“Bu qərar bütün Azərbaycan xalqının ürəyindən xəbər verir” - deputat
Ölkə prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox müsbət və təqdir olunmalı bir hadisədir.
Modern.az-ın məlumatına görə,bunu Milli Məclisin (MM) Aqrar siyasət komitənin sədri Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, bu, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır.
“Bu qərar bütün Azərbaycan xalqının ürəyindən xəbər verir və hər kəs tərəfindən də çox yüksək qiymətləndirilir”, - deyən komitə sədri bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm və tarixi hadisə idi.
E. İbrahimovun bildirdiyinə görə, müsəlman-şərq aləmində ilk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir.
“Ancaq çox təəssüflər olsun ki, AXC cəmi 23 ay ömür sürdü, aprel işğalı ilə ilk müstəqil cümhuriyyətimizin varlığına son qoyuldu, bununla belə, onun qoyduğu ənənələr əsrin sonunda –90-cı illərdə Azərbaycan əziyyətlər hesabına ikinci dəfə müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi. Odur ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə hörmətin ifadəsidir.
Cənab Prezidentin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dünyaya ölkəmizin böyük müstəqillik tarixinin olması barədə mesaj idi. Eyni zamanda, Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır. Bir sözlə, bu addımına görə ölkə prezidentinə minnətdarlığımızı bildirir, müstəqilliyimizin əbədi və dönməz olmasını arzu edirik”, - deyə E.İbrahimov sözlərinə əlavə edib.
821 dəfə oxundu