Ermənistanın Qarabağda yeni “mina təmizləmə” əməliyyatı
Bildiyimiz kimi, ATƏT-in İrəvan ofisi onun üçün müəyyən edilən mandatdan kənara çıxaraq Ermənistan tərəfindən Azərbaycanın işğal edilən ərazilərində qanunsuz "mina təmizləmə" fəaliyətinə cəlb olunub və bu qanunsuz fəaliyyətə görə xeyli miqdarda vəsait xərclənib.
Nəticədə, ATƏT-in İrəvan ofisinin bağlanmasından sonra Ermənistan hakimiyyəti və xarici diaspor təkilatları Qarabağda qanunsuz "mina təmizləmə" əməliyyatların təşkil edilməsi üçün digər vasitələrə üz tutublar.
İrəvan ofisinin məlum qanunsuz fəaliyyətindən sonra ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Devid Valadon Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz "mina təmizləmə" fəaliyyətinə dəstək verilməsi və onun davam etdirilməsinin əhəmiyyətli olduğunu deyib. Bu haqda konqresmen ABŞ-da fəaliyyət göstərən və Qarabağda qanunsuz əməliyyatların təşkilində başlıca yer tutan "Hay Dad" komitəsinin (ANCA) nümayəndələri ilə görüş zamanı bildirib.
Rəsmi bir şəxs olaraq erməni lobbistlərinin quluna çevrilən Valadon işğalçı rejimin qanunsuz fəaliyyətinin davam etdirilməsinin regionda "sülh quruculuğuna" tövhə verəcəyini qeyd edir. Qarabağda aparılan mina təmizləmə fəaliyyətinin qondarma rejimin iqtisadiyyatı və fermer təsərrüfatı üçün yaxşı nəticələr verəcəyini bildirən konqresmen nəticədə diplomatik konteksdən kənara çıxıb:
"Bu fəaliyyət Qarabağ (qanunsuz rejim nəzərdə tutulur- red) və Azərbaycan arasında sülh danışıqları üçün uzunmüddətli şəraitlər yaradır."
Qeyd edək ki, konqresmen Devid Valadon Nümayəndələr Palatasına 2018-ci il üçün təqdim edilən xarici yardım haqqında qanun layihəsində Qarabağda qanunsuz fəaliyyət göstərən HALO Trust təşkilatına maliyyə yardımının ayrılmasına çalışacaq. Rəsmi İrəvanın cografi prinsipi pozaraq, bu fəaliyyəti Ermənistanın sərhədlərindən kənarda, yəni Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirməsi beynəlxalq hüquq normalarını, xüsusilə ATƏT-in qəbul etdiyi ümumi prinsip və dəyərləri kobud şəkildə pozur.
1052 dəfə oxundu