Siyavuş Novruzov: “Almaniya o insanları divara dirəyib güllələyəcəkdi”
GUNDEMINFO.AZ Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun APA-ya müsahibəsini təqdim edir:
- Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışında verdiyi mesajları necə qiymətləndirirsiniz?
- Prezident müşavirələrdə, Nazirlər Kabinetinin iclaslarında, forumlarda, müxtəlif tədbirlərdə görülən işlər, aparılan xarici siyasət, daxildə həyata keçirilən islahatlar barədə cəmiyyəti məlumatlandırır. O cümlədən Dağlıq Qarabağ münaqişəsi, münaqişənin həlli mexanizmi, müxtəlif dövlətlərin bizə münasibəti, Azərbaycanın apardığı işlər ictimaiyyətə çatdırılır. Son iclasda da prezident bir məsələni ortaya qoydu. Dövlət başçısının çıxışında hər bir vətəndaşı düşündürən, hamının müzakirə etdiyi məsələlər barədə daha artıq məlumatlı olması, neqativ halların göstərilməsi, o cümlədən bu problemlərin həlli yolları ilə bağlı aidiyyəti strukturlara tapşırıq verməsinin şahidi olduq. Bu onu göstərir ki, prezidentin nəbzi bilavasitə Azərbaycan xalqı, vətəndaşı ilə vurur. Hər bir çıxışında da əsas istiqamət ondan ibarətdir ki, bütün yaranan, qurulan, istifadəyə verilən müəssisə, park, məktəb, xəstəxana cəmiyyətə, insana xidmət etməlidir. Yəni vəzifəli şəxs vəzifəyə təyin olunursa, ona görə təyin olunub ki, insanlara xidmət göstərsin. Təyin olunmur ki, insanlara problem, dövlətlə insanlar arasında bir uçurum yaratsın. Vəzifəyə təyin olunan şəxs problemləri həll etməli, üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Prezident çıxışında o baxımdan istər daxili siyasətlə, konkret olaraq ayrı-ayrı sahələrlə, məsələn, turizm, aviabiletlərlə bağlı məsələni qeyd etdi. Eyni zamanda çıxışında insanları narahat edən dərmanların həm keyfiyyəti, həm qiyməti, həm həkimlərin xəstələrə dərmanlar təyin edərkən sui-istifadə hallarına yol vermələri məsələlərinə toxundu. Dövlət başçısı ipoteka kreditlərinin verilməsi məsələsi ətrafında da geniş dayandı. Biz parlamentdə dövlət büdcəsini müzakirə edərkən ipoteka üçün 30-40 milyon manat ayrılması əksini tapırdı. Prezidentin göstərişi ilə birbaşa bu sahəyə 200 milyon manat ayrılması çox sayda Azərbaycan gəncinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsini ortaya qoydu. Hazırda ipoteka şərtləri elədir ki, çox insan –gənc müəllimlər, həkimlər bundan yararlana bilmir, əmək haqları buna imkan vermir. Bu baxımdan şərtlərin yüngülləşdirilməsi, sadələşdirilməsi və hər bir vətəndaşın ipotekadan istifadə etmək hüququ əldə etməsi çox vacib amillərdən biridir.
- Dövlət başçısı çıxışında xarici siyasətlə bağlı məsələlərə də toxundu. Bu çıxış hansı nəticələrə gəlməyə əsas verir?
