“Avropalı diplomatların diqqətini bu məsələyə cəlb edə bildik”- Dilqəm Əsgərovun oğlu
Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda D. Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-22 sentyabr tarixlərində Varşavada ATƏT-in sammitində iştirakı müzakirə edilib. K. Əsgərov sammitdə keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verib. O bildirib ki, toplantı iştirakçılarına D. Əsgərov və Ş. Quliyevin saxlanma şəraitləri barədə ətraflı məlumat verilib: “Biz atamın Rusiya pasportunu da özümüzlə götürmüşdük. Pasportu rusiyalı diplomatlara göstərib, onlara da müraciət etdik. Düşünürəm ki, sammitdə iştirakımız və çıxışımızla avropalı diplomatların bu məsələyə diqqətini cəlb edə bildik. Eyni zamanda, Varşavada avropalı diplomatlarla təkbətək bir sıra görüşlərimiz oldu”.
K. Əsgərov sentyabrın 22-də Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirildiyini diqqətə çatdırıb.
D. Əsgərovun qardaşı Sahib Əsgərov deyib ki, bu ilin mart ayından bu yana qardaşı ilə bağlı onlarda heç bir məlumat yoxdur: “Bizə ancaq onu deyirlər ki, Dilqəm məktub yazmaq, video-görüntü ilə danışmaq istəmir”.
İclasda Ermənistan parlamentinin deputatlarının Bakı səfəri də etirazla qarşılanıb.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
859 dəfə oxundu