Sabir Rüstəmxanlıdan Rusiyaya sərt sözlər : “Bu, Sergey Lavrovun oyunlarıdır”

Sabir Rüstəmxanlıdan Rusiyaya sərt sözlər :

Girov saxlanan azərbaycanlı vətəndaşına sahib çıxmayan Moskva nədən erməni vətəndaşlarının Bakıya axışmasına çalışır?

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycandan Bakı hava limanına gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyi dayandırmaqla bağlı tələbi ölkəmizdə sərt etirazla qarşılanıb. Əslində bu tələbin olduqca ciddi mətləblərdən xəbər verdiyi, bunun arxasında təsir vasitəsinin olduğu və məkrli niyyətin dayandığı vurğulanır.

Təhlükəsizlik baxımından da Kremlin rəsmi Bakıya qarşı bu tələbinin arxasında gizli mətləblərin dayandığı bildirilir. Vətəndaşları olan erməniləri Azərbaycana bu yolla keçirməklə Rusiyanın ölkəmizi təhlükə hədəfinə çıxardığı qeyd olunur. Düzdür, rəsmi Bakının buna qarşı kifayət qədər sərt mövqeyi oldu. Amma bununla belə, ekspertlər Azərbaycan hökumətini bu istiqamətdə daha sərt davranmağa və ehtiyatlı olmağa çağırırlar. Bir sıra ekspertlər hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərində etiraf olunmayan böhran yaşanır. Rusiya XİN verdiyi qeyd olunan bəyanatını bir qədər genişləndirərək və əlavələr edərək bir gün sonra yenidən öz saytında yerləşdirdi. Bu dəfə daha sərt ifadələr əksini tapır. Azərbaycan iki ölkə arasında imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləni, vətəndaşların vizasız səfərləri barədə hökumətlərarası sazişi, dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməni pozmaqda ittiham olunur. Açıqlamada Azərbaycanın özünü mili və dini tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim etməsi də xatırladılıb. Lap axırda xəbərdarlıq xarakterli cümlə var ki, Rusiya yaranmış vəziyyətə uyğun nəticələr çıxaracaq.

Azərbaycan Xarici İşlər Nazirliyi də dərhal Rusiya XİN-in bəyanatına cavab verib. Ekspertlərin fikrincə, ilk dəfədir ki, Azərbaycan XİN Rusiyaya bu cür sərt cavab verir. Bəyanatda Rusiya XİN-in mövqeyi “etikadan kənar, qeyri-dost münasibət” adlandırılır, Xocalı soyqırımında Rusiya vətəndaşlarının iştirakına işarə vurulur, Dilqəm Əsgərovun taleyinə Rusiya tərəfindən biganəlik göstərildiyi bildirilir və s.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Rusiyanın bu tələbi irəli sürməsinin erməni vətəndaşları ilə azərbaycanlı vətəndaşları arasında ayrı-seçkilik siyasəti yürütməsinin daha bir sübutu olduğunu bildirdi: “1990-cı ilin 20 yanvarında sovet ordusunun Azərbaycanda törətdiyi qırğın, Rusiyanın dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal eləməsi, Xocalıda azərbaycanlılara qarşı soyqırım aktında rusların 366 alayının birbaşa iştirakı və digər bu kimi çoxsaylı faktlar var ki, Rusiyanın həmişə ermənilərə dəstək verdiyinin sübutudur. Bu dəstək, Rusiyanın erməni təəssübkeşliyi bu gün də davam edir. Azərbaycana gəlmək istəyən erməni mənşəli vətəndaşlarının qayğısına qalır, Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun isə girov saxlanmasına, işgəncələr verilməsinə göz yumur. Rusiya XİN bir dəfə də olsun ermənilərə ”Dilqəm Əsgərov Rusiya vətəndaşıdır, öz ata yurdunu ziyarət etdiyinə görə onun həbs edilməsi düzgün deyil, hüquqlarının pozulmasıdır" şəklində etiraz bəyanatı verməyib. Bu bir daha azərbaycanlılarla ermənilərə münasibətdə Rusiyanın nə qədər ayrı-seçkilik nümayiş etdirdiyini göstərir. Ermənistan artıq Rusiyanın bir əyaləti kimi yaşayır və Rusiya erməniləri açıq-aşkar müdafiə edir. Bunun başqa bir izahı yoxdur".

S.Rüstəmxanlı qeyd etdi ki, Rusiyanın xarici işlər nazirinin erməni olmasının da bu vəziyyətin yaranmasında rolu var: “Erməni mənşəli nazir təbii ki, öz siyasətini ermənilərin xeyrinə quracaq. İndi də Azərbaycana gəlmək istəyən ermənilərin olduğu və Azərbaycanın onları buraxmadığı məsələsini ortaya atıb ermənilərə bu şəkildə qahmar çıxmaqdadırlar. Rusiyada kifayət qədər azərbaycanlılar da var və onların böyük hissəsi Ermənistandan çıxıb gedənlər, deportasiya olunanlardır. Onda sabah onların da böyük əksəriyyəti Ermənistana qayıtmaq istəyəndə gərək Rusiya XİN Ermənistan qarşısında azərbaycanlıları oraya buraxmaq üçün məsələ qaldırsın. Rusiya bilməlidir ki, Azərbaycanın torpaqları işğalda qaldıqca və müharibə davam etdikcə, ermənilərin Azərbaycana buraxılması məsələsinin qaldırılması yanlışdır və qəbuledilməzdir. Müharibə gedən bir vəziyyətdə belə bir məsələni qaldırmaq Rusiyanın nəyinə lazımdır?! Bu, Sergey Lavrovun oyunlarıdır. Rusiya öz vətəndaşının hüququnu müdafiə etməkdə səmimidirsə, ilk növbədə erməni girovluğunda olan vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi ilə məşğul olmalıdır”.

VHP sədri vurğuladı ki, Azərbaycan xalqı və dövləti heç vaxt hansısa millətə qarşı düşmənçilik etməyib: “Rusiyanın erməni vətəndaşları nə üçün gəlmək istəyir Azərbaycana? Müharibə gedir, ermənilər torpaqlarımızı işğalda saxlayır. Torpaqlar azad edilsin, müharibə dayansın. Bundan sonra ermənilər Azərbaycana, Bakıya gələrlər. İndiki vəziyyətdə gəlmələri başadüşülən deyil. İndiki vəziyyətdə burada nə hotelləri, nə nəqliyyatı, nə yolu onlara etibar eləmək olar. Başımıza gətirdikləri faciələr ortada ola-ola, onları Azərbaycana buraxmaq mümkün deyil. Qarabağı əlimizdən alıblar, indi də bu şəkildə Bakını almaq istəyirlər?! Müharibə bitməyincə və torpaqlarımız azad edilməyincə, ermənilərin Bakıya buraxılmaması lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...