- Prezident çıxışında ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ədalətsiz mövqeyi, ölkənin iqtisadi inkişafından, ictimai-siyasi sabitlikdən, xalq-iqtidar birliyindən narahat olan qüvvələrin, erməni lobbisinin fəaliyyətinə toxundu. Erməni lobbisinin Azərbaycanda olan “beşinci kalon”unun nümayəndələri ayrı-ayrı siyasi partiyalarda və QHT-də birləşib, öz millət və dövlətlərinə qarşı siyasət aparırlar. Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edib, bu Oyunlar çox möhtəşəm keçib, yüksək təşkilatçılıq ortaya qoyub. Bu, bəzi ölkələri narahat edir. O cümlədən hüquqi əsası olmayan, heç bir beynəlxalq hüquq prinsiplərinə söykənməyən ölkələri parlamentlərinin Azərbaycan haqqında qərar qəbul edib. Dövlət başçısı da çıxışında bu məsələlərə də toxundu. Almaniya Bundestaqı ancaq alman xalqının rifahı, bu xalqın hər hansı probleminin həlli ilə bağlı qanun qəbul edə, müzakirə apara bilər. Bundestaqın başqa bir dövlətin daxili işinə qarışması, başqa bir dövlətin məsələsini müzakirə etməsi doğurdan da gülüş doğurur. Hətta BMT Təhlükəsizlik Şurası ən ali orqandır, bu qurumun qəbul etdiyi qətnamələr belə yerinə yetirilmir. Məsələn, Dağlıq Qarabağla bağlı 4 qətnamə qəbul edilib, bu qətnamələr yerinə yetirilmir. Bəzi hallarda BMT-nin icazəsi olmadan ayrı-ayrı dövlətlər başqa dövlətlərin ərazisinə müdaxilə edir, işğal edir, BMT bu dövlətlərin ərazilərinin işğaldan azad edilməsi barədə qərar verə bilmir. Yaxud Avropa Şurasının özünün əvvəl qəbul etdiyi qərarlardan geri çəkilib tam ədalətsiz, hüquqa, Avropa prinsiplərinə, dəyərlərinə zidd, ümumiyyətlə, Avropa Şurasının yaranmasından indiyə qədər analoqu olmayan bir qərar çıxarması artıq o təşkilatların deqradasiyaya uğramasının nümunəsidir. Bu, artıq onların tərəfsiz yox, tərəfli olmalarının göstəricisidir. Dövlət başçısı da bunları vurğuladı.
- Belə yanaşmalar da var ki, prezidentin bu çıxışı Azərbaycanın xarici siyasət kursunda bir dəyişiklikdir. Siz necə dəyərləndirirsiniz?
- Əslində bu, dəyişiklik deyil, Azərbaycanın mövqeyi həmişə belə olub. Azərbaycan həmişə öz haqq işini müdafiə edib. Prezident həmişə bütün mötəbər tədbirlərdə, forumlarda, dövlət başçıları ilə görüşlərdə Azərbaycanın mövqelərini, maraqlarını müdafiə edib. Bu baxımdan Azərbaycanın apardığı xarici siyasət bərabər tərəfdaşlıq siyasətidir. Azərbaycan hər bir dövlətlə qarşılıqlı münasibət, bərabər hüquqlar əsasında əlaqə qurur. İstənilən dövlətin əhalisi, ərazisi, iqtisadi gücü, hərbi imkanından asılı olmayaraq o da, Azərbaycan da dövlətdir. Hər bir dövlətin BMT-də bir səsi var, səsləri bərabərdir. Bu baxımdan Azərbaycan da bu siyasəti aparır. İkincisi, Azərbaycan çalışır ki, Ermənistan istisna olmaqla bütün qonşuları ilə normal münasibətlər qursun. Azərbaycan heç bir dövlətin maraqlarını, siyasətini yerinə yetirəsi deyil. Ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, baxmayaraq ki, bununla bağlı ayrı-ayrı dövlətlər tərəfindən Azərbaycana nə qədər təzyiqlər var. Azərbaycan bu gün öz qazının Avropa məkanına çıxarılması, Şərqi Avropanı və Qərbi Avropanın bir hissəsini qaz asılılığından azad etmək üçün addımlar atdı. Amma bunun ekvivalentinə Avropa nə edib? Avropa dini, milli ayrı-seçkilik, paxıllıq, gözü götürməməzlik siyasəti həyata keçirib. Hələ bir dəfə də Ermənistandakı vəziyyət Avropa Şurasında müzakirəyə çıxarılmayıb. Baxmayaraq ki, Ermənistandakı seçkilərdə namizədlərin biri güllələndi, digər namizədlərə qarşı təqiblər, təzyiqlər var, seçkilərdə ikili pasportlarla səsvermələr gedir. Avropa Şurasında bunu gizlin saxlayırlar, bizim deputatlar bu məsələni qaldıranda deyirlər ki, gəlin bu məsələyə toxunmayaq. Azərbaycanda heç nə olmadan insan hüquqları və digər məsələlərlə bağlı fəaliyyətə başlayıblar. Hər bir insan törətdiyi cinayətə görə məsuliyyət daşıyır və buna cavab verməlidir. Kimliyindən, partiya mənsubiyyətindən, peşəsindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir, məsuliyyətini