“Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir”
“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsi ümumi səciyyə daşıyır. Bu, bütün dövlətlər üçün nəzərdə tutulub. Məqsəd də odur ki, 2030-cu ilə qədər dünyada pozitiv mühit yaransın”.
“Report”un xəbərinə görə, Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, ekoloji tarazlığın təmin edilməsi də mühüm məsələdir: “İnsan haqları və hüquqlarının təkmilləşdirilməsi, gender bərabərliyi də bu layihədə yer alıb. Azərbaycan bu proqrama qoşulub, öhdəliklər götürüb. Bu layihədə 3 sahə üzrə 17 məqsəd müəyyənləşdirilib. Bu proqram BMT tərəfindən ciddi nəzarətə götürülüb. Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılır. Azərbaycan hökumətinin hazırladığı hesabat bu ilin iyulunda BMT-yə təqdim edilib”.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda bütün proseslər parlamentin qəbul etdiyi qanunlar çərçivəsində həyata keçirilir: “Qanunların qəbulu zamanı bu layihə də diqqət mərkəzində olur. Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir”.
Qeyd edək ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.
815 dəfə oxundu