“İlin sonuna qədər siyasi məhbuslar azadlığa buraxılacaq” - Səidə Qocamanlı

“İlin sonuna qədər siyasi məhbuslar azadlığa buraxılacaq” -

Vəfa Məmmədova: “İlqar Məmmədovla bağlı hələlik bir prosedur həyata keçirilmir”

Son günlər Azərbaycanda həbsdə olan siyasi fəallarla bağlı mühüm addımların atıldığının şahidi olmaqdayıq. Əvvəlcə “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılması, ardınca AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin azad edilməsi bir çox mətləblərdən xəbər verdi.

Ölkə iqtidarının həbsdəki siyasilərlə bağlı əvvəlki zamanlara nisbətən yumşaq siyasət yürütdüyü göz önündədir. Bu da prosesin davamlı şəkildə olacağına olan ümidləri artırmaqla yanaşı, qarşıdakı günlərdə, aylarda siyasi məhbusların bir çoxunun azad ediləcəyi ehtimallarını artırır. Belə fikirlər var ki, AŞ PA-nın gələn ay keçiriləcək payız sessiyasına qədər siyasilərin bəziləri ilə bağlı qəti qərar veriləcək. Onların ya məhkəmələr, ya da müxtəlif hüquqi yollarla azad olunacaqları deyilir.

Maraq doğuran məsələlərdən biri də siyasilərin hansı yollarla azad olunacağıdır. Çünki əfvə düşmək şansları yüksək olan siyasilərin hər biri bütün məhkəmə proseduralarını keçiblər. Yəni birinci instansiya məhkəməsindən tutmuş Ali Məhkəməyə qədər prosesləri keçiblər, verdikləri şikayətlərə isə baxılıb.

Heç şübhəsiz ki, bu müzakirələrdə ən çox diqqətdə olan siyasi məhbus Avropanın daim diqqətində olan, azadlığı ilə bağlı beynəlxalq təşkilatların dəfələrlə çağırışları səslənən REAL sədri İlqar Məmmədovdur.

REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova “Yeni Müsavat”a bunları dedi: “İlqar Məmmədovla bağlı hələ ki bir prosedur həyata keçirilmir. Hər halda, bizim vəkilə bu barədə heç bir xəbər gəlməyib. Yaxın aylarda İlqarla bağlı Avropa Məhkəməsinin növbəti qərarı çıxacaq. Biz o qərarı gözləyirik. İlqarın özü ilə sentyabrın 18-də danışdım. Vəziyyəti yaxşıdır, hər şey qaydasındadır”.

İ.Məmmədovun vəkili Fuad Ağayev hüquqlarını müdafiə etdiyi şəxsin məhkəməyə müraciət etmək barədə düşünmədiyini qeyd etdi: “Nəzəri baxımdan məhkəməyə müraciət yolu ilə azad olunmaq imkanları olsa da, İlqar Məmmədovun özü bunu məqbul saymır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var, o qərar əsasında Avropa Şurası Nazirlər Komitəsi qərar və qətnamələr qəbul edib, İlqar Məmmədovun qeyri-şərtsiz dərhal azad olunması haqqında. Belə qərar və qətnamələr o qədər çoxdur ki, artıq sayını da itirmişik. İlqar Məmmədov şərti olaraq azad edilmək, cəzanın yüngülləşdirilməsi üçün müraciəti məqbul saymır”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, ilin sonuna qədər siyasi məhbuslar azad olunsa, bu, ancaq alqışlanmalıdır: “Bundan sonra ümid edirəm ki, heç bir siyasi məhbus siyahısı hazırlanmayacaq, həbslər olmayacaq. Arzumuz odur ki, siyahımızda olan məhbusların hamısı azadlığa çıxsın. AŞ PA-nın oktyabr sessiyasına kimi deyə bilmərəm, amma hər halda, bu ilin sonuna qədər güman edirəm ki, siyasi məhbuslar azadlığa buraxılacaq. Son gedən proseslər də onu göstərir ki, bu istiqamətdə yumşalmalar var, məndə olan məlumatlara görə, bu yöndə işlər gedir. Elə məhbuslar var ki, onların səhhətləri və digər vəziyyətləri bizi narahat edir, onlar mən elə bilirəm ki, tezliklə azad olunacaqlar. Fikir verdinizsə, Mehman bəy də, Faiq Əmirli də məhkəmə yolu ilə azadlığa buraxıldılar. Bu baxımdan, azadlığa çıxacaq şəxslərin bir çoxunun məhkəmə yolu ilə azad olunacağını düşünürəm. Əfv sərəncamı ilə də azad olunanlar ola bilər. Elə siyasi məhbuslar var ki, cəzasının böyük hissəsini çəkib, özünü həbsxana həyatında müsbət göstərib, onun haqqında heç bir şikayət olmayıb. Onlar bu yolla azad oluna bilərlər. Yəni bunun müxtəlif yolları var. İstənilən halda hesab edirəm ki, bu problemin qapanma vaxtı gəlib çıxıb. Azərbaycanı sevənlər islahatlar yoluna qədəm qoymalıdır. Bununla ölkəni tam olaraq demokratik dəyərlərə yaxınlaşdırmaq mümkündür”.

Hüquq müdafiəçisi birmənalı şəkildə yaxın vaxtlarda əfvin olmayacağını da bildirdi: “Əfv olsa, dekabr ayında olacaq. Məhkəmələr yolu ilə azad olunmalar ən yaxşı yoldur. Bunun ən düzgün yol olduğu da sübut olunub. Nə yolla edirlərsə, etsinlər, bu məsələni qapatmalıdırlar. Azərbaycan yeni bir eraya, islahatlar erasına qədəm qoymalıdır, ən çox da insan hüquqları sahəsində. Bu hüquqları deyəndə tək həbsləri nəzərdə tutmuram. İnsanın o qədər hüquqları var ki, onları deyirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...