daşımalıdır. Dünya ölkələrində, Avropanın özündə, ABŞ-da da ən ağır cəza Vətənə xəyanət və vergidən yayınmadır. Azərbaycanda həbs edilənlərin böyük əksəriyyəti də bu cinayətlərlə bağlı maddələrin birini yox, bir neçəsini pozublar və Cinayət Məcəlləsinin ən azı 8, 9, 10 maddəsi ilə ittiham olunurlar. Həm də bilavasitə əməl var. Məsələn, deyirdilər ki, Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. Bəlkə Azərbaycanda kimsə gəlib mənə deyər ki, o, bir tədbir keçirib, orada iştirak edib? Kimə sual vermişəm, deyiblər ki, biz o insanın Azərbaycanda keçirdiyi tədbirin şahidi olmamışıq. Azərbaycandan kənarda da tədbir keçirməyib. Deyirlər ki, Emin Hüseynovun bir ofisi olub, oradan da çayxana kimi istifadə edib, yığışıb orada çay içib, dağılışıblar. Ancaq ona ayrılan 1,5 milyon dollar hansı məqsədlərlə istifadə edilib? Hələ bir başqa dövlət onun üçün 160 min dollar ödəməklə Azərbaycandan çıxması üçün addım atıb. Sual olunur, özün görürsən ki, bu, cinayət törədib, vergidən yayınıb. Emin Hüseynovun vergidən yayınması məsuliyyətini həmin dövlət öz üzərinə götürür və 160 min dollar ödəyir ki, bu, məsuliyyətdən yaxa qurtarsın. Bəs öz ölkəndə belə bir hal olsa və vətəndaşın bu əməli törətsə, hansı addımları atarsan? Azərbaycandan çıxan kimi də bunu CNN-ə, BBC-yə çıxarırlar. Bu, nədir? Haqsızlıq, ədalətsizlik, qanun pozana yaşıl işıq yandırmaq, digərlərini də qanunu pozmağa, iğtişaş törətməyə, verilən qrantların mənimsənilməsinə, düzgün olmayan istiqamətdə xərcləməyə yönəltməyə, ayrı-ayrı siyasi partiyaların, qəzetlərin maliyyələşməsinə yönəltməyə sövq edirlər.
Xatirimdədir, bir dəfə Almaniyanın Azərbaycandakı səfiri demişdi ki, kütləvi iğtişaşlarda iştirak edən, polisə qarşı müqavimət göstərən, vətəndaşların şəxsi əmlakına zərər vuran tələbələr universitetlərdən kənarlaşdırılacaqsa, Almaniya dərhal onu öz universitetlərinə qəbul edəcək. Bu, nə deməkdir? Artıq buradan bu ölkələrin mövqeləri bəllidir. Yəni belələrini şirnikləndirməklə anti-dövlət mövqeyinə, Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi pozmaq yoluna təhrik, cəlb edir, yönəldirlər. Yaxud cinayət törətmiş şəxsi azad etməyi tələb edirlər. Biz hüquqi dövlətdən danışırıq, məhkəmə keçirilməlidir. Əgər məhkəmə ədalətsiz qərar çıxarırsa, bu qərardan yuxarı instansiya məhkəməsi, Avropa Məhkəməsi var. Avropa Məhkəməsi birinci instansiya məhkəməsi qərar çıxarmamış, istintaqın getdiyi anda bəyanat verir ki, filankəslər dərhal azadlığa buraxılmalıdır. Sən tədqiqat aparmırsan, bəlkə bu özü boynuna alıb, bundan məlumatın yoxdur. Hansı əsasla deyirsən ki, onlar azadlığa buraxılmalıdır? Məsələn, Leyla Yunus və Arif Yunus Azərbaycan dövlətinin icazəsi olmadan üçüncü ölkənin ərazisi vasitəsi ilə gizlin şəkildə Azərbaycana düşmən olan və müharibə apardığı bir dövlətin ərazisinə keçib. Hesab edin ki, Böyük Vətən Müharibəsində Almaniyadan bir dəstə SSRİ-nin ərazisinə keçir, DTK-nin nümayəndələri ilə görüşür və geri qayıdır. Almaniya o insanlar haqqında hansı qərarı qəbul edəcəkdi? Almaniya o insanları divara dirəyib güllələyəcəkdi. Azərbaycan çox böyük humanistlik göstərir, indi güllələnmə yoxdur, onları istintaqa cəlb edir. Gedib Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, ayrı-ayrı kəşfiyyat orqanlarının nümayəndələri ilə görüşürlər. O da nəzərə alınmalıdır ki, Leyla Yunus vaxtilə Azərbaycan Müdafiə Nazirliyi sistemində çalışıb, Azərbaycanın cəbhədə strateji mövqeləri də dəyişməyib, həmin yerindədir, orduların yerləşməsi, hərbi obyektlər və digər məsələlər var. Belə olan halda Azərbaycan nə etməlidir? Leyla Yunusa əlavə mükafat verməlidir ki, yaxşı edib Ermənistana getmisən? Bu qədər ədalətsiz yanaşma var. Konkret istənilən insanla bağlı Avropa nümayəndələri ilə oturaq, faktlarla məsələni izah edək. Onların ölkəsində bu hadisə baş versə, hansı addımları atardılar, biz də o addımları atdıq.
