"Azərbaycanda söz və məlumat azadlığı təmin edilib" - Əli Həsənov
ATƏT-in Media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bəzi fikirlərinə münasibət bildirərəkən deyib.
Əli Həsənovun sözlərinə görə, təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır:
"Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara yğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizininin internetə çıxışı vardır. Buna görə də Azərbaycanda media azsdlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.
Ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək və söz və məlumat azadlığının məhdudlaşdsırılması kimi qələmə vermək olmaz. Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunub, media nümayəndələrini obyektiv olmağa, başqa başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir.
İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insnların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəsüsüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, cənab Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı və obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər.
Azərbaycan dövləti söz və məlumat azdlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır". \\trend.az\\
959 dəfə oxundu