ABŞ-Türkiyə qarşıdurması sanksiyalara qədər korlana bilər?
Politoloq: “İndiki halda ABŞ tərəfindən Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsinin reallığı sıfıra bərabərdir”
“Özünü Türkiyənin strateji müttəfiqi adlandıran istənilən ölkə kürd seperatçılığının üzərindən xətt çəkməlidir”.
Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov rus politoloq Aleksandr Duqinin ABŞ-ın Türkiyəyə iqtisadi sanksiya tətbiq edəcəyi fikrini PİA.AZ-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi tanınmış rus politoloq professor Aleksandr Duqin türk mətbuatına verdiyi müsahibədə Türkiyəyə xəbərdarlıq edib. Duqin ABŞ-ın Türkiyəyə iqtisadi sanksiya tətbiq edəcəyini bildirib. Belə ki, FETÖ-nun son istifadə müddəti daha keçib və ABŞ yeni bir maşadan istifadə edəcək. Bu təşkilat hansı formada ola bilər? – sualına Duqin cavab verib ki: “Bir çox faktoru bir yerə toplama strategiyasından istifadə edəcəklər. Davamlı olaraq, Türkiyə hücumlara məruz qalacaq. İrana və Rusiyaya sanksiyalar tətbiq olunur. Əminəm ki, Türkiyəyə qarşı da sanksiya həyata keçirəcəklər. İqtisadiyyatınızı xilas etmək üçün B planı hazırlamalısınız”.
Bu iddianın arxasındakı ehtimal ciddidir? Həmçinin Türkiyə-ABŞ münasibətlərində tam pozulma olarsa, ABŞ-ın Yaxın və Orta Şərqdəki mövqeləri və maraqları nə qədər ziyan çəkə bilər?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.
Zaur Məmmədov: “Dünya praktikası eyni siyasi və hərbi blokda yer alan ölkələrin bir - birinə qarşı iqtisadi sanksiyalar tətbiq etdiyini hələ görməyib, görməyəcək də”.
ABŞ tərəfindən Türkiyəyə qarşı hərbi, iqtisadi, siyasi müstəvidə sıxışdırılmadan söhbət gedə bildiyini qeyd edən politoloq Zaur Məmmədov əlavə edib ki, hər bir ölkənin xarici siyasətində, bir – biri ilə münasibətlərində müəyyən resursları var. ABŞ kimi nəhəng gücə malik olan dövlətin dünyanın istənilən ölkəsinə qarşı çoxlu pressinq vasitələri var. Eyni zamanda Türkiyənin də resursları kifayət qədərdir:
“Duqin Rusiyada kifayət qədər tanınmış strateqlərdən biridir. Eyni zamanda Yaxın Şərq regionuna yaxından bələddir. Duqinin fikirlərinin mövcud vəziyyətə uyğun dəyişməsinin də dəfələrlə şahidi olmuşuq. Bəzən təhlilçilərin işi işlədikləri adamların fikirlərinin ictimaiyyətə çatdırılması olur. Hər halda, əgər yadınızdadırsa, Türkiyədə 15 iyun çevrilişinə saatlar qalarkən Duqin dəqiq proqnoz vermişdir. Bunu proqnozdan da daha çox münəcimlik, Nostradamusluq kimi yozanlar da olmuşdu. Bu dəfə isə, o, ABŞ tərəfindən Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyini bildirmişdir.
Mən Duqinin bu proqnozu ilə razı deyiləm. Fikrimcə, indiki halda ABŞ tərəfindən Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsinin reallığı sıfıra bərabərdir. Dünya praktikası eyni siyasi və hərbi blokda yer alan ölkələrin bir - birinə qarşı iqtisadi sanksiyalar tətbiq etdiyini hələ görməyib, görməyəcək də. Lakin, ABŞ tərəfindən Türkiyəyə qarşı hərbi, iqtisadi, siyasi müstəvidə sıxışdırılmadan söhbət gedə bilər. Hər bir ölkənin xarici siyasətində, bir – biri ilə münasibətlərində müəyyən resursları var. ABŞ kimi nəhəng gücə malik olan dövlətin dünyanın istənilən ölkəsinə qarşı çoxlu pressinq vasitələri var.
Eyni zamanda Türkiyənin də resursları kifayət qədərdir. Baxmayaraq kı, Türkiyənin xarici iqtisadi dövriyyəsində Qərb ölkələri xüsusi yeri tuturlar, bu ölkə Şərqə tərəf üz döndərsə bundan itirən, daha çox AB nəinki Ankara olacaqdır. Rusiya, Mərkəzi Asiya bazarlarında iqtisadi hegemona çevrilə biləcək Türkiyə bu gün iqtisadiyyatın bir çox sahələrində sərbəst, müstəqil inkişafı ilə regionda xüsusi paya sahib olmaqdadır.
Zaur Məmmədov: “Türkiyənin regiondakı varlığı Yaxın Şərqdə ABŞ –ın planlarının reallaşdırılması üçün vacibdir”.
Tarixi baxımdan ABŞ – Türkiyə münasibətlərinə nəzər yetirsək, iki ölkə arasında indiki kimi soyuq münasibətlərin olmasını misal göstərə bilmərik. Bu iki ölkə demək olar kı, hər zaman ortaq maraqlardan çıxış edərək müttəfiq olublar. Bəs bu gün Türkiyə ABŞ a lazımdır mı? Əlbəttə hə. Türkiyənin regiondakı varlığı Yaxın Şərqdə ABŞ –ın planlarının reallaşdırılması üçün vacibdir. Türkiyə dərin dövlətdir, bu dövlətin ərəb ölkələrinə təsiri hamıya məlumdur. Əgər ABŞ regionda əsas güc kimi qalmaqda maraqlıdırsa, o zaman Ankara ilə dil tapsa yaxşı olar. Rəsmi Ankaranın Vaşinqtondan istədiyi, nəsə qeyri – adi bir məsələlər deyil.
Türkiyə bölgədə PKK və PYD qruplaşmalarının ABŞ tərəfindən dəstəklənməməsini istəyir. Kürdlər və Ankara arasında seçim məsələsi təkcə Vaşinqtona deyil, həm də Moskvaya aiddir. Türkiyə bu məsələyə həssaslıqla yanaşmaqda haqlıdır. Özünü Türkiyənin strateji müttəfiqi adlandıran istənilən ölkə kürd seperatçılığının üzərindən xətt çəkməlidir. Ancaq, yaxşı məlumdur kı, bu problem xarici qüvvələrin əlində bir rıçaq vasitəsidir və onlar zaman – zaman əllərinə düşən bu fürsətdən istifadə edirlər”.
882 dəfə oxundu