Türk siyasətinin fikir babası - gedərkən TƏHLİL

Türk siyasətinin fikir babası - gedərkən


Türk siyasətinin rəngli siması Bülənt Arınçın məşhur sözünə istinad etsək, “bu işin lamı-cimi yoxdur”, son seçkidə onun xarizmasına və şəxsiyyətinə duyduğu sayğıya görə kayserili seçicilərin MHP-yə 3 millət vəkili mandatı bəxş etməsinə səbəb olmuş tarix professoru Yusuf Halaçoğlu, “Məclis sədri seçkisində CHP-nin namizədi Baykalı dəstəkləsəydik, AKP bizi “dinsiz” bir partiyaya dəstək verməklə suçlayacaqdı” - sözləriylə düpbədüz MHP tərəfdarlarının dünyagörüşünü ifadə etmişdi. Əmin ola bilərsiniz, İstanbulun, Ankaranın, İzmirin elitası arasında təsir gücü olmayan MHP-nin Anadoludakı tərəfdarlarının gözündə CHP “dinsiz-imansız və qomunist” bir partiyadır.

1. MHP baş qərargahındakı “ət dəyirmanı”

CHP-yə və ölkənin ikinci prezidenti İsmət İnönüyə fasiləsiz şəkildə hücumlar edən Tayyib Ərdoğanın AKP-sinin belə CHP-yə baxışı MHP qədər sərt olmadı. Siyasi şərhçilər tərəfindən yaxın zamana qədər gündəmə gətirilməyən bu durum, 1 iyuldakı Məclis sədri seçkisində Bahçelinin öz fraksiyasına “keçərsiz səs” verdirtməsindən sonra bariz şəkildə su üzünə çıxdı və milliyyətçi qanadın elmi titul daşıyan köşə yazarları MHP-nin düşdüyü durumu təhlil edərkən partiyanın öz burnunun ucundan uzağı görməməsinin təməlində CHP-yə yapışdırdığı “dinsiz və qomunist” etiketinin yatdığını vurğuladılar. “Çünki bir çox MHP-çi bu gün Türkiyə üçün əsl təhlükənin hələ də AKP və ABŞ olduğunu deyil, 1980-ci ildən əvvəlki kimi kommunistlər olduğunu zənn edir”. (Prof.Dr. Ahmet Bican Ercilasun: “Neden geçersiz oy verdiler?” Yeni çağ, 5 Temmuz 2015).

Kitabdan və sənətdən uzaq qalaraq işin ən asan yolunu seçib məscidlərə dalan bir MHP-dən bundan başqa bir yanaşma tərzi gözləmək dəvənin xəndəkdən atlamasını gözləmək kimi bir şey olardı. Xüsusilə 2011-dən bəri AKP ölkədəki rejimi “Müsəlman qardaşları”nın fəlsəfəsiylə əvəzləməyi heç gizlətmədi; 30 sentyabr 2012-də Misirin o vaxtkı prezidenti Mursi AKP qurultayının şərəf qonağıydı, bunu gördük. Amma “Zəfər islamındır” - şüarını AKP-nin yox, MHP-nin qurultaylarında asılmasına, “Ya Allah, bismillah, Allahü Əkbər” - nidalarının AKP yox, MHP qurultaylarında əks-sədalar yaratdığına şahid olduq. Məclis sədri seçkisi ərəfəsində Orta Anadoluda tanıdığım safqan MHP-çilər vasitəsilə təşkilatın nəbzini tutmağa çalışmışdım: nəticə “milliyyətçi” epitetini daşıyan bir partiya üçün paradoksal idi, MHP-nin Orta Anadolu xətti üzərindəki təşkilatları “dinsiz və qomunist CHP-nin namizədinin dəstəklənməsinin” partiyaya sarsıdıcı zərbə vuracağını deyirdilər.

