“Sürət Hüseynovun qurduğu dar ağaclarında kimlərin asılacağı bəlli idi”
“Bəzi YAP-dan olan deputatlar Əbülfəz Elçibəylə bağlı biraz fərqli düşünürlər. Onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə qərar çox vacibdir”.
“Ölkə.Az”-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib.
Q.Həsənquliyev deyib ki, mərhum Prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirib:
“Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy öz hörmətini və ehtiramını bildirib”.
Q.Həsənquliyev vurğulayıb ki, gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq:
“Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək. Mən keçən dəfə də çıxışımda dedim ki, biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Bunu ardan qaldırmaq üçün söylədiyim hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar”.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Qüdrət Həsənquliyevin çıxışına cavab verib.
S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası (YAP) hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır:
“Deputat həmkarım Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil. Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, seperatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu zamanda ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bugünkü və o zamanki hakimiyyətdə olan müxalifəti xilas etmiş oldu. Yəqin ki, Sürət Hüseynov tərəfindən Azadlıq meydanında dar ağacları qurulması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki ulu Öndər xalqın ən ağır vəziyyətində onların yanında olub”.
1099 dəfə oxundu