“Suriyadakı bazalarımıza hücumla Türkiyənin heç bir əlaqəsi yoxdur" - Putin
"Suriyadakı hərbi bazalarımıza hücumun arxasında kimin dayandığını bilirik". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
"Suriyadakı hərbi bazalara hücumun Türkiyənin nəzarətində olduğu İdlib bölgəsindən həyata keçirildiyi məlumdur. Rusiya və Türkiyə arasında son zamanlar münasibətlərin yaxşılaşması fonunda bu hadisənin baş verməsi haqqında nə deyə bilərsiz?" sualına Rusiya prezidenti belə cavab verib: "Suriyadakı hərbi bazalarımıza hücumun arxasında kimin dayandığını bilirik. Bu təxribatın kimlər tərəfindən törədildiyi bizə məlumdur. Orada türklər deyil, təxribatçılar olub. Biz onların kim olduğunu da bilirik. Bilirik ki, onlar bu təxribata görə kimə və nə qədər ödəyiblər. O ki qaldı bu insidentlərə, burada yaxşı heç nə yoxdur. Bu hücum daha əvvəl əldə etdiyimiz razılıqları pozmağa istiqamətlənib. Bəli, pilotsuz uçan aparatları Türkiyənin nəzarətində olduğu İdlib bölgəsindən buraxılıb. Bizim də nəzarət etdiyimiz ərazilərdə belə şeylər olur. Mən, Türkiyə prezidenti ilə bu məsələni müzakirə etdim. Sizinlə görüşdən qabaq türkiyəli həmkarımla telefonla danışdım. Əminəm ki, nə Türkiyə hərbçilərinin, nə Türkiyə rəhbərliyinin, dövlətinin bu insidentlə heç bir əlaqəsi yoxdur.
Baş Qərargahımızın da qeyd etdiyi kimi, dronlar kusrar üsulla hazırlanmayıb. Bilirik ki, nə vaxt, harada və hansı sayda pilotsuz uçuş aparatları ötürülüb. Kustar üsulla hazırlandığı görüntüsünün verilməsi üçün bu uçuş aparatları kamuflyaj edilib".
855 dəfə oxundu