Atatürk “kürd planını” necə dəfn etmişdi: Ankara və Sevr şərtləri
Bu gün İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilir. Referendumun ən böyük əleyhdarları İraq, İran və Türkiyə sayılır. Türkiyə mətbuat orqanları hətta Türkiyənin İraqa 1926-cı il Ankara anlaşmasına uyğun olaraq hücum edə biləcəyini yazır. Bəzi ekspertlər isə kürd referendumunun Yaxın Şərqin yenidən parçalanması anlamına gəldiyini iddia edirlər.
Axar.az məsələnin aktuallığını nəzərə alaraq, “Sözcü” qəzetində məşhur türk tarixçi Sinan Meydanın dərc olunan yazısını təqdim edir.
İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani keçən il - 14 mart 2016-da ABŞ-da verdiyi açıqlamada “Lozannadan bu yana dövlət qura bilmirik” deyərək, “Yaxın Şərq xəritəsinin yenidən çəkildiyini” vurğulamışdı. Həmin Bərzani 28 iyun 2017-ci ildə “Vaşinqton Post”da yayımlanan məqaləsində isə “yüz il əvvəl, I Dünya savaşından sonra kürdlərə müstəqil dövlət olmaları üçün söz verilmişdi. Lakin kürdlərin tələblərinin əksinə Kürdüstan Türkiyə, İran, İraq və Suriya arasında bölüşdürüldü”yünü bildirdi. Bərzani həmçinin keçən həftə “yüz ildir Kürdüstanı gözləyirik. Yüz il öncə qərblilər bizə Kürdüstan sözü verdilər, amma sözlərini yerinə gətirmədilər” dedi.
Bərzaninin tərtib etdiyi İraq Kürd Muxtariyyəti konstitusiyası Sevr razılaşmasının “kürdlərə muxtariyyət” verdiyini, ancaq beynəlxalq maraqların kürdlərin bu haqqı əldə edib tətbiq etmələrini əngəllədiyini qeyd edərək başlayır. Qısacası, Bərzani tez-tez “Sevr xəyalları” görüb, Lozannadan narahat olduğunu söyləyir. Bərzaninin müstəqillik referendumunun şifrələrini müəyyən etmək üçün yüz il geriyə getməliyik.
İmperializmin Kürdüstan layihəsi
2 yanvar 1919-cu ildə İstanbulda Səid Molla, Mustafa Paşa, Əmir Bədirxanzadə, Əmir Əli və daha bir neçə nəfər İngiltərə Ali Komissarlığına təqdim etdikləri müraciətdə kürdlərə sərhədləri coğrafi baxımdan müəyyən edilmiş, İngiltərə mandatı altında bir ölkə verilməsini və kürdlərin azlıqların haqlarından yararlanmasını istədilər. 15 aprel 1919-cu ildə İstanbuldakı İngiltərə təmsilçisi Endryü Ryanı ziyarət edən kürd separatçılarından olan Seyid Əbdülqadir də İngiltərə mandatlığında Muxtar Kürdüstan qurulmasını istədi. İngiltərənin Ali Komissarı admiral Kaltorf bu istəkləri İngiltərə Xarici İşlər Nazirliyinə çatdırdı. İngiltərə Xarici İşlər naziri Balfur Paris Sülh Konfransında kürd maraqlarına laqeyd qalınmayacağını bildirərək, kürdlərdən bu konfransın sonunu gözləmələrini rica etdi. İllərlə Osmanlı Xarici İşlər Nazirliyində xidmət etmiş Stokholm səfiri kürd Şərif Paşa Paris Sülh Konfransına qatılaraq müstəqil Kürdüstan tələbini irəli sürdü. Hətta Parisdə yayımladığı kitabçada kürd dövlətinin sərhədlərini də müəyyənləşdirdi. Lakin müstəqil Kürdüstan layihəsinin baş memarı olan İngiltərə burada yalnız öz mənfəətlərini düşünürdü. İngilis müşaviri Hohler 27 avqust 1919-da Londona göndərdiyi teleqramda “kürd məsələsinə verdiyimiz önəm Mesopotamiya baxımındandır. Kürdlərin və ermənilərin vəziyyəti məni heç maraqlandırmır” deyirdi.
