Minsk Qrupu formatı iflasda - alternativ nə ola bilər?

Minsk Qrupu formatı iflasda -

Politoloq: “Bakı ya Minsk Qrupunda iştirakını dayandırmalıdır, ya da onun həmsədrliyinə Türkiyənin salınmasında təkid etməlidir”

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano bir neçə gün öncə Rusiyaya səfəri zamanı Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun yeganə mümkün format olmadığını bəyan edib. ATƏT sədri bildirib ki, Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həll olunmalıdır. Lakin təşkilat sədri onu da söyləyib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu yeganə mümkün format da deyil.

“ATƏT-in Minsk Qrupunun gördüyü işə dəstək veririk. Bununla yanaşı, biz düşünmürük ki, bu, yeganə mümkün variantdır, düşünürük ki, bizim mövqeyimiz ATƏT-in əvvəlki sədrinin siyasətini davam etdirir. Hesab edirik ki, bu, ədalətlidir”, - deyə o qeyd edib.

Bəs yeni format necə ola bilər və olmalıdır? Azərbaycana hazırkı format sərf edirmi? Hansı format bizə sərf edər və səmərə verə bilər? Siyasi ekspertlər və konfliktoloqlar hesab edirlər ki, ATƏT sədrinin Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun yeganə format olmadığını söyləməsi maraqlı gəlişmə sayıla bilər. Əslində bu, problemi 24 ildir həll edə bilməyən Minsk Qrupunun fəaliyyətinə verilən neqativ qiymətdir. Yəni bu format uğurlu deyilsə, o, dəyişdirilə də bilər. Bu isə ilk növbədə işğalçı Ermənistanın maraqlarına cavab vermir, çünki İrəvan illərdir mövcud formata arxayın olub işğal rejimini davam etdirir. Üstəlik, bir ovuc Dağlıq Qarabağ ermənisi üçün öz müqəddəratını təyinetmə prinsipi də məhz Minsk Qrupu formatında danışıqlar zamanı ortaya atılıb.

Ekspertlərin fikrincə, formatın dəyişməsi ilə işğalçı tərəfin bu yöndə ümidləri dəfn edilə bilər. Rəsmi Bakı da əslində çoxdandır ki, buna çalışır. Həm də o səbəbə ki, həmsədrlərin vasitəçilik potensialı artıq tükənib. Bu şərtlər altında on illərlə nəticəsiz danışıqlar aparıla bilər.

Bu mənada İtaliya XİN rəhbərinin yuxarıdakı sözləri Azərbaycanın maraqlarına cavab verən bir yanaşmadır. O ki qaldı yeni formata, aydındır ki, yeni formatda da Rusiya əsas söz sahiblərindən biri olacaq. Lakin məsələn, təzə formatda Türkiyə və İran daha fəal iştirak edə bilər. Ötən illərin təcrübəsi də göstərdi ki, rəsmi Ankaranın sülh prosesinə fəal şəkildə qoşulması yalnız işin xeyrinə ola bilər-ələlxüsus da Türkiyə-Rusiya münasibətlərinin dinamik inkişafda olduğu bir vaxtda.

Politoloq Əhəd Məmmədli də “Yeni Müsavat”a şərhində dedi ki, ATƏT-in Minsk Qrupunun üçlü həmsədri formatının münaqişəni həll etmədiyi və etməyəcəyi hər kəsə aydındır: “Azərbaycan ATƏT sədrinin məlum açıqlamasından sonra bu formatda dəyişiklik edilməsi, oraya Türkiyənin, Qazaxıstanın daxil edilməsi məsələsini ciddi şəkildə qaldırmalıdır. Dünya yavaş-yavaş çox qütblü müstəviyə qayıtmaqdadır. İtaliya da bu yeni dünyada öz layiqli yerini almaq istəyir. Avropa Birliyi çətiri altında Almaniya, Fransanın öz oyunu var, İtaliya da öz maraqlarını müdafiə etmək istəyir. İtaliyanın xarici işlər naziri əslində o bəyanatı Qarabağ düyününün açılması naminə verməyib, sadəcə, İtaliyanın iştirakını Qafqaz regionunda gedən proseslərdə təmin etmək niyyətini büruzə verib. İstisna deyil ki, yeni formatda İtaliyanın da həmsədr olaraq iştirakını arzulayır. Bu bəyanat həm də onu göstərdi ki, ATƏT-in sədri də artıq Minsk Qrupunun, onun üç həmsədrinin Qarabağ münaqişəsini həll etməyəcəyinə əmindir. Bu format çoxdan tükənib. Azərbaycan ya Minsk Qrupunda iştirakını dayandırmalıdır və bu danışıqlar müstəvisindən çıxmalıdır, ya da Minsk Qrupu həmsədrliyinə Türkiyənin də daxil edilməsində təkid etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...