Seçkilər öncəsi partiyalar öz təbliğatını necə aparacaqlar - SORĞU

Seçkilər öncəsi partiyalar öz təbliğatını necə aparacaqlar -


Qarşıdan parlament seçkiləri gəlsə də, partiyalarda hələ heç bir əsaslı aktivlik müşahidə olunmur.

Ölkədə siyasi partiyalar parlament seçkilərinə necə hazırlaşırlar? Onlar təbliğat aksiyalarını necə keçirəcəklər?

Hafta.az-ın sorğusuna cavab verən partiya funksionerləri aşağıdakı fikirləri bildirdilər: Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, lider partiya seçkilərə əsaslı şəkildə hazırlaşır: “Hazırkı dövrdə yerli və rayon şəhər qərargahlarını yaradırıq. Bu seçki qərargahları bütün avadanlıqlarla təmin olunub. Hər dairə üzrə 10 nəfər imza toplayan şəxs müəyyənləşdirilir. Bu 10 nəfər bizim namizədlərimizin imzalarını toplayacaqlar, təxminən 1250 nəfərə yaxın insan bu prosesdə iştirak edəcək. Çıxarışlar hazırlamışıq ki, imza toplayan və imza yığan şəxslər öz hüquqlarını bilsinlər. Texniki məsələlərin həlli tam hazırdır, digər məsələlərin həllinə isə avqust ayının əvvəlində başlanılacaq”.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə təbliğat vasitəsi kimi daha çox televiziyalardan istifadə edəcəklərini bildirib: “Konkret seçki dairələrində görüşlərimiz olacaq. Televiziya və media quruluşları vasitəsilə təbliğata üstünlük verəcəyik. Bir də buroşurlar və bukletlər paylayaraq seçicinin dəstəyini qazanmağa çalışacağıq”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də seçkiyə hazırlaşdıqlarını, lakin təbliğata hələ başlamadıqlarını bildirib: “Seçkiyə hazırlaşırıq. Ancaq təbliğata avqustun ilk həftələrindən başlayacağımızı planlaşdırmışıq. Daxili toplantılarmız olur. Qərarlarımızı qəbul etdikdən sonra mətbuata bildirəcəyik”.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah bildirib ki, aksiya keçirilməsi lazımlıdır:

“Hazırda seçkilər çərçivəsində namizədlərin müəyyən edilməsi, daha çox sənədləşmə işləri zaman alır. Həm də yay fəslidir, Ramazan ayıdır. Üzvlərin çoxu rayonlardadır. Hər halda, Ramazanda üzvlərin səhhətini nəzərə almaq lazımdır. Ramazandan sonra aksiyalarla bağlı məsələlər müzakirə olunacaq. Seçki öncəsi kütləvi aksiyaların keçirilməsi mütləqdir”.
Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı isə bildirib ki, onların partiyası aksiya keçirməyi planlaşdırmır: “BAXCP namizədləri qeydə alınandan sonra rəsmi təbliğat və təşviqat işlərini təşkil edəcəyik. Bütün namizədlərimizin BAXCP tərəfindən irəli sürülməsi nəzərə çarpacaq. Partiyanın ayrıca reklam rolikinin olması da planımıza daxildir. Televiziyalar vasitəsilə həmin rolikin yayımlanması nəzərdə tutulub. Partiya rəhbərliyinin namizədləri görüşündə iştirak etmək və onların təblığatının təşkilində yaxından iştirak etmək məqsədi var. Həmçinin də partiya ümumi mitinq keçirmək fikri də ola bilər. Bu zamanında veriləcək qərardan asılı olacaq".

“Azadlıq-2015” seçki bloku isə hələ ki, aksiya ilə bağlı qərar verməyib. Bu barədə məlumatı Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib. Blokda isə KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, Azadlıq, AXP cəmləniblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...