Avropa Birliyinin səkkiz ölkəsi Avrozonaya qoşulmaqdan niyə imtina edir? - TƏHLİL

Avropa Birliyinin səkkiz ölkəsi Avrozonaya qoşulmaqdan niyə imtina edir? -

Yunanıstan misalı onları qorxudur

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa parlamentində illik məruzəsi ilə çıxış edərək, Avropanın yaxın illər üçün gələcək plan və perspektivlərinin qısa konturları barədə danışıb. Digər məsələlərlə yanaşı Yunker Avropa Birliyinin bütün ölkələrinin yaxın iki-üç il ərzində avroya keçməsini təklif edib, hətta bunu Avropanın iqtisadi inkişafı üçün və həmin ölkələrin iqtisadi inkişafı üçün zəruri komponent adlandırıb.

Belə təkliflər mütəmadi olaraq Avropa rəsmiləri tərəfindən səsləndirilir, amma indi bu təkliflər üçün belə əlverişsiz vaxt tapmaq çətindir. 2015-ci ildə miqrasiya böhranı yaranandan sonra Avropa demək olar ki, iki hissəyə bölünüb. Bunun birincisi Qərbi Avropa ölkələri, ikincisi isə bəzi Şərq ölkələridir. Bu qruplar arasında Şimali Afrika və Yaxın Şərqdən qaçqınların qəbul edilməsi məsələsində ciddi və kompromissiz mübahisə yaranıb, nəticədə Polşa, Macarıstan, Slovakiya və Çexiyanı birləşdirən Vışeqrad qrupu Avropa Komissiyasının qaçqınların məcburi şəkildə qəbul etməsi üzrə mövqeyinə qarşı çıxış edir və qaçqınların qəbulundan imtina edir. Nəticədə, bu iki "blok" arasında ciddi siyasi gərginlik yaranır və bunun fonunda həmin ölkələri Avrozonaya dəvət etmək əvvəlcədən uğursuz bir təşəbbüs sayıla bilər.

Vışeqrad qrupu ölkələrinin Avropa Komissiyasına və Avropa İttifaqında əsas rol oynayan Almaniya və Fransaya əsas iddialar ondan ibarətdir ki, həm bu ölkələr, həm Birliyin siyasi və iqtisadi rəhbərliyi öz qərarları ilə ya tək Qərb ölkələrin maraqlarını güdür, ya da Şərq ölkələrin müstəqilliyinə zidd addımlar atır və həmin qərarlar müstəqilliyə təhlükədir. Avronun məsələsi də bu cür maneə ilə üzləşir.

Qısa arayış. Avrozona ölkələrində maliyyə sistemi elə qurulub ki, orada maliyyə və maliyyə idarəetmə sisteminin bütün komponentləri saxlanılsa da, monetar və iqtisadi idarəetmə mexanizmi olan milli valyuta yoxdur. Belə olan halda monetar siyasəti Avropa Mərkəzi Bankı diktə edir, yerli mərkəzi banklarda isə əsas olan bank və maliyyə sektorunun bəzi seqmentləri üzrə nəzarət funksiyaları saxlanılıb. Yəni vəziyyət belədir ki, avrozonaya daxil olan ölkələr pul emissiyası, mərkəzləşdirilmiş faiz dərəcələri, monetar siyasətinin bütün komponentləri, yenidən maliyyələşdirmə prosesi, ölkə miqyasında likvidliyin idarə edilməsi kimi məsələlərdə müstəqil deyil və tam olaraq Avropa Mərkəzi Bankının qərarlarından asılıdır. Avronu qəbul etmək istəməyən ölkələr bir nəfər kimi Yunanıstanı misal kimi gətirirlər. Demək olar ki, Yunanıstan avronun əks-təbliği üçün əyani bir "dərsliyə" çevrilib. Xatırladaq ki, dünya iqtisadi böhran Avropaya "çatanda" bu, ilk növbədə dövlət və korporativ borcların ödəməməsində özünü büruzə verib və bununla da Avropada "borc böhranı" yaranıb. Həmin böhran dövlətin öhdəliklərinin icra edilə bilməməsində əks olunaraq, kəskin büdcə böhranı formalaşdırıb, sosial vəziyyət gərginləşib, məcburi və icbari ödənişlər ləngidilib, təxirə salınıb, dondurulub və sair. Bunun fonunda belə vəziyyətlə üzləşən ölkələr təcili maliyyə yardıma ehtiyac duyublar ki, nəticədə onların dövlət borcu kəskin artıb. Bundan ən çox əziyyət çəkən Yunanıstan olub və hələ indi də büdcə sekvestr şəraitində yaşayır, bir çox sosial ödəmələr, proqramlar dondurulub, ölkə sərt qənaət şəraitinə keçib və eyni zamanda Avropa Mərkəzi Bankı və əsasən Almaniyadan alınmış maliyyə yardımı üzrə öhdəliklər artır. Həqiqəti desək, Yunanıstanın belə vəziyyətdən çıxış yolu görünmür. Bədbin mənzərəni, məsələn, dövlət borcu üzrə göstəricilər əyani edir, çünki əgər ölkədə hər şey normallaşırsa, onda Yunanıstan dövlət borcu üzrə ödəmələr aparmalı, həm də yeni borclar götürməməlidir. Nəticədə borcun miqdarı azalmalıdır. Dediyimiz kimi, böhran nəticəsində ən ciddi problemlərlə üzləşən Yunanıstanda ötən il ərzində dövlət borcunun ÜDM-ə nisbəti 176% qalıb. Ölkə dövlət borcunu azaltmağa qadir deyil, halbuki böhrandan sonra siyasi hakimiyyət dəyişib, lakin nəticə yoxdur.

Yunkerin bəyanatına ilk reaksiyanı Avstriya Sosial Demokrat partiyasının rəhbəri Kristian Kern verib və əlbəttə ki, Yunanıstanı misal gətirib. Kernin fikrincə, Yunanıstanın məhz Avrozonada olması ölkənin faktiki müflis olmasına gətirib çıxarıb. Qısa desək, avrozonaya qarşı çıxanların mövqeyi belədir ki, Yunanıstanın misalına baxaraq heç kim öz milli valyutasından imtina edib avronu qəbul etməyəcək.

Maraqlıdır ki, söhbətin predmeti olan ölkələr, yəni Avropa İttifaqına üzv, amma avrozonaya daxil olmayan ölkələr - Polşa, İsveç, Bolqarıstan, Rumıniya, Macarıstan, Danimarka, Çexiya və Xorvatiya - Yunkerin bəyanatına ümumilikdə reaksiya verməyib. Fikrimizcə, bu, həmin ölkələrin verilən bəyanata ciddi yanaşmamasını göstərir. Faktiki olaraq, bəyanat həqiqətən ciddi deyil, daha dəqiq, bəyanat ciddidir, amma onun heç bir nəticəsi olmayacaq. Yunker və onun başçılıq etdiyi qurumun mövqeyi belədir ki, onlar Aİ-nin bütün ölkələrini Avrozonaya salmaq istəyir, amma "Avrozonaya salınanlar" əks mövqeyindədir. Yuxarıda qeyd olunan Vışeqrad qrupu ölkələrində vaxtaşırı avro ilə bağlı müxtəlif rəsmlər tərəfindən bəyanatlar səsləndirilir və siyasi mövqeyindən, hakimiyyət və ya müxalifətdə təmsilçiliyindən asılı olmayaraq bu bəyanatların mətni eynidir - YOX. Əmin olmaq olar ki, indi Avropada elə bir dövlət başçısı və hökumət başçısı yoxdur ki, öz valyutasını avroya əvəz etməyə razı olsun.

Maraqlıdır ki, böhran avroya yanaşmanı diametral olaraq dəyişib. Belə ki, böhrandan əvvəl Avropa Komissiyası avrozonaya daxil olmaq istəyən ölkələr üçün ciddi tələblər və ciddi yoxlama sistemi tətbiq edirdi ki, nəticədə namizəd ölkələr xahiş edən mövqedə, AK isə "imtahan komissiyası" qismində çıxış edirdi. İndi isə AK faktiki olaraq ölkələri avrozonaya dəvət edir. Əlbəttə ki, həmin tələblər qüvvədədir, amma onlara yanaşma dəyişib.

Xatırladaq ki, avrozonaya daxil olan ölkələrin iqtisadi göstəriciləri Maastriht kriteriləri ilə tənzimlənir. Belə ki, dövlət büdcəsində kəsir olmamalıdır və ya kəsirin miqdarı ÜDM-in 3%-dən artıq olmamalıdır; inflyasiya səviyyəsi Aİ-nin inflyasiya ən yaxşı göstəricisinə malik olan üç ölkələrin göstəricisindən 1,5 faiz bəndindən artıq olmamalıdır; müvafiq olaraq dövlət istiqrazları üzrə faiz dərəcəsi 2 faiz bəndi artıq olmamalıdır; mərkəzi bank icra hakimiyyəti və ümumilikdə siyasi baxımından tam müstəqil olmalıdır. Hazırkı vəziyyətdə Polşa, Çexiya kimi ölkələr bütün bu tələblərə çoxdan cavab verir, onların avrozonaya daxil olmaması sırf onların qərarıdır. Əsas səbəb kimi iqtisadi və monetar siyasətdə müstəqilliyi itirmək istəməməsidir, milli valyutanın mövcud olması həm cari vəziyyətdə, həm xüsusən qeyri-müəyyənlik və ya böhran şəraitində manevr üçün bütün alətlərə və qərar vermə qabiliyyətinə malikdir. Avrozonaya daxil olanda isə, faktiki olaraq, sənin əvəzinə Avropa Mərkəzi Bankı qərar verir və sənin monetar sisteminə idarə edir.

Digər məsələ. Avropa Komissiyası ölkələri avrozonaya dəvət etmə prosesində nəyi təklif edir, hansı üstünlükləri təklif edir, daxil olma ölkəyə nə verəcək? Əmin olmaq olar ki, əgər Avropa Komissiyasına bu cür suallar verilsə, əvəzinə ümumi, mənasız sözlərdən başqa cavab olmayacaq. AK-nın hansısa ölkəni avrozonaya "saxlamaq" üçün konkret və həlledici arqument yoxdur. Bu, faktdır. Buna görə indi mütəxəssislər hesab edir ki, arqumentlər kimi yalnız siyasi üstünlükləri, maliyyə yardım və hansısa gələcək investisiya axınları çıxış edir. Məsələn, bəzi mütəxəssislər hesab edirlər ki, Baltikyanı ölkələrinin avrozonaya daxil olmasının əsas səbəbləri məhz siyasi amillər, qorunma qarantiyaları olub. Bütün bunları nəzərə alanda aydın olur ki, Avropa Komissiyasının avrozonaya daxil olması barədə təklif hələ də uzun müddət ərzində təklif kimi qalacaq. Gələn il növbəti illik çıxışında AK-nın prezidenti eyni bəyanat verəcək və eyni reaksiya (reaksiyanın mövcud olmaması) müşahidə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...