Ən yeni sorğu: Rusiyalılar nədən narahatdır?
Rusiyanın “Levada” mərkəzi əhali arasında cəmiyyətin əsas problemləri ilə bağlı sorğu keçirib.
Novator.az xəbər verir ki, sorğunun nəticələri avqustun 31-də açıqlanıb. Respondentlərin 61%-i deyib ki, Rusiya cəmiyyətinin ən başlıca problemi qiymətlərin artmasıdır. 2015-ci ildə bu problemin aktuallığını respondentlərin 78%-i bəyan etmişdi.
Sorğunun nəticələrinə görə, ölkənin əsas problemləri arasında ikinci yerdə yoxsulluq (45%) gəlir.
Respondentlərin 33%-i işsizlik, 33%-i korrupsiya və bir o qədəri də rüşvətxorluqdan şikayətlənib.
Sorğu iştirakçılarının 28%-i bildirib ki, iqtisadiyyatda böhran baş verir, sənayedə və kənd təsərrüfatında istehsal aşağı düşüb. 2015-ci ildə bu problemləri iştirakçıların 32%-i qeyd etmişdi.
Sorğuya cəlb olunan hər dörd nəfərdən biri (25%) ölkədə varlılarla yoxsullar arasında kəskin təbəqələşmə olduğunu, gəlirlərin ədalətsiz bölüşdürüldüyünü vurğulayıb. Bir çox səhiyyə xidmətinə əli çatmadığını deyənlərin sayı 2015-ci illə müqayisədə 20%-dən 26%-ə qalxıb.
Respondentlərin 15%-i hesab edir ki, Rusiya cəmiyyətinin ən ciddi problemi mənəvi böhran, mədəni səviyyənin aşağı düşməsidir.
Sorğu iştirakçılarının 14%-i ətraf mühitin korlanmasını, 13%-i ödənişli təhsilin əlçatmaz olmasını əsas problem kimi göstərib.
12% məmur özbaşınalığından, bir o qədər sorğu iştirakçısı da narkomaniyanın yayılmasından daha çox narahat olduğunu ifadə edib.
Rusiyalılar üçün əsas problemlər siyahısında Ukraynanın şərqindəki müharibə (14%) və terror təhlükəsi (12%) də yer alır. “Levada”nın 2015-ci ildəki sorğusunda bunlardan narahat olanlar 22% təşkil edirdi.
Sorğuya qatılanların 11%-i Qərbin Rusiyaya qarşı sanksiyalarından, 10%-i rublun dəyərdən düşməsindən, 10%-i hakimiyyətin zəifliyindən, 8%-i məhkəmələrdəki ədalətsizlikdən, 8%-i cinayətlərin çoxalmasından, 10%-i miqrant axınından, 7%-i millətlərarası münasibətlərin pisləşməsindən narahat olduğunu qeyd edib.
Sorğu avqustun 18-22-də Rusiyanın 48 bölgəsinin 137 yaşayış məntəqəsində, yaşı 18-dən yuxarı olan 1600 adam arasında aparılıb.
866 dəfə oxundu