Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verəcək
“Nazirlərin üçtərəfli altıncı görüşü gələn il davam etdiriləcək”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü zamanı nəqliyyat, enerji, turizm sahələrində əməkdaşlıq məsələləri və Fələstin - İsrail münaqişəsi müzakirə edilib:
“Bildiyiniz kimi hər üç ölkə ABŞ-ın Qüdslə bağlı qərarını bu formada qəbul edə bilməz. Sabah BMT Təhlükəsizlik Şurasında məsələ ilə bağlı qətnamə müzakirə ediləcək. Azərbaycan Türkiyə və İran bu qətnamənin lehinə səs verəcəklər”.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, nazirlərin üçtərəfli gürüşü region və hər üç ölkə üçün çox faydalı və effektivdir: “Hər üç ölkənin zəngin əməkdaşlıq tarixi var. Amerikanın Qüdsü paytaxt kimi tanınması məsələsini bugünkü görüşdə müzakirə etdik. Bundan əlavə turizm, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərinə toxunduq. Biz İran və Azərbaycan arasında özəl sektorun artırılmasına dair razılığa gəldik”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında Qüds məsələsinə toxunub: “Görüşümüz zamanı enerji və nəqliyyat sahəsində əməkdaşlığın artılmasına dair məsəlləri müzakirə etdik. Növbəti görüşümüz Türkiyədə keçiriləcək və qardaşım Zərifin təklifi ilə növbəti görüş zamanı iş adamları və iqtisadiyyat nazirlərinin iştirakı ilə forumun keçirilməsi planlaşdırılır. Qüds məsələsində göstərdiyi dəstəklərə görə Azərbaycan və iranlı həmkarlarıma təşəkkür edirəm. Biz ABŞ-ın yalnış qərarından geri dönməsini istəyirik. Sabah BMT-də Qüdslə bağlı qətnamə müzakirəyə çıxarılacaq. Ümid edirik ki, qətnamə səsvermədən keçəcək. Sabah Fələstinin XİN rəhbəri ilə birgə Nyu-Yorkda BMT-nin iclasına qatılacağıq. Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
828 dəfə oxundu