Azərbaycanın icazəsi olmadan Ermənistan qaz ala bilməyəcək
2017-ci ilin 17 sentyabrında Ermənistan prezidenti Serj Sarkisyan Türkmənistanda işgüzar səfərdə olub
O, səfər zamanı həmkarı Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Erməni KİV-lərinin məlumatına görə, səfərdə prezidentlər arasında Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkə kimi Rusiya tərəfinin izni ilə türkmən qazının Ermənistana idxal edilməsi barədə razılıq əldə olunub.
“Jogovurd” qəzeti bu məsələ ilə əlaqədar Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət məsləhətçisi, siyasətçi Modest Kolerovdan münasibət öyrənib. Kolerov bildirib ki, Azərbaycanın icazəsi olmadan bu layihəni həyata keçirmək mümkün deyil.
"Türkmən qazının Qafqaza nəql edilməsi haqqında istənilən danışıqlar nəinki nəzəri, hətta simvolik xarakter daşıyır. Qazın nəql edilməsi üçün Azərbaycan ərazisindən başqa yol yoxdur. İran ərazisi ilə türkmən qazının tranzitinə dair hər hansı layihə mövcud deyil və heç vaxt olmayıb. İran türkmən qazını öz ölkəsinin şimal hissələrini qazla təmin etmək üçün nəql edir. Türkmən qazının nəql edilməsi nəzərdə tutulan bütün layihələr Xəzər dənizindən keçir. Ermənistan Gürcüstan vasitəsilə türkmən qazı ala bilər, ancaq buna görə Azərbaycanın razılığı olmalıdır. Yəni Ermənistan türkmən qazını idxal etməkdən ötrü Azərbaycanla danışıqlar aparmalıdır. Buna hazırdırmı?" – deyə Kolerov müsahibədə bildirib.(azvision.az)
976 dəfə oxundu