Bax, elə buna görə, MHP parlament qrupu sədrinin müavini Yusuf Halaçoğlu Məclis sədri seçkisində CHP-nin namizədinin dəstəklənməməsinin səbəbini “AKP-nin onları günahlandıracağı” səbəbinə bağlayarkən, əslində sərrast şəkildə MHP-nin durumunu ifadə etmişdi. Halaçoğlunun bunu MHP lideri Bahçeliylə məsləhətləşmədən açıqladığına inanmıram, illərdən bəri partiyanın digər öndə gedən şəxsiyyətləriylə yaşanan örnəklərdə olduğu kimi, MHP lideri bu dəfə də yaxasını ustalıqla kənara çəkərək Halaçoğlunu topun ağzına qoydu. Halbuki bütün seçkilərdə MHP-yə Türkiyənin intellektual təbəqələrindən və az miqdarda da olsa, iş dünyasından (Bahçelinin MHP-sinin iş dünyası ilə dialoq qura bilməməsi başqa bir dərddir) dəstək getməsi Halaçoğlu kimi alimlərin sayəsində mümkün olur. Siyasi varlığının zirvəsinə 1999-cu ildəki seçkidə yüksəlmiş MHP-dən o vaxt parlamentə girənlər arasında neçə professor vardı, bilirsinizmi? Dürüstlüyünə və çalışqanlığına adım kimi əmin olduğum Enis ağabəy (Öksüz), Hüsnü Yusuf Gökalp, Ramazan Mirzaoğlu, Osman Durmuş, Abdulkadir Akçan MHP-nin reytinqini zirvəyə çıxaran şəxsiyyətlərin başında gəlirdilər. Niyə indi əksəriyyəti MHP sıralarında deyillər? Sırf sədrliyə namizəd oldu deyə MHP-dən ixrac edilən Ümit Özdağ geri dönmək üçün nə qədər mübarizə apardı, bilirsinizmi? Professor Halaçoğlunun tələm-tələsik partiyanın parlament qrupu sədrinin müavinliyindən uzaqlaşdırılması nəyi dəyişdirdi: guya Halaçoğlu yalan danışmışdı, ona görə parlamentdəki vəzifəsindən uzaqlaşdırıldı, eləmi? Bununla MHP tərəfdarlarının əslində CHP-ni “dinsiz və qomunist” kimi görmədiyinə Türkiyə inandı, eləmi? Türk siyasətinin başqa bir rəngli siması mərhum Ərbakan bu durumlarda yaxşı bir “Haydi ordan....” çəkərdi.

2. Halaçoğlunun önü açıldı

2008-ci ilin yayında “Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına əngəl olduğuna görə” Türkiyədəki və Qərbdəki erməni lobbisinin cəfəng iddialarıyla Türk Tarix Qurumunun başqanı vəzifəsindən çıxarılanda məğrur mövqeyinin daha da güclənəcəyini yazmışdım. 2011-də millət vəkili seçilməsindən sonra dəfələrlə Məclisdəki otağından çıxıb həyətdə söhbətimizə davam etdik. Bütün partiyalardan millət vəkillərinin ona duyduğu sayğının şahidiyəm. “Kürsüdə 2 dəqiqədən artıq qalmıram, fikrimi dəqiq şəkildə ifadə edib aşağı enirəm. Hamı məni diqqətlə dinləyir. Bu günə qədər polemikaya girən də olmadı. Məclis İnsan haqları komissiyasının katibi kimi Cənubi-Şərq bölgələrini çox rahatlıqla gəzib-dolaşa bilirəm”.

Professor Halaçoğlu “erməni soyqırım” iddialarına qarşı gerçəkləri dünya miqyasında müdafiə edən türk alim və siyasətçilərinin başında gəlir. Cümhuriyyət Xalq Partiyasına qarşı MHP-nin, xüsusilə Anadoludakı “tabanının” baxışını düzgün ifadə etdiyinə görə, tələm-tələsik partiyanın parlament qrupu sədrinin müavini vəzifəsindən uzaqlaşdırılması onun və Türkiyənin xeyrinə olmuşdur. Zira Türkiyənin professor Halaçoğluya, MHP-nin Məclis qrupunda müəyyən texniki proseduraları yerinə yetirmək üçün yox, ölkənin milli məsələlərini dünya miqyasında müdafiə etməkdə ehtiyacı var. Bu baxımdan MHP-dən CHP-yə baxışı sərrast şəkildə ifadə etdiyinə görə, Halaçoğlunu Məclisdəki vəzifəsindən tələm-tələsik uzaqlaşdırmış Devlet Bahçeliyə Türkiyənin təşəkkür borcu olduğunu düşünürəm.

“Mücadele bu gün də var yarın da;
Sen de onun en ön sıralarında”...

Buna heç tərəddüdün olmasın, sayın Halaçoğlu!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...