Həsən Ruhani İranda baş verənlərdən ABŞ və İsraili günahkar bildi
"Bəzi problemlərin həlli üçün zamana ehtiyac var"
İran prezidenti Həsən Ruhani ölkədə bəzi problemlərin həlli üçün zamana ehtiyac olduğunu bəyan edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu gün H. Ruhani İran Şura Məclisinin xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında deyib ki, xalqın etirazı bir fürsətdir, təhlükə deyil.
H. Ruhani ötən 10 ildə ölkədə yağıntıların miqdarı 55 faiz azaldığını, ölkənin müxtəlif bölgələrində zəlzələlər baş verdiyini, ölkədə havanın çirklənmə səviyyəsi ilə bağlı problemin də olduğunu qeyd edib. İran prezidenti bildirib ki, havanın çirklənməsi problemini 2 günə, bir ilə, 5 ilə həll etmək mümkün deyil, bunun üçün proqram həyata keçirilməlidir. ABŞ və İsrailin İranın uğur qazanmasını istəmədiklərini, rəsmi Tehranın regional siyasətinin bu qüvvələri narahat etdiyini vurğulayan İran prezidenti ABŞ və İsraili İranda gərginlik yaratmağa çalışmaqda ittiham edib: "İstəyirsiz onlar intiqam almasın? Ölkə daxilində bəzi şəxsləri gərginlik yaratmaq üçün qızışdırmasınlar? Biz özümüzü bu problemlərlə üzləşməyə hazır etməliyik. Onlar öz dilləri ilə deyib ki, biz bu problemi Tehrana çəkəcəyik. Bu analiz deyil, bunu açıq aşkar elan ediblər. İran xalqı möhkəm iradəsi ilə bu problemlərin öhdəsindən gələcək. İslam İnqilabının dəyərlərinə hörmətsizlik edən, xalqın istəyinə və qanunlara zidd hərəkət edən, xalqın malına ziyan vuran kiçik bir qrupun əl-ayağını yaxşıca bağlaycağıq”.
H. Ruhani etiraz aksiyalarında iştirak edənlər arasında aldadılanların da olduğunu söyləyib: "Onlar öz tələblərində haqlıdırlar, problemlərinin həllini istəyirlər. Hökumətə aid olmayan bəzi qanunsuz müəssisələr və korporasiyalar mənimsəmələrə yol verib, onları aldadıb. Həmin müəssisələrin Mərkəzi Bankdan lisenziyası belə olmayıb. Hökumət bu problemləri həll etmək üçün indiyədək 11 milyard tümən pul ayırıb. Bu hökumətin çiynində ağır bir yükdür, amma bizə aidiyyatı olmasa da, biz bunu etdik. Bəziləri qanunsuz müəssisələrə inanaraq aldadılıb, pulu hökumət ödəyir. Hökumət indiyədək həmin müəssisələrdə aldadılan insanların 98 faizinin problemini həll edib. Ola bilər ki, itirdikləri məbləğ böyük olduğu üçün o insanlardan 2 faiz hələ qalıb, lakin hökumət onların da probleminin həlli üçün çalışır”.
H. Ruhani qeyd edib ki, işsizlik probleminin köklü həlli üçün hələ çox işlər görülməlidir: “Xalqın problemləri var, bu, təbiidir. Problemlər həll olunmalıdır. Əgər bir neçə nəfər etiraz edirsə, tənqid edirsə, onların bunun üçün hüquqları var. Qanun yolla öz tənqid və etirazlarını bildirməlidirlər. Bəziləri bundan su istifadə edərək gərginlik yaratmağa çalışır”
H. Ruhani ölkə xalqını və məsul şəxslərini birliyə çağırıb: “Parlament və hökumət xalqa məxsusdur, əl-ələ verib xalqın problemlərini həll etməliyik. Düşünürəm ki, vəhdət və birliklə bu problemlərin öhdəsindən gələ bilərik".
897 dəfə oxundu