“Azərbaycan D-8 təşkilatına üzv qəbul oluna bilər” - Pakistan XİN rəhbəri
“Azərbaycanın D-8 təşkilatına daimi üzv olmasını arzu edirik”.
Bu sözləri D-8 ölkələri XİN rəhbərlərinin İstanbulda keçirilən görüşündə iştirak edən Pakistan İslam Respublikasının xarici işlər naziri Xoca Məhəmməd Asif APA-nın Türkiyə müxbirinə açıqlamasında deyib.
“D-8 ölkələri arasında enerji sahəsindəki əməkdaşlıqdan bəhs etdiniz. Enerji baxımından zəngin olan Azərbaycanın prezidenti D-8 ölkələrinin İstanbuldakı zirvə toplantısına dəvət edilib. Təşkilatla əməkdaşlıq planları çərçivəsində Azərbaycan bu quruma üzv qəbul edə bilərmi?” - sualına Xoca Məhəmməd Asif belə cavab verib: “Niyə olmasın? Azərbaycan bizə qardaş ölkədir. Təkcə bizə yox, təşkilata üzv ölkələrin hamısına qardaşdır. Siz bu təşkilatın müşahidəçi qismində üzvü olan ölkəsiniz. Tamhüquqlu üzvlük niyə olmasın? Həm bu zirvə toplantısında, həm də gələcək iclaslarda Azərbaycanın üzvlük məsələsinin gündəmə gələcəyinə inanıram”.
Üzv ölkələr arasındakı ümumi ticarət dövriyyəsi barədə sualı cavablandıran nazir rəqəm söyləməyib: “Çünki bu ölkələr arasındakı ticarətin fərqli şərtləri mövcuddur. Biz minimal ticarət dövriyyəsinə malikik. Təşkilat kimi bəzi üzv ölkələrin təkbaşına ticarət dövriyyəsindən də geri qalırıq. Məsələn, Türkiyənin, Pakistanın, Malayziyanın, Nigeriyanın əhalisi çoxdur, iqtisadi əlaqələrimizi gücləndirmək üçün bizim geniş infrastrukturumuz var. Ona görə də iqtisadiyyat sahəsindəki əməkdaşlığımızı maksimum dərəcəyə çatdırmağın yollarını tapmağımız lazımdır”.
Qeyd edək ki, D-8 1997-ci ildə yaradılıb və Türkiyə, İran, Pakistan, Malayziya, Banqladeş, İndoneziya, Misir və Nigeriyadan ibarətdir.
929 dəfə oxundu