İngilis cənab Kidston da 28 noyabr 1919-cu ildə Londona göndərdiyi məktubda “kürdlərə hər nə qədər inanmasaq da, onları istifadə etməyimiz maraqlarımız üçündür” sözlərini vurğulayırdı. Admiral ser Robek 26 mart 1920-də Xarici İşlər naziri lord Kerzona bu cür informasiya verirdi:
“Kürdüstan Türkiyədən tam ayrılıb muxtariyyət olmalıdır. Ermənilər ilə kürdlərin maraqlarını əlaqələndirə bilərik. İstanbuldakı Kürd Klubu rəhbəri Seyid Əbdülqədirlə Parisdəki kürd nümayəndə heyətinin rəhbəri Şərif Paşa əmrimizdədir”.
İngilis admiral Robek 28 iyul 1920-ci ildə Lord Kerzona göndərdiyi başqa bir hesabatda isə sədrəzəm Damat Fəridin yanına gələrək sülh razılaşması çərçivəsində kürdlərin ayrı dövlət olacağını və onun Mustafa Kamala qarşı istifadə edilməsini söyləyirdi. London konfransında 26 fevral 1920-cı ildə keçirələn iclasın əsas mövzusu məhz Kürdüstan idi. Məhz həmin gün müstəqil Kürdüstana qərar verildi, ancaq bölgədəki mədənlərə hansı ölkənin nəzarət edəcəyi ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olmadı. İngiltərə və Fransa razılaşa bilmirdi. Lonon konfransına aid 16 fevral 1920-ci il tarixli bir sənəddə belə deyilirdi:
“İngiltərə kürd dövlətinin qurulası bölgədə çoxlu mədən olduğundan əmindir”.
Paris və London konfranslarında razılaşdırılması mümkün olmayan Kürdüstan məsələsi San Remo konfrasında razılaşdırıldı. Konfransın 19 aprel 1920-ci il tarixindəki iclasının sonunda hazırlanan protokolla Kürdüstanın sərhədləri müəyyənləşdirildi. 10 avqust 1920-də imzalanan Sevr razılaşmasının Kürdüstan maddələri bu mətnə uyğun olaraq hazırlandı.
Bu anda ABŞ Prezidenti Vudro Vilsonun 20 oktyabr 1920-ci ildə hazırladığı xəritədə Anadolunun şimal-şərqi ermənilərə, cənub-şərqi isə kürdlərə verilirdi.
Sevrdəki Kürdüstan
Sevr razılaşmasının Kürdüstan başlıqlı hissəsinin 62-64-cü maddələrinə görə, Kürdüstana əvvəl muxtariyyət, sonra isə müstəqillik veriləcəkdi. 62-ci maddəyə görə, Sevr razılaşmasının qüvvəyə minməsindən sonrakı altı ay içində İstanbulda İngiltərə, Fransa və İtaliya hökumətlərindən seçilən üç nəfərlik komissiya toplanıb Suriya, İraq və Türkiyə sərhədinin şimalında kürdlərin sayca üstün olduğu bölgələrin muxtariyyət planını hazırlayacaqdılar. 63-cü maddəyə görə, Türkiyə bu komissiyaların Muxtar Kürdüstan qərarının özünə çatdırılmasından sonrakı üç ay içində qüvvəyə minməsinə çalışacaqdı. 64-cü maddədə isə açıq şəkildə Müstəqil Kürdüstandan bəhs edilirdi. Kürdlər bu bölgələrdəki əhalinin çox hissəsinin Türkiyədən ayrılmasını sübut edərək Millətlər Cəmiyyətinə baş vursa və Millətlər Cəmiyyəti də bunu qəbul edib Türkiyədən bu müstəqilliyini qəbul etməsini istəsə, Türkiyə bu bölgələr üzərindəki bütün haqlarından əl çəkəcəkdi. Maddənin davamında Mosuldakı kürdlərin müstəqil kürd dövlətinə qatılmalarına müttəfiq dövlətlərin heç bir şəkildə qarşı çıxmayacağı bildirilirdi. Sevr razılaşmasının 145-148-ci maddələrində isə soy, dil və din azlıqlarından bəhs edilirdi. Beləliklə, Türkiyədə qalacaq kürdlərə də milli və dil azlığı kimi baxılacaqdı.
