“Azadlıq–2015” bloku ölkə başçısı ilə görüşmək istəyir
“Hazırda "Azadlıq-2015" seçki bloku parlament seçkilərinə hazırlıqlarını sürətlə davam etdirməkdədir”.
Bunu Hafta.az–a açıqlamasında blokun Sədrlər Şurasının üzvü Əli Əliyev deyib. Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin sözlərinə görə, aparılan işlər avqustda yekunlaşacaq: “Parlament seçkiləri ilə bağlı hazırlıqlarımız davam edir. Namizədlərimizin müəyyənləşdirməsi prosesi gedir. Bundan başqa, parlament seçkilərinə hansı şüarlarla gedəcəyimizi müəyyənləşdirməkdəyik. Şüarlar hələlik toplanıb, yekunda hansı devizlə gedəcəyimizi açıqlayacağıq. Mitinq keçirmək planlarımız da gündəmdədir. Yəqin ki, bütün bunlar avqust ayının ikinci həftəsindən sonra açıqlanacaq. Ümumiyyətlə isə hər həftə toplantılarımız olur”.
Əli Əliyev “Azadlıq–2015”in son toplantısında hakimiyyətlə Qarabağ məsələsinin müzakirəsi və bununla bağlı ölkə başçısı ilə görüşün təmin edilməsi ilə bağlı təklifə də münasibət bildirib:
“Qarabağ məsələsi getdikcə beynəlxalq ictimai rəydə öz aktuallığını artırmaqdadır. Bu yöndə müəyyən polemikalar aparılır. Rusiyanın Ermənistana 200 milyon dollarlıq təhlükəli silahlarla təchizi haqqında məlumatlar yayılıb. Hakimiyyətlə aparılan dialoqun tərəfi olaraq təklifimiz ondan ibarət olub ki, növbəti görüşümüzün müzakirəsi Qarabağ məsələsi olsun. Həm də ölkə başçısının həmin görüşdə iştirakının təmin edilməsini bildirmişik. Bloq çərçivəsində belə bir təklifimiz olub. Görüşlərin zamanı yetişəndə biz öz təmaslarımızı sürdürəcəyik. Görüşlərin təxmini vaxtına hələ bir həftə qalır. Üzümüzə gələn həftə keçiriləcək görüşün mövzusu ilə bağlı rəsmi qaydada təklif irəli sürəcəyik”.
1153 dəfə oxundu