Almaniyadan sərt cavab: "Ərdoğan danışsa, səfirliyə müdaxilə edəcəyik"
Almaniyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mitinq keçirməsinə icazə verilməməsinin ardından Hamburqdakı Türkiyə səfirliyində də görüş keçirilməsinə rədd cavabı verilib.
"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün Hamburqdakı Türkiyə səfirliyində baş tutacağı ilə bağlı xəbərlər yayılandan sonra Almaniya buna da sərt reaksiya verib. Türkiyənin Almaniyadakı səfirliyindən mitinq üçün dövlətdən icazə alınmasına ehtiyac olmadığı bildirilsə də, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şaefer buna əsla izn verməyəcəklərini bildirib:
"Türkiyə səfirliyində görüş və ya mitinq keçiriləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Almaniya hökuməti adından açıq şəkildə bildirirəm ki, belə bir şeyə əsla icazə verməyəcəyik. Bu suverenliyimizə ziddir. Türkiyə və Almaniya rəsmiləri arasında səfirliyin statusu və ərazisi mövzusundakı fikir ayrılığını təsəvvür belə edə bilmirik. Əgər səfirlik belə bir addım atsa, müdaxilə etməyə məcbur olacağıq".
Qeyd edək ki, iyulun 7-si və 8-də Hamburqda keçiriləcək olan "G-20" sammitində Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. O, iyulun 9-da Almaniyadakı türklərlə görüşmək istəyib, lakin Almaniyanın xarici işlər naziri Siqmar Qabriel açıq şəkildə mitinq üçün yer verməyəcəklərini bildirib.
917 dəfə oxundu