Rauf Arifoğlu Müsavat Partiyasından istefa verdi
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyası sıralarından istefa verib.
APA-nın xəbərinə görə, R. Arifoğlu iyulun 15-də istefa ərizəsini partiyanın başqanı Arif Hacılıya və Divana göndərib.
Baş redaktor ərizəsində Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olduğunu, partiyanın rəhbər strukturlarında vəzifələr tutduğunu, daha əvvəl isə 1989-cu ilin oktyabrında yaradılan AMDP Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olduğunu xatırladıb: “Mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə partiyadakı funksiyalarımdan imtina edərək çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm və artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərəçarpan fəaliyyətim olmayıb”.
R. Arifoğlu bildirib ki, azad qəzetçi kimi fəaliyyəti, bir şirkət sahibi kimi bəzən biznes, korporativ maraqlardan, ya da geniş ictimaiyyətə açıqlaya bilmədiyi həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişləri Müsavat Partiyasının və şəxsən özünün bədxahlarında, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır: “AXCP və ona bağlı olan qurumlarsa bu məqamdan Müsavata qarşı şantaj vasitəsi kimi istifadə edir. Müsavat Partiyasının 5-ci başqanı İsa Qəmbər kənardan və daxildən olan bu basqılara cavab kimi “... “Yeni Müsavat”a qarşı hücumlar mənə olan hücumlardır” düsturunu irəli sürmüşdü. Lakin hesab edirəm ki, bu cür proses uzun müddət davam edə bilməz. Tamamilə haqlı olaraq Müsavatın 6-cı başqanı Arif Hacılı Məclisdəki sonuncu çıxışında “Yeni Müsavat”ı partiyadan asılı olmayan, öz baş redaktorunun və kollektivinin yönəltdiyi müstəqil qəzet elan edib.
Mən də bunun bir gerçək olduğunu, oyun olmadığını təsdiq edirəm və bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm. Partiyada üzvlüyümü dayandırıram, müstəqil qəzetçi kimi bütün davranış və manevrlərimin, fəaliyyətimin sorumluluğunun yalnız mənə aid olduğunu bəyan edirəm. Lakin bilmənizi istərdim ki, Müsavat mənim hər şeyimdir, Müsavat mənim həyatımın mənası və özüdür! Mən təşkilatda üzvlüyümü dayandırsam da, əqidəcə müsavatçı kimi qalıram, bu missiyanın gələcəyinə inanaraq, onun üçün əlimdən gələni etməyə hazır olduğumu bildirirəm. Müsavat Partiyasının indiki rəhbərliyini, onun başqanını, siyasi kurs və mübarizəsini dəstəkləyirəm, sevinirəm ki, Müsavat adına olan təşkilatımız əmin və etibarlı əllərdədir. İnanıram ki, partiya da gərəkən zamanda, həmişə olduğu kimi, söz azadlığına və “Yeni Müsavat”a dəstək olacaq”.
1174 dəfə oxundu