Lozannada Kürdüstan müzakirələri
Türkiyə bu Kürdüstan planlarını Lozanna razılaşmalarıyla pozdu. İngiltərə muxtar və müstəqil Kürdüstan tezisini Lozannada da müdafiə etdi. Lord Kerzon 23 yanvar 1923-cü il tarixli Lozanna görüşündə “Güney Kürdüstan” dediyi Mosul vilayətində İngiltərənin kürdlərə muxtariyyət verəcəyini bildirdi. Lozannada İngiltərə türklərlə kürdlərin iki ayrı millət olduğunu irəli sürüb, kürd muxtariyyətini müdafiə etdiyi bir zamanda Türkiyə türklərlə kürdlərin talelərini birləşdirən bir millət olduğunu müdafiə etdi. İsmət Paşa Lozannada 23 yanvar 1923-cü ildə keçirilən iclasda “türklər, kürdlər birdir, dilləri, adətləri, əməlləri birdir” dedi. Mosulun tarixi, mədəni, coğrafi, demoqrafik səbəblər ucbatından Türkiyəyə verilməsini istədi. İsmət Paşa Mosulda və ətrafında türklərin çoxluqda olduğunu iddia edəndə isə Lord Kerzon buna qarşı çıxdı. Bu zaman İsmət Paşa Mosulda plebisit edilməsini istədi. Lord Kerzon kürdlərin oxuma-yazma bilmədiklərini və həyatlarında heç vaxt seçim sandığı görmədiklərini söyləyərək, plebisiti qəbul etmədi. İngiltərə üçün önəmli olan kürdlər deyil, öz imperial maraqları idi.
Diyap Ağa: Hər zaman birik, qardaşıq
Türkiyə həm Lozannada, həm də Ankarada eyni tezisi - türklərlə kürdlərin birliyini müdafiə etdi. O zaman Dersim millət vəkili Diyap Ağa Türkiyə Böyük Millət Məclisində çox alqışlanan çıxışında “dinimiz, dəyanətimiz, əslimiz, nəslimiz hər zaman bir olub. Bizim içimizdə ayrılıq yoxdur, hər zaman birik, qardaşıq” dedi. TBMM-dəki kürd əsilli millət vəkili Yusif Ziya bəy isə çıxışında bunları söylədi:
“Biz kürdlər vaxtı ilə Avropanın Sevr əskisini ayaqlarımızı altına tapdaladıq və bütün mənası ilə bizə haqq vermək istəyənlərə geri verdik. Əlcəzair cəbhəsində savaşdığımız, türklərlə bərabər qanımızı tökdüyümüz kimi, onlardan ayrılmadıq, ayrılmaq istəmədik və istəməyəcəyik də”.
Atatürk isə 18 yanvar 1923-cü ildə İzmitdəki mətbuat toplantısında Kürdüstan və Mosul məsələrinə müraciət edərək bunları bildirdi:
“Mosul bizim üçün çox qiymətlidir. Birincisi, burada sonsuz sərvət təşkil edən neft qaynaqları var. İkincisi, bunun qədər önəmli olan kürdlük məsələsidir. İngilislər orada bir kürd hökuməti formalaşdırmaq istəyir. Bunu edəcəkləri təqdirdə bu fikir sərhədimizin daxilindəki kürdlərə də sirayət edə bilər. Bu fikrə əngəl olmaq üçün sərhədi güneydən keçirmək lazımdır”.
