Qətərə tərəfkeşlikdən Türkiyə nə itirdi? - Təhlil

Qətərə tərəfkeşlikdən Türkiyə nə itirdi? -


Semih İdiz

“Al-Monitor”


Rəcəb Tayyib Ərdoğan iyulun 23-24-də Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə qısamüddətli səfər etdi. Türk mətbuatı turu Qətər böhranının həllinə istiqamətli vasitəçilik səyi kimi dəyərləndirdi.

Küveytin və ABŞ-ın vasitəçiliyi ilə paralel aparılan bu səylər Ankaranın böhrana təsir etmək üçün məhdud imkanlarını ortaya çıxardı.

Türkiyənin Qətərə güclü dəstək verdiyini, o cümlədən bu ölkəyə hərbi qüvvələr göndərilməsini nəzərə aldıqda, Ankaranın vasitəçi kimi çıxış etmək arzusu çin olmadı. Neytral olduğunu iddia etsə də, bu hərəkətlər, ən azı Səudiyyə liderliyində olan koalisiyanın gözündə, tərəfkeşlik kimi göründü.

Bu koalisiyanın əsas üzvü olan Misir prezidenti Əbdülfəttah Sisi hətta Qətərə qarşı boykot çağırışını Türkiyəyə də şamil etməyə çağırdı.

Eyni zamanda, Küveytin səyləri və ABŞ-ın əhəmiyyətli təzyiqi ilə, dövlət katibi Reks Tillerson Qətərin blokadasını ləğv etməyi təklif etdi.

Körfəz turuna çıxmazdan əvvəl etdiyi şərhlərdə Ərdoğan bu böhranın həllinə Türklərin qatqısının məhdud olduğunun fərqində idi. "Biz Küveytin əmir Şeyxi [Sabah əl-Əhməd əl-Cəbər əl-Sabah] tərəfindən vasitəçilik səylərini dəstəkləyirik", – Ərdoğan bildirdi.

“ABŞ-dan başda olmaqla, beynəlxalq birliyin fəaliyyətinin faydalı olmasını ümid edirik", – deyərək o, əlavə edib ki, bu səylər nəticə verəcəkdir.

Ərdoğan bildirdi ki, Körfəzə səfəri üçün əsas səbəb Qətər böhranıdır, ancaq yüksək səviyyəli danışıqların, xüsusilə də Riyada səfəri arxasında başqa bir səbəb dururdu. Diplomatik dairələrdə səslənən əsas səbəb – Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrinə zərərin vurulmasından ehtiyatlanma idi.

Qətər böhranı başlandıqdan sonra Türkiyəyə münasibət pisləşib. Səudiyyə hökumətinin mətbuata ciddi nəzarət verdiyini nəzərə alsaq, mediada ifadə olunan fikirlərin rəsmi düşüncəni əks etdirdiyinə inanılır.

Ərdoğanın sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasına xarici siyasət məsələləri üzrə məsləhət verən Yasin Aktay bildirir ki, "Səudiyyə Ərəbistanı mətbuatında Türkiyə əleyhinə haqsız bir kampaniya" başlanılıb.

Aktay hökumətpərəst "Yeni Şafak" qəzetindəki künc yazısında qeyd edib ki, "Heç kəs bu kampaniyanın sıravi ərəblərin təpkisini əks etdirmədiyini bilir".

O iddia edir ki, Səudiyyə mətbuatında hücum xarakterli məqalələr "Türkiyə və ərəblər arasında nifrətə səbəb olmağı hədəfləyən bir mərkəzdən sistemli şəkildə istehsal olunur”, lakin Aktay bunu deyərkən, mənbəni açıqlamadı.

Qeyd edək ki, Qərb mətbuatını qərəzli məqalələrdə suçlayan Ərdoğan təkcə Səudiyyə Ərəbistanında deyil, digər Körfəz ölkələrində də Türkiyəyə qarşı media hücumları sükutla qarşıladı.

Körfəz turuna çıxmadan əvvəl Ərdoğan Riyad və kral Səlman bin Əbdüləziz əl-Səudu təriflədi. Rəcəb Tayyib Ərdoğan ilk dayanacağının "bölgənin böyük və müdrik ölkəsi" adlandırdığı Səudiyyə Ərəbistanı olacağını söylədi.

"Körfəz bölgəsində böyük qardaş kimi Səudiyyə Ərəbistanı böhranı həll etmək vəzifəsini daşıyır. Bir neçə dəfə söylədiyim kimi, bu böhranı həll edə biləcək şəxslərin siyahısına kral Səlman rəhbərlik edir", – Ərdoğan bildirdi.

