Kreml Qərbə qarşı “öz metodu” ilə mübarizə aparmağa hazırlaşır

Kreml Qərbə qarşı “öz metodu” ilə mübarizə aparmağa hazırlaşır

“Ankara-Moskva” Strateji Araşdırmalar Mərkəzinin eksperti Engin Özer deyir ki, Rusiya dövlətin analitik-informasiya sistemini dəyişir

Rusiyada sistemdaxili “islahatlar” başlayıb. Daha dəqiqi, səlahiyyət bölgüsünün ayaq səsləri duyulmaqdadır. Əlbəttə, bunu gələn il keçiriləcək prezident seçkiləri ilə də əlaqələndirmək olar. Ancaq istənilən halda, artıq bir sıra addımlar var və bu addımlar formalaşmış elita daxilində, necə deyərlər, çaxnaşma yaradıb. Artıq bir neçə böyük şirkətlərin baş ofislərinə qəfil polis əməliyyatları həyata keçirilib.

Bütün bunların mərkəzində isə Kreml rəhbərinin yeni sistem formalaşdırması dayanır. Qərblə, xüsusən də ABŞ və NATO ilə savaş vəziyyətində olan və beynəlxalq iqtisadi sanksiyalardan əziyyət çəkən Rusiya daha praktik, təcrübəli və elmi beyin mərkəzlərinə ehtiyac duymağa başlayıb.

“Ankara-Moskva” Strateji Araşdırmalar Mərkəzinin eksperti Engin Özer deyir ki, Rusiyada sovet dönəmindən bu yana Qərbdə olduğu kimi beyin mərkəzləri olmayıb. Bu funksiyanı bir qayda olaraq KQB və daha sonra FTX həyata keçirib. Bu günə qədər davam edən mexanizmdə dövlət rəhbərliyinin məsləhətçi-müşavir vəzifəsini FTX, yəni “çekistlər” həyata keçiriblər. Çünki kəşfiyyat dövlətin əsas etibar etdiyi. ən gizli informasiyalara malik olan qurum idi.

Ancaq indi vəziyyət dəyişib və necə deyərlər, köhnə sistem artıq işləmir. Çünki Rusiya hazırda xaricdən ciddi iqtisadi təzyiqlər altındadır, ölkə daxilində sosial, siyasi və iqtisadi sahədə ciddi analizlərə, təkliflərə ehtiyac var. Bu cür təklifləri isə FTX və ya Xarici Kəşfiyyat Xidmətinin ekspertləri verə bilmirlər.

E.Özerə görə, bunun iki səbəbi var. Birincisi, təbii səbəb. Yəni kəşfiyyatçılar ölkədə sosial, iqtisadi və siyasi məsələlərlə bağlı dolğun informasiyaya malik olsalar da, daha səmərələşdirici təkliflər, islahat layihələri ortaya qoya bilmirlər. Çünki birbaşa aid olmadıqları sahədir. İkinci mühüm səbəb isə ölkədə formalaşmış oliqarxiyadır. Çünki sovetlərdən sonra Rusiyada formalaşmış oliqarxiyanın başında əsasən kəşfiyyat orqanlarından çıxmış və ya hələ də ora bağlı olan şəxslər üstünlük təşkil edir. Yəni istər-istəməz dövlətin əsas analitik-informasiya mərkəzləri həm də oliqarxiya ilə birlikdədir. Bu isə ölkə rəhbərliyinin daha dəqiq informasiya əldə etməsi və ən əsası sosial, iqtisadi islahatlar həyata keçirməsi qarşısında ciddi maneədir. Daha bir səbəb isə ölkədə bütün sahələrdə nəzarətin kəşfiyyat orqanlarına tapşırılması onların necə deyərlər, öz sahələrinə diqqətini azaldır.

