Ukrayna parlamenti Rusiyanı işğalçı dövlət kimi tanıyıb

Ukrayna parlamenti Rusiyanı işğalçı dövlət kimi tanıyıb

Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş əraziləri üzərində Ukraynanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” 7163 saylı qanun layihəsini qəbul edib.

APA-nın “112.ua” saytına istinadən yaydığı xəbərə görə, qanunun lehinə 280 deputat səs verib.

Qanunda Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının Rusiya tərəfindən işğal olunduğu bildirilir, Rusiya Federasiyası işğalçı dövlət kimi rəsmən tanınır. Ukraynaya vurulan maddi və mənəvi zərərə görə məsuliyyət Rusiyanın üzərinə qoyulur. İşğal altındakı ərazilərdə doğum və ya ölüm haqqında sənədlər istisna olmaqla, işğalçı administrasiyalar tərəfindən verilən bütün sənədlər etibarsız sayılır.

Qanuna əsasən Ukrayna hökuməti dövlət suverenliyinin təmin olunması üçün tədbirlər görməli, eləcə də Rusiyaya qarşı sanksiyaların qüvvədə qalması və gücləndirilməsi üçün beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə etməlidir. Müvəqqəti işğal olunmuş ərazilərdə insan haqlarının durumu haqqında məlumatlar toplanılmalı, dövlətin Rusiya işğalının dəf edilməsi və dayandırılması sahəsində siyasətini mərkəzləşdirmək üçün idarələrarası əlaqələndirici orqan yaradılmalı, Rusiyaya qarşı konsolidə olunmuş hüquqi iddialar hazırlanmalıdır.

Sənəddə deyilir ki, Rusiya təcavüzünün qarşısının alınması üçün qüvvə və vasitələr Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının razılığı ilə tətbiq olunur, işğala qarşı bütün müqavimətə Baş Qərargah rəhbərlik edir. Bununla yanaşı, Birləşmiş Qərargahın yaradılması və ona Birləşmiş Qüvvələrin komandanı tərəfindən rəhbərlik edilməsi əksini tapıb. Birləşmiş Qüvvələrin komandanının səlahiyyətləri Baş Qərargah tərəfindən hazırlanan operativ qərargah barədə qaydalarla müəyyənləşdirilərək müdafiə nazirinin təqdimatı ilə Ali Baş komandan tərəfindən təsdiqlənir. Komandan təhlükə gördüyü təqdirdə, insanların təmas xəttini keçməsinə qadağa qoya bilər.

Hərbi əməliyyat zonasına bitişik ərazilərdə xüsusi qayda tətbiq olunur. Buna əsasən təhlükəsizlik orqanları və digər dövlət qurumları milli təhlükəsizliyi təmin etmək üçün burada xüsusi səlahiyyətlərə malik olacaq. Xüsusi səlahiyyətlərin tətbiq olunacağı ərazilərin sərhədləri Birləşmiş Qüvvələrin komandanının təqdimatı ilə Baş Qərargah rəisi tərəfindən müəyyənləşdirilir.

Qanun layihəsi ötən il oktyabrın 6-da ilkin oxunuşdan keçib. Bu il yanvarın 16-da layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...