Türkiyənin Qətərlə geniş və böyüyən iqtisadi əlaqələrinə baxmayaraq, – xüsusilə də Qərb ilə münasibətlərinin pisləşməsinə davam edən bir zamanda, – digər Körfəz ölkələri ilə eyni dərəcədə əhəmiyyətli iqtisadi və siyasi əlaqələri pozmağa qadir deyil.

Ankarada, həmçinin Misirin diplomatik uğurlarından narazılıqlar da qeyd olunur. Məsələn, rəsmi Qahirə indi Suriyada Rusiya ilə əməkdaşlıq edir. Misir Yaxın Şərqin sabitləşməsi məqsədi ilə Avropa Birliyi ilə dialoqun dərinləşməsini dəstəkləyir.

Misir xarici işlər naziri Samih Şükrinin bu həftə Brüsselə səfəri zamanı, AB-nin xarici siyasət başçısı Federika Moqerini, Liviya, Suriya və Körfəzdəki böhranları həll etmək üçün Misirlə sıx əlaqə qurmağı arzuladığını dilə gətirdi.

Tillersonun regiondakı son səfəri isə, ciddi nəticələr əldə etdi və böhranı müəyyən dərəcədə yumşaltdı, Ankaranın Riyad ilə zəmini düzəltməyə çalışması daha asan oldu.

Məsələn, Qətər, ABŞ-ın terrorçuların maliyyələşmə axınının monitorinqi ilə bağlı anlaşma memorandumu imzalamağa razılaşdı və Vaşinqtonun Körfəzdəki əsas tərəfdaşı olan Riyadı blokadanı qaldırmağa çağırdı. Ankara da blokadanın qaldırılmasını istəyir.

Eyni zamanda, ABŞ-ın təzyiqi altında Səudiyyə liderliyində olan koalisiya Qətər üçün 13 tələbinin altısını ləğv edib. Yeni siyahıda Türkiyənin hərbi bazasını bağlanması şərt yoxdur.

Bu məsələ Ərdoğanın Riyadda kral Səlman və ya vəliəhd-şahzadə Məhəmməd bin Səlmanla görüşündə müzakirə edilmədi.

Körfəzdə ABŞ-ın artan iştirakı Türkiyənin bölgədəki vasitəçi rolunu oynamasına imkanı təmin edə bilər.

Qətərə dəstəyinə baxmayaraq, Türkiyənin Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) bütün üzvləri ilə əlaqələri davam edir. Böhranından əvvəl KƏŞ üzvləri ilə "strateji dialoq" başlanıb.

İstanbul Kültür Universitetinin professoru Mensur Akgün, Ərdoğanın Körfəz turundan çox az nəticə ilə çıxdığına dair iddianı səhv olduğunu müdafiə etdi. "Əvvəla, Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasındakı gərginliyi azaltdı. Qətərdə türk hərbi qüvvələri də qalacaq".

Təqaüdçü səfir Murat Bilhan bu rəylə razılaşdı. "Türkiyə, Körfəz bölgəsində ən əhəmiyyətli dövlət olan Səudiyyə Ərəbistanı ilə əlaqələrini təhlükəyə ata bilməz. Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqəsi olmayan ölkənin Körfəz siyasətini ortaya çıxarması mümkün deyil".

Yaxın Şərqdəki digər bölgələr kimi, Körfəz dövlətləri də İraq və Suriyada İŞİD-in məğlubiyyətindən sonra Səudiyyə-İran rəqabətinin ən yüksək səviyyədə olacağını gözləyir.

Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer “Project Syndicate”dəki məqaləsində İranın Yaxın Şərqdəki nüfuzunun artması səbəbilə post-İŞİD dövründə sülhün olmayacağını söylədi.

Ankara bu mərhələdə öz maraqlarını təbliğ etmək üçün Səudiyyə Ərəbistandan başlayaraq, bölgədəki sünni müttəfiqləri ilə daha yaxşı əlaqələrə ehtiyac duyur. Ərdoğanın Körfəz turu bu səbəblə də Riyad ilə əlaqələri inkişaf etdirmək üçün səy kimi göstərilə bilər.

Türkiyənin “Müsəlman Qardaşlar”ına davamlı dəstəyi hələ də maneədir. Türkiyənin motivlərinə şübhələri aradan qaldırmaq üçün də Ərdoğanın bu ziyarəti fayda verə bilər. (tərcümə: Strateq.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...