- Son nəticə olaraq Azərbaycan Avropa strukturlarına inteqrasiyanı dayandıracaq, məsələn, Avropa Şurasından çıxacaq və Avropa İttifaqı, Avropa dövlətləri ilə ikitərəfli münasibətlərmi quracaq?
- Azərbaycan bütün Avropa strukturları ilə əməkdaşlıq edir. Avropa Birliyi ilə Azərbaycanın ticari dövriyyəsi 20 milyard dollardan yuxarıdır. Son vaxtlar Avropa Birliyinə üzv olmaq üçün müraciət edən Ukrayna və digər dövlətlərin hamısının birlikdə Avropa Birliyi ilə Azərbaycan qədər ticari dövriyyəsi yoxdur. Yəni bizim ikitərəfli münasibətlərimiz çox yaxşıdır. Amma aranı qarışdıran, erməni lobbisinin pulu vasitəsi ilə tutulan siyasətçilər, qatı xristianlıq, dini ayrı-seçkilik mövqeyindən yanaşanlar, Azərbaycanın inkişafını gözü götürməyənlər var və təbii ki, bunlar da suyu bulandırırlar. Azərbaycan Avropa Şurasına daxil olanda ora məktəbə, dərs oxumağa getməmişdi. Azərbaycanın özünün kifayət qədər dəyərləri var. Azərbaycanda opera olanda o ölkələrdə heç orta məktəb yox idi. Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara seçki hüququ veriləndə bir çox ölkələrdə 1960-cı illərə qədər qadınların belə hüququ yox idi. Azərbaycanda irqi, dini ayrı-seçkilik olmayıb. Azərbaycanın kökü, keçmişi, dünəni, bu günü və gələcəyi var. Azərbaycan bu əsasda öz inkişafını təmin edir. Bu o ölkələrin bizə ehtiyacı var. Tutaq ki, Almaniyadan “Mercedes” alıram, gedib Cənubi Koreyadan, Yaponiyadan avtomobil alıram. Yaxud texnologiyanı buradan yox, oradan alıram. Dünya bir qütblü, tək Avropadan ibarət deyil ki?! Dünyanın böyük hissəsi başqa tərəfdədir və çox ciddi şəkildə də inkişaf edir. Avropa isə deqradasiyaya gedir. Yunanıstana baxın, əgər məşğul olansınızsa, Yunanıstanla məşğul olun. Avropanın ən qədim dövlətlərindən biri iqtisadi böhranla üzləşib, bu, Avropanın apardığı siyasətin nəticəsidir. Vaxtında lazımi addımlar atılsa idi, bugünkü vəziyyətə gəlib çıxılmazdı. Amma Azərbaycan heç bir dəstək olmadan, heç bir yerdən – nə Dünya Bankından, nə Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı almadan inkişaf edir.