Lakin təəssüf ki, Lozannada Mosulu ələ keçirə bilmədik. Amma Lozannada muxtar və ya müstəqil Kürdüstan layihəsinə də izn vermədik. Yenə Lozannada ingilislərin milli, dini, dil azlığı fikrini də rədd etdik. Kürdlərin azlıq deyil, türklərlə qardaş olduğunu anlatdıq.
Türkiyə-İraq sərhədi
Lozanna razılaşmasının 3-cü maddəsinin 2-ci bəndinə görə, Mosul məsələsinin Türkiyə və İngiltərə arasında 9 ay içində uzlaşma ilə həll edilməsini, belə olmazsa, Millətlər Cəmiyyətinə müraciət edilməsinə qərar verildi. Mosul məsələsi 19 may-5 iyun 1924-cü il tarixlərindəki İstanbul (Haliç) konfransında müzakirə edildi, ancaq nəticə əldə olunmadı. 6 avqustda Millətlər Cəmiyyətinə müraciət edildi. 7 avqustda ingilislərin dəstəklədiyi Nasturi üsyanı başladı. 29 oktyabr 1924-cü ildə Brüsseldə fövqəladə toplanan Millətlər Cəmiyyəti Türkiyə ilə İraq arasında Brüssel xətti adlandırılan müvəqqəti sərhəd müəyyənləşdirdi. 13 fevral 1925-ci ildə isə Şeyx Səid üsyanı başladı. Beləliklə, türk-kürd qardaşlığı tezisi zəiflədi. İngiltərənin təsirində olan (Türkiyənin hələlik üzv olmadığı) Millətlər Cəmiyyəti 16 dekabr 1925-ci ildə Brüssel xəttinin qüzeyini Türkiyəyə, güneyini İraqa verdi. Bununla da Türkiyə-İraq sərhədi çəkildi, amma Mosul sərhədlərimizdən kənarda qaldı. Türkiyə buna reaksiya olaraq bir gün sonra 17 dekabr 1925-ci ildə SSRİ ilə dostluq və tərəfsizlik müqaviləsi imzaladı.
1926 Ankara anlaşmasının sirri
5 iyun 1926-cı ildə Türkiyə, İraq və İngiltərə arasında Ankara anlaşması imzalandı. Anlaşma 7 iyun 1926-cı ildə TBMM-də təsdiqləndi. Səsverməyə qatılan 145 millət vəkilindən 142-si bunun lehinə, 2-si əleyhinə, 1-i isə bitərəf səsi verdi. Anlaşma 18 iyun 1926-cı ildə qüvvəyə mindi. Beləliklə, bugünkü Türkiyə-İraq sərhədi çəkildi. Anlaşmanın 1-ci maddəsində və əlavəsində Türkiyə-İraq sərhədi aydın şəkildə müəyyənləşdirilirdi. Anlaşmanın 5-ci maddəsində isə tərəflərin 1-ci maddədə müəyyən edilən sərhəd xəttinin dəqiqliyi və pozulmazlığını qəbul edərək, bunu dəyişdirməyi məqsədləyən hər hansı fəaliyyətə başlamamağı qəbul etdikləri bildirilirdi. Anlaşma sərhədlər məsələsində zamansız idi. İsmayıl Soysalın diliylə desək, sərhədlər dəyişdirilməmək şərti ilə çəkilmişdi. Anlaşmanın sərhədlərin dəyişməzliyinə vurğu edən birinci hissəsi müddətsiz, ikinci hissəsi isə 18 iyul 1936-cı ildə sona çatırdı. Türkiyə ilə İraq 8 dekabr 1936-dakı “nota paylaşımı” ilə anlaşmanın ikinci hissəsini uzatdılar. 1932-də İraqdakı ingilis mandatlığının sona çatması ilə Türkiyə-İraq arasında 1937-ci il Sadabat Paktı ilə nəticələnəcək yaxşı münasibətlər quruldu. II Dünya savaşından sonra, 29 mart 1946-cı ildə İraq və Türkiyə arasında Ankarada daha bir anlaşma imzalandı. Bu anlaşmanın 1-ci maddəsində də 1926-cı il anlaşması ilə müəyyən edilmiş və çəkilmiş sərhədə sayğı göstəriləcəyi bildirilirdi. Dolayısı ilə Türkiyə-İraq sərhədini dəyişdirəcək hər hansı bir cəhd 1926 və 1946-cı ildə Ankara anlaşmasına ziddir.
