mədəniyyət sahəsində Fransa ilə Azərbaycan arasında tərəfdaşlıq həm Bakıda, həm də regionlarda inkişaf edir. Bu, xüsusilə Azərbaycandakı Fransız İnstitutunun (İFA) fəaliyyətinin nəticəsidir, onun vəzifəsi fransız dilini inkişaf etdirmək və Azərbaycanla Fransa arasında tədbirlər təşkil etmək və mədəniyyət sahəsində mübadilələr aparmaqdır.
Azərbaycanda fransız dilinin tədrisi sahəsində Azərbaycandakı Fransız İnstitutu (İFA) aparıcı qurumdur. O, eyni zamanda fransız dili (DELF, DALF, TCF) sertifikatlarını almaq üçün imtahan keçirən yeganə qurumdur. İFA-da təşkil olunan dərslər bütün yaşda və bütün səviyyədə olanlar üçündür. Fransız danışıq dili klubarı hər həftə məşğələlər təşkil edir. Fransız dilində vəsaitlərlə (kitablar, lüğətlər, komikslər, DVD-lər) zəngin kitabxana/mediateka hamının üzünə açıqdır.
Həmçinin, xatırlatmaq istərdim ki, yanvarın 25-də Avropa İttifaqı və Xarici İşlər Nazirliyinin təşəbbüsülə həyata keçirilən, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu tərəfindən Bakıda, Müasir İncəsənət Mərkəzində, təşkil olunan "Təxəyyülün hökmranlığı” mövzusunda baş tutan Fikirlər Gecəsi tədbirində, Bakıda, tədbirin partnyoru olan YARAT Müasir İncəsənət Mərkəzində 150 nəfər iştirak edib. Müzakirələr ərzində şəhərin planlaşdırılması məsələlərinə toxunulub, Bakı şəhərinin keçmiş və gələcək urbanizmi və memarlıq üzrə inkişafı qeyd edilib. Bu münasibətlə Bakıya səfər edən iki Fransız memarı, Parisdə Fron dö Park dö Bersi (Front de Parc de Bercy) rayonunu həyata keçirən Jan Pyer Buffi (Jean-Pierre Buffi) və intreyer dizaynla məşğul olan Andrea De Françis həmin gecədə azərbaycanlı peşəkar həmkarları ilə maraqlı müzakirələr aparıb.
Hər il, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu Frankofoniya tədbirinin qeyd edilməsində fəal iştirak edirlər. Beynəlxalq Frankofoniya Günü hər il 5 qitədə və 220 milyon frankofon (fransız dillilər ) uçün keçirilir.
Azərbaycanda bu şənliklər, Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) üzvü və müşahidəçisi olan ölkələrin səfirliklərin təşəbbüsü ilə aprelin ilk həftələrində keçirilir. 2017-ci ildə Fransanın da daxil olduğu on ölkənin səfirliyi, bu bayramlarda təxminən otuz mədəni tədbir təşkil etdi və hal-hazırda 2018-ci il üçün tədbirlər hazırlayırıq!
Aprelin 1-dən 14-dək geniş bir proqram ictimaiyyətə fransız dilinin dünyasının müxtəlifliyini - konsertlər, sərgilər, konfranslar, film nümayişlərini aşkar etməyə imkan verəcəkdir. Bir neçə müsabiqə də planlaşdırılır. Birincisi, bu ayın əvvəlində, Frankofoniya həftələrini təmsil edən bir loqotipin yaradılması üçün başlayıb.
Bakıdakı Frankofoniya cəmiyyətini bir araya gətirən Bakı Frankofon Assosiasiyası da Frankofoniya Həftələrini təşkil etməkdə xüsusilə fəaldır. Beynəlxalq Frankofoniya Təşkilatı (OIF) fransız dilini və çoxdilliyi, eyni zamanda, insan hüqulqrına hörmət, qanunun aliliyi, demokratiya və gender bərabərliyini təbliğ etməyə sadiq qalmış 84 dövlət və hökumətin cəmiyyətidir.
931 dəfə oxundu