Prezident Cəlilabada 3 milyon manat ayıdrı
Prezident İlham Əliyev Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Cəlilabad rayonunda əsas kapitala yönəldilmiş vəsait 87 dəfə, tikinti quraşdırma işlərinin həcmi 90,2 dəfə artıb, bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şahmat məktəbi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilib. Bununla yanaşı, Cəlilabad şəhərinin su təchizatı sistemi yenidən qurulub, iri istehsal və emal müəssisələri yaradılıb, 22 mindən çox iş yeri açılıb, yeni yollar çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
868 dəfə oxundu