Bütün bunları nəzərə alanda Kreml ən optimal yolu seçib: dövlətin analitik və məsləhət sistemini daha da təkmilləşdirmək. Bunun ən bariz nümunəsi isə bir neçə ay əvvəl yaradılmış Sosial Araşdırmalar Ekspert Təşkilatıdır (SAET). Bu təşkilat 2017-ci il martın 20-də Rusiya prezidentinin sərəncamı ilə yaradılıb. Müstəqil ekspertlərdən formalaşan qurum Kremlin sifarişi əsasında araşdırma və analizlər hazırlayacaq. İlk vaxtlarda qurum sosial proseslərlə bağlı çalışacağını, ancaq daha sonra daha geniş sahələrdə çalışacağını bəyan edib. Ölkənin yeni beyin mərkəzinə Moskva Dövlət Universitetinin politologiya fakültəsi dekanı, professor Andrey Yuriyeviç Şutov rəhbərlik edir. Şutov eyni zamanda Rusiya Siyasi Analitiklər Birliyinin (ROP) sədridir.

Engin Özer deyir ki, Şutov o vəzifəyə Kremlin arzuladığı ən ideal insandır. Çünki mülki sahədən gəlir, akademikdir, cəmiyyətdə müsbət imici vardır. Digər tərəfdən, Ekspertlər Təşkilatında onun rəhbərliyi altında Rusiyanın tanınmış siyasi analitikləri çalışır. Bu isə Rusiyanın nüfuzlu ekspertlərinin Kremlin analitik mərkəzi üçün çalışması anlamına gəlir. Yeni qurumun əsas faydalı tərəflərindən biri də budur ki, bu mərkəz ənənədən kənara çıxacaq, ilk dəfə olaraq analizlər və təkliflər FTX və kəşfiyyatdan kənar qurumdan gələcək. Bu isə Özərə görə Rusiya tarixində mühüm hadisədir. Sitat: “Daha açıq ifadə etsək, Kremlin bu qərarı Amerika hakimiyyətinin 50 ildir tətbiq etdiyi müstəqil və bəzən də əcnəbi ekspertlərdən məlumat və analizlər satın alma metodunu daha ağıllı və təsirli şəkildə tətbiq etməkdir. Bir tərəfdən də bu, Moskvanın Qərblə daha təsirli və necə deyərlər, öz metodları ilə mübarizə aparmağa hazırlaşdığını göstərir. Yeni qurum həm də Rusiya daxili və xarici ticarətində monopoliyanın aradan qaldırılması, Qərb mərkəzli təbliğata qarşı təsirli mübarizə vasitəsi olacaq və eləcə də gələcəkdə qurulacaq yeni beyin mərkəzlərinə liderlik edəcək”.

Engin Özər deyir ki, Kremlin yeni mülki strukturlaşma siyasəti və analitik fikrə önəm verməsi həm də Qərbdə Rusiya əleyhinə təbliğata qarşı kart kimi istifadə olunacaq. Çünki Qərb mediası Putin komandasının kəşfiyyatdan gəldiyini, dövləti məhz kəşfiyyatçıların idarə etdiyi haqda fikirlər formalaşdırırdılar. Bu addım eyni zamanda ölkə daxilində siyasi gərginliyi yumşaltmaq və dövlət aparatını mülki sahədən gələnlər hesabına gücləndirməyə xidmət edəcək. Həmçinin kəşfiyyat orqanlarının ictimai rəydəki nüfuzunun geri qaytarılması, sırf öz sahələrində çalışmaları və cəmiyyətdə neqativ fikri üzərlərindən atmalarına xidmət edəcək.

Qeyd edək ki, son günlər gələn məlumatlarda siyasi dairələrə yaxın iri şirkətlərdə keçirilən əməliyyatlar, yoxlama prosesləri və ehtimal olunan həbslər məhz yeni əsası qoyulmuş “səlahiyyət bölgüsü” prosesinin əks-sədası hesab edilə bilər. Ehtimal ki, qarşıdakı aylarda yeni dəyişikliklərə qarşı olanların bu və ya digər formada müqavimət cəhdlərinin, qruplara bağlı iri şirkətlərin təzyiqə məruz qalması prosesi olacaq. Ancaq fakt odur ki, hazırda siyasi iqtidar güclüdür və sistem daxilində nizamlamanı həyata keçirəcəyinə inanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...