Hər bir xalqın özünün mənəvi və milli dəyərləri var, bu proseslər milli-mənəvi dəyərlərin qorunub saxlanması üzərində qurulmalıdır. Avropanın hansısa bir tələbi bizim qarşımıza qoyulsa, onu yerinə yetirməyəcəyik. Götürək Böyük Britaniyanı, Avropa Birliyinin üzvüdür, Şengen zonasına daxil deyil, avro zonasına daxil deyil, öz pul vahidindən istifadə edir. Deyir ki, bu, mənim milli-mənəvi dəyərimdir, dövlətimin siyasətidir. Yaxşı, Böyük Britaniyaya olar, bizə olmaz? Azərbaycanın da öz milli-mənəvi dəyərləri, öz xüsusiyyətləri var, bunlar qorunub saxlanılıb gələcək nəsillərə ötürülməlidir. Belə qurma oyunlarla Azərbaycanın təbii sərvətlərindən güzəştlə istifadə etmək istəyənlər var, xarici firmaların Azərbaycanda çalışmasına münbit şərait yaratmaq istəyənlər var və həmin firmalar müəyyən siyasətçilərin arxasında dayanır. Təbii ki, biz də bu məsələdə Azərbaycan xalqının maraqlarını müdafiə edirik, başqa məsələ ola bilməz.
- Yeri gəlmişkən, prezident çıxışında sahibkarların üzləşdikləri təzyiqlərə toxundu, ayrı-ayrı icra qurumlarının, hüquq-mühafizə orqanlarının sahibkarlara “krışalıq” etdiyini bildirdi. Bundan sonrakı dövrdə sahibkarlığın inkişafı istiqamətində hansı addımların atılması gözləniləndir?
- Sahibkarlara ciddi şəkildə dəstək verilməlidir. Sahibkarları sıxıb, sıxışdırıb sahibkarlığı boğmaq olmaz. Prezident İlham Əliyev bütün prezidentliyi dövründə keçirdiyi müşavirələrdə, iclaslarda sahibkarlığa kənar müdaxilələrin qarşısının alınması ilə əlaqədar tapşırıqlar verib. O baxımdan Azərbaycanda kifayət qədər ciddi sahibkarlıq sistemi formalaşıb. Lakin görürsən ki, köhnə düşüncədən, təfəkkürdən hələ uzaqlaşa bilməyən insanlar var. Bu gün sahibkarlar üçün qapılar açılmalıdır. Məsələn, sahibkar bir iş qurmaq istəyirsə, onun üçün şərait yaradılmalıdır. Əksinə, sahibkarın qarşısına baryerlər qoyulmamalıdır. Çünki sahibkar rayonda hər hansı müəssisə tikirsə, açırsa, fermer təsərrüfatı yaradırsa, orada xeyli sayda sakin çalışacaq, vergilər ödənəcək. Hər bir sahibkarın özünün sosial fondu da var ki, bu fonddan rayonun abadlığı, əlillər, kimsəsizlər, şəhid ailələrinə dəstək verilməsi istiqamətində də istifadə edəcək. Əgər bir rayonda 20, 30 sahibkar fəaliyyət göstərirsə və onlar üçün şərait yaradılırsa, artıq rayonda olan bir sıra problemlər dövlət büdcəsi hesabına deyil, o sahibkarların köməyi, dəstəyi nəticəsində həll olunur. Yəni ağlı, düşüncəsi olan və bunu dərk edən insanlar sahibkarlar üçün şərait yaradılmalıdır. Yadımdadır, vaxtilə Rusiyadan, başqa ölkələrdən insanlar gəlirdilər ki, investisiya qoysunlar, kəskin şəkildə qarşısını alırdılar, soruşurdular ki, burada mənim payın nə qədər olacaq? Təbii ki, bunlar aradan qalxdı. Amma müəyyən yerlərdə yenə bu problemlər var və aradan qalxmalıdır. Sahibkarlarla işləyən orqanlar da onları sıxışdırmamalıdırlar. Sahibkar belədir ki, maliyyə onundur, sıxışdıracaqsansa, qapını bağlayacaq, gedib başqa ölkədə müəssisə açacaq. İndiki zamanda istənilən dövlət istəyir ki, ölkəyə investisiya qoyulsun. Ona görə də biz sahibkarımızı niyə didərgin salmalıyıq? Sahibkar üçün elə bir şərait yaratmalıyıq ki, o, həm qazansın, həm də gəlirinin bir hissəsini ölkəsinin mənafeyi naminə sərf etsin.
1224 dəfə oxundu