ABŞ “demokratiya” sözündən rəsmən imtina edir

ABŞ “demokratiya” sözündən rəsmən imtina edir

ABŞ Dövlət Departamenti özünün dünya missiyasından "demokratiya" sözünün çıxarılması məsələsini nəzərdən keçirir. virtualaz.org xəbər verir ki, bu barədə “The İndependent” yazıb.

Məqalədə deyilir ki, dövlət katibi Reks Tillersonun tapşırığı ilə hazırlanan missiya bəyannaməsi əvvəlkilərdən fərqlənmir, lakin ABŞ-ın bütün dünyada demokratiyanı yaymaq məqsədi yeni bəyannamədə olmaya bilər.

Ötən cümə günü göndərilmiş daxili email-dən bəlli olur ki, Dövlət Departamentinin icraiyyə komitəsi departamentin məqsəd, missiya və ambisiyalarını müzakirə edib. Yeni bəyannamə layihəsində deyilir: "Biz bütün dünyada Amerika xalqının təhlükəsizlik və firavanlığı maraqlarını yürüdəcəyik."


"The İndependent" bunu keçənilki bəyannamə ilə müqayisə edib. Orada deyilirdi ki, Dövlət Departamenti "daha əmin-amanlıqlı, çiçəklənən, ədalətli və demokratik dünyanın formalaşdırılmasına çalışacaq".

Dövlət Departamentinin hər iki partiyadan olan keçmiş rəsmiləri bildirirlər ki, yeni bəyannamə layihəsindən "ədalətli" və "demokratik" sözlərinin çıxarılması nə təsadüfdür, nə də xətadır.

Corc Buşun prezidentliyi dövründə milli təhlükəsizlik müşavirinin müavini işləmiş Elliott Abrams deyib ki, "ədalət" və "demokratiya" sözlərinin yeni bəyannamə layihəsində olmamasını yalnız bir cür izah etmək olar: "Biz ədalətli və demokratik dünya istəyirdik, indi belə görünür ki, daha istəmirik".

Abrams deyib ki, Dövlət Departamentinin missiya bəyannaməsi mühüm sənəddir, çünki bütün dünya hökumətlərinə və xalqlarına verilən siqnaldır. Yeri gəlmişkən Tillerson Abramsı departamentə vəzifəyə gətirmək istəsə də, Tramp onun namizədliyini rədd etmişdi.

Abrams deyir ki, bu dəyişiklik "çox ciddi səhvdir və dərhal düzəldilməlidir".

"Əgər səhv düzəldilməsə, bu bəyanat dünyanın bütün diktatorlarının ürəyindən xəbər verəcək" – Abrams bildirib.

Obama administrasiyasında dövlət katibinin demokratiya məsələləri üzrə müavini işləmiş Tom Malinovski deyib ki, missiya bəyannaməsindəki bu dəyişiklik Birləşmiş Ştatları Rusiya da daxil ABŞ-ın bir çox düşmənlərinə "yoldaş" edir. Malinovski deyib ki, hazırkı bəyannamə variantı Putinin istədiyi dünyanı nəzərdə tutur.

Malinowski əlavə edib ki, əgər bəyannaməyə düzəliş edilməsə, bu dəyişiklik Dövlət Departamentinin öz içərisində çaşqınlıq və vurnuxma yaradacaq.

Tramp özünün inaqurasiya nitqində demişdi ki, Amerika bundan sonra öz həyat tərzini başqalarına qəbul etdirməyəcək, başqa ölkələrin daxili işlərinə qarışmayacaq, əvəzində hər bir kəsə nümunə kimi parlayacaq. Elə Tillersonun özü də bəzi bəyanatlarında bildirib ki, Amerika dəyərlərinin təbliğ olunması, Amerikanın milli təhlükəsizlik maraqlarının yürüdülməsinə mane olur. O ötən mart ayında, illərdir davam edən ənənəni pozaraq departamentin illik insan haqları hesabatının təqdimatını özü keçirməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...