Uzun sözün qısası, Bərzaninin müstəqillik referendumu Ankara anlaşması ilə müəyyən edilən Türkiyə-İraq sərhədinin dəqiqliyi, pozulmazlığını dəyişdirməyə çalışan cəhddir. Yəni Bərzaninin referendumu ilə İraqın qüzeyində qurulacaq kürd dövləti Ankara anlaşmasına görə dəyişdirilməsi mümkün olmayan Türkiyə-İraq sərhədini dəyişdirəcək, daha doğrusu, ortadan qaldıracaq. Ankara anlaşmasının hələ də qüvvədə olan sərhəd rejimi, anlaşmanın 1-ci maddəsində açıqca ifadə edildiyi kimi, Millətlər Cəmiyyətinin 29 oktyabr 1924-cü il iclasında qərarlaşdırılmış xəttə uyğun olaraq müəyyənləşdirilmişdi. Ankara anlaşması İngiltərə, Türkiyə və İraq arasında imzalanmış olsa da, anlaşmadakı Türkiyə-İraq sərhədini üç ölkə deyil, o zamankı dünyanın ən önəmli beynəlxalq təşkilatı Millətlər Cəmiyyəti Komissiyası müəyyənləşdirmişdi. Dolayısı ilə Bərzaninin referendumu hər şeydən öncə Ankara anlaşmasının Millətlər Cəmiyyəti qərarlarına istinad olunan beynəlxalq sərhəd rejiminə ziddir.
Mosula müdaxilə haqqı varmı?
Əvvəla, Ankara anlaşmasında “İraqın ərazi bütövlüyü pozulsa, Türkiyə Kərkük və Mosula girmə haqqına sahibdir” deyə bir anlaşma yoxdur. Ancaq Ankara anlaşmasındakı Türkiyə-İraq sərhədi tərəflərin razılığı olmadan pozulsa, tərəflər anlaşma sayəsində yaranan haqlarından istifadə edə bilərlər. Türkiyə-İraq sərhədi Brüssel xəttinə istinadlandığından, burada sərhədi pozmaq beynəlxalq hüququn pozulması anlamına gəlir. Belə olan halda tərəflər əvvəlcə beynəlxalq hüquqdan yararlanmağa çalışa bilərlər, buradan bir nəticə əldə etmədikdə isə Ankara anlaşmasının qüvvədə olan sərhəd rejimini qorumaq üçün lazım gələrsə, güc tətbiq edə bilərlər. Türkiyə ehtiyatla, realist hərəkət etməlidir. Mosulu almağa çalışarkən Antepi də itirməməyimiz lazımdır.
Atatürkə sarılmaq
Qəribədir ki, zaman-zaman Atatürkə və onun qurduğu Cümhuriyyətə hücum edənlər hər dəfə bəlaya düşəndə Atatürkə sarılırlar. Dünən 15 iyul səhəri layiqliyi xatırlayanların bu gün Bərzaninin referendumu ərəfəsində Ankara və Lozanna anlaşmalarını xatırlamaları təsadüf deyil. Onlar Atatürkü unutmağa, unutdurmağa çalışsalar da, Atatürk 90-95 il əvvəl etdikləri ilə unudulmaz olduğunu göstərir. Dünən bu torpaqları yenidən vətən edən Atatürk bu gün də bu vətəni qorumağa davam edir.
